BolgeXeber.Com » Bölgə » Neftçalada köhnə avtovağzalın yeri uğrunda savaş başlayıb

Neftçalada köhnə avtovağzalın yeri uğrunda savaş başlayıb

7-02-2014, 09:20
Oxunub: 3 520 İcra başçısı İsmayıl Vəliyevin qeyri-qanuni əməlləri böyük səs-küy qopara bilər

Pənah Kərimovun özəl mülkünə fantastik qiymət qoyulub.Neftçala rayonu bu gün özünün tənəzzül dövrünü yaşayır, sakinlər məmur özbaşınalıqlarından əziyyət çəkir və yaşayış səviyyəsi aşağıdır desək, yəqin ki, fikrimizdə yanılmarıq. Etiraf etmək lazımdır ki, rayon 2011-ci ildən etibarən inkişafdan qalıb. Ayrı-ayrı sahələrdə vətəndaşları narahat edən ciddi problemlər əmələ gəlib. Müxtəlif idarə və təşkilatlarda çalışan rəhbər işçilər əhaliyə qarşı xoşagəlməz rəftar sərgiləyərək onların hüquqlarını pozurlar.

Rayonda acınacaqlı durumun yaşanmasında icra başçısı İsmayıl Vəliyevin «rolu» çox böyükdür. Prezidentin sərəncamı ilə üç il əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilən şəxs qarşıya qoyulan tapşırıqların demək olar ki, heç birinə əməl etmir. Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılan iri maliyyə vəsaitləri təyinatı üzrə istifadə olunmur. Başçı özünə yaxın olan tikinti şirkətlərini müxtəlif təmir-bərpa işlərinin həyata keçirilməsi üçün elan etdiyi tenderlərdə qalib çıxararaq büdcə vəsaitlərini göyə sovurur. Vurğulayaq ki, İsmayıl Vəliyevin Neftçalaya gəlişindən sonra prezident bir neçə dəfə rayona maliyyə vəsaitlərinin ayrılması üçün göstərişlər verib.

Rayondan gələn xəbərlər isə göstərir ki, Neftçalada son illər ərzində geniş abadlıq-quruculuq işləri aparılmayıb. Yerli sahibkarlar öz imkanları hesabına rayonun mərkəzində və bəzi kəndlərdə xeyriyyəçilik tədbirlərinə imza atıblar. İş adamları sakinlərin qaz, işıq və su ilə bağlı problemlərinin bir hissəsini yoluna qoyublar. Bərbad halda olan mərkəzi və kəndarası yolları təmir ediblər. Rayon İcra Hakimiyyətinin nümayəndələri isə əhalinin sosial rifahının yaxşılaşdırılmasından ötrü heç bir iş görməyiblər. Etibarlı mənbələrdən aldığımız son məlumatlara görə, icra başçısı və onun ətrafında cəm olan bəzi idarələrin rəhbərləri əlbir olaraq bir sıra özbaşınalıqlara imza atırlar. Mətləbə keçid almazdan öncə xatırladaq ki, bir neçə ay əvvəl icra hakiminin göstərişi ilə Neftçala Avtovağzalının yeri dəyişdirilib.

Pənah Kərimovun sədri olduğu «Neftçala Avtovağzalı» MMC-nin işinə kənar müdaxilələr olunub. Heç bir əsas olmadan avtovağzalın fəaliyyətinə xitam verilib. Sakinlər bunun səbəbini RİH nümayəndələrindən soruşanda «başçının əmri var vəssalam», deyə cavab eşidiblər. Bu haqda dərc etdiyimiz məqalələrdən birində bildirmişdik ki, rayonda fəaliyyət göstərən bir sıra vəzifəli şəxs arasında avtovağzalın köhnə yerini ələ keçirmək uğrunda amansız mübarizə başlayıb. Mənbənin sözlərinə görə, mübarizə getdikcə qızışır: «İcra başçısı avtovağzalın yerləşdiyi ərazinin yerli məmurlardan birinə qismət olacağına söz verib. Həmin sahə qanunla, sənədlə Pənah Kərimova məxsusdur. Amma İsmayıl Vəliyev üçün sanki qanun anlayışı yoxdur.

Bu adam şəxsi maraqlarını çox şeydən üstün tutur. Başçı qeyri-qanuni şəkildə avtovağzalın yerini dəyişdirdi. İndi də köhnə avtovağzalın ərazisini satmaq niyyətinə düşüb. Buranı almağa ən real namizəd Rayon İcra Hakimiyyətinin Şurasına daxil olan bir nəfər göstərilir. Mənə məlum olan xəbərə görə, icra hakimi həmin şəxslə çox yaxındır. Ərazini almaq istəyini başçıya bildirən şəxs ondan müsbət cavab eşidib. Təxminən yarım hektar olan ərazinin fantastik məbləğ qarşılığında satılacağı deyilir. Bura göz tikən şəxs həmin yerdə böyük mebel fabriki və icra başçısı ilə şərikli obyektlər tikdirməyi planlaşdırır». Qaynağımız iddia edir ki, icra başçısı bu işə qol qoysa, Neftçalada böyük səs-küy qopacaq:

«Çünki köhnə avtovağzalın ərazisi «Neftçala Avtovağzalı» MMC-nin sədri Pənah Kərimov tərəfindən özəlləşdirilib. MMC rəhbəri həm rayonun başçısına, həm də əraziyə göz tikən idarə müdirinə bildirib ki, bu yerin onlar tərəfindən zəbt edilməsinə imkan verməyəcək. Gərəkərsə özünə od vurub yandıracaq, amma özəl mülkündən əl çəkməyəcək». Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək istəsək də, bütün cəhdlərimiz uğursuz alındı. İcra başçısı İsmayıl Vəliyevin də mövqeyini işıqlandıra bilərik.

«Gündəlik Bakı»