BolgeXeber.Com » Siyasət » Misir Mərdanovun qohumu həbs edildi

Misir Mərdanovun qohumu həbs edildi

31-07-2011, 12:10
Oxunub: 5 216 Təhsil naziri Misir Mərdanovun xalası oğlu həbs edilib.

Bolgexeber.com “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, nazirin xalası oğlunun həbsi Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsindəki korrupsiya faktları ilə bağlıdır. Misir Mərdanovun xalası oğlu Allehverdi Dəmirov bu idarənin rəisidir. Korrupsiya faktları Respublika Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar zamanı üzə çıxıb.

Məlumatlara görə, korrupsiya faktlarının aşkar edilməsinə görə bundan sonra Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsi tikinti-təmir işlərilə məşğul ola bilməyəcək. Baş Prokurorluq bu yaxınlarda məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmaların nəticəsi barədə rəsmi məlumat açıqlayıb. Bildirilib ki, Baş prokurorluq və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəblərin əsaslı tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilib. Müəyyən edilib ki, tikintisinin smeta dəyəri 341 min 965 manat olan 85 saylı məktəbdə “Azərbərpa” MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35 min 261 manat şişirdilib, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti mənimsənilib.

849 min 821 manat smeta dəyəri olan 123 saylı məktəbdə “Ramil” müəssisəsinin vəzifəli və maddi şəxsləri tərəfindən iş həcminin 50.359 manat şişirdildiyi, 28 min 793 manat məbləğində işin isə ümumiyyətlə görülməyərək dövlət əmlakının mənimsənildiyi aşkar edilib.

“Layihə-smeta sənədlərindən kənarlaşmalara, keyfiyyətsiz işlər görülməsinə və bu kimi digər qanun pozuntularına baxmayaraq, qeyd olunan məktəb binaları Təhsil Nazirliyinin müvafiq komissiyası tərəfindən qəbul olunmaqla istismara verilib”, - deyə Baş Prokurorluq bildirib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən qeyd olunan məktəblərdə əsaslı tikinti işlərini həyata keçirmiş “Azərbərpa”MMC və “Ramil” firmasının vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda özgə əmlakını mənimsəməyə görə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə bağlı cinayət işi başlanıb.

Allahverdi Dəmirovdan əvvəl Təhsil Nazirliyinin başqa bir əməkdaşı - Orxan Kərimov da rüşvət faktına görə həbs edilmişdi.