BolgeXeber.Com » Siyasət » Cəmil Həsənli Gülər Əhmədovanın cavabını verdi

Cəmil Həsənli Gülər Əhmədovanın cavabını verdi

22-10-2013, 09:10
Oxunub: 3 627 “Adımı çəkməklə iqtidara mesaj verib ki, bu şəraitdə belə əhəmiyyətini itirməyib, onlara gərəkli ola bilər”
“Gülər Əhmədovanın məhkəməsində iştirak etmək fikrim yoxdur. Əvvəlcə məhkəməyə özü ilə bağlı məsələləri sübut etsin, sonra bizə nəyisə sübut etməkdən danışsın. Sadəcə, Gülər Əhmədova məhkəmədə özünü müdafiə etmək yerinə mənimlə bağlı danışıb ki, hakimiyyətə gərəkli olduğunu nümayiş etdirsin. İqtidara mesaj verib ki, hətta həbsdə olduğu vaxtda, bu şəraitdə belə əhəmiyyətliliyini itirməyib, onlara gərəkli ola bilər”.
Bu sözləri “Yeni Müsavat”a Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli məhbus, sabiq deputat Gülər Əhmədovanın məhkəmədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən dedi. C.Həsənli qeyd etdi ki, parlamentin üzvü olduğu dövrdə G.Əhmədova ilə xüsusi bir münasibəti olmayıb: “Sadəcə Milli Məclisdə üz-üzə gələndə salamlaşmışıq. Onunla ayrıca bir həmkar dostluğumuz olmayıb”.

C.Həsənli bildirdi ki, ortada videogörüntülər, cinayət işi var: “Onun ”mandat alveri" ilə məşğul olması barədə video görüntülər, səs yazısı var. Adam hazırda buna görə, həbsdədir. Gülər Əhmədova mənə qarşı ittihamlar səsləndirməklə azadlığa çıxmaq istəyir".

Qeyd edək ki, dələduzluqda ittiham olunan sabiq deputat G.Əhmədova oktyabrın 21-də keçirilən məhkəmədə C.Həsənlinin ünvanına bir sıra ittihamlar səsləndirib:

“Özünü siyasətçi adlandıranlar həbsdə olmağımdan istifadə edərək haqqımda müxtəlif fikirlər səsləndirirlər. 10 ay həbsdə yatdığım dövrdə çox əziyyət çəkmişəm. Ən çox da prezident seçkiləri ərəfəsində əziyyət çəkdim. Özünü siyasətçi adlandıran Cəmil Həsənli hansı haqla mənim arxamca arvad kimi danışır?

Cəmil Həsənli mandat alverindən dəm vurur. Amma o özü də deputat olub. O və ətrafında oturanlar mandatı pulla alıblar ki, 9 milyonluq xalqın qarşısında mənim haqqımda bu cür fikirlər səsləndirir?

Cəmil Həsənli bilsin ki, parlamentdə korrupsiya məsələləri üzrə komissiyada təmsil olunub. O dövrdə Elşad Abdullayev Bakıda at oynadırdı. Amma komissiyanın üzvü kimi Cəmil Həsənli həmin məsələlərə münasibət bildirməyib. Cəmil Həsənli məni 9 milyonluq xalqın qarşısında biabır edib, “mandat alverçisi” adlandırıb. Tələb edirəm ki, növbəti məhkəmə iclasında ABŞ səfirliyindən, ATƏT-dən nümayəndələr, eləcə də Cəmil Həsənli iştirak etsinlər".