BolgeXeber.Com » Bölgə » Elmar Vəliyev Yadigar Əliyevi necə rektor gətirib?-YENİLƏNİB

Elmar Vəliyev Yadigar Əliyevi necə rektor gətirib?-YENİLƏNİB

8-02-2014, 16:20
Oxunub: 3 205 İcra başçısının hakimiyyəti aldatdığı iddia edilir, GDU-nun keçmiş rektorunun elmi dərəcəsi bu posta təyinat almağa imkan vermədiyi deyilir

Son vaxtlar Gəncə Dövlət Universitetinin sabiq rektoru Yadigar Əliyevlə bağlı bir sıra məlumatlar yayılmaqdadır. Onun işdən çıxarılmasının konkret səbəbləri göstərilməsə də, hadisənin kifayət qədər ilginc tərəflərinin olduğu məlumdur.

Bolgexeber.com xəbər verir ki, Gəncənin icra başçısı Elmar Vəliyevlə çox yaxın münasibətləri olan Əliyevin vəzifə başına gətirilməsinin sirri açıldıqdan sonra onun rektorluqdan çıxarılması reallaşıb. Bu barədə bizə məlumat verən mənbənin iddiasına görə, icra başçısı hakimiyyət dairələri qarşısında öhdəlik götürərək, Əliyevi rektor gətirməyə nail olub. Hərçənd onun rektor olması üçün elmi dərəcəsi belə çatmayıb. Mənbə iddia edir ki, GDU-nun sabiq rektoru vəzifə başına keçdiyi dövrdə professor elmi dərəcəsinə sahib olmayıb. Onun müdafiə etdiyi elmi iş isə Azərbaycan Milli Elmlər Akademiyasında müzakirə mövzusu olub.

Qaynaq bildirir ki, elmlər doktorluğuna namizəd olan Yadigar Əliyevin bu səbəbdən də rektor olması mümkün deyilmiş. Lakin Gəncənin icra başçısı Elmar Vəliyev məsələni keçmiş təhsil naziri Misir Mərdanovla müzakirə edərək, bu problemi bir şəkildə çözüblər. Ardından isə onun GDU-ya rektor gətirilməsini təmin ediblər. Əliyev rektor təyin olunandan sonra ona professor elmi dərəcəsi alınıb ki, məsələnin də üstü yeni təhsil naziri Mikayıl Cabbarov tərəfindən açılıb. Və yuxarı dairələrə bu barədə məlumat verilib.

Bolgexeber.com-a məlumat verən qaynağın iddiasına görə, hakimiyyət dairələrini aldatdığına görə, Elmar Vəliyev ciddi şəkildə tənbeh olunub. Və ona xəbərdarlıq edilib ki, növbəti dəfə bu cür hərəkəti qeydə alınarsa, qeyri-şərtsiz işdən azad olunmaqla yanaşı, həm də haqqında çox ciddi tədbirlər görüləcək. O da vurğulanır ki, bu hadisənin üzərinin açılmasından sonra icra başçısı çox ciddi stress keçirib və bir müddət müalicə almaq məcburiyyətində qalıb.

**

Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı Gəncə Şəhər İcra hakimiyyətinin sözçüsü Kənan Məmmədov Bolgexeber.com -a açıqlama verib. O bildirib ki, yazıda sadalanan fikirlərin heç biri həqiqət deyil. «Gəncə Dövlət Universitetinin keçmiş rektoru Yadigar Əliyev Prezident İlham Əliyevin 15 fevral 2013-cü il tarixli 27-28№-li sərəncamına əsasən, təhsil nazirinin 18 fevral 2013-cü il tarixli 11-16/8 saylı əmri ilə rektor təyin edilib. O ki, qaldı Yadigar Əliyevin vəzifədən uzaqlaşdırılması məsələsinə, bir müddət öncə o, səhhətindəki narahatçılıq səbəbindən öz ərizəsi əsasında işdən ayrıldığını açıqlamışdı. Həmin ərizənin mətni də saytlarda dərc olunmuşdu. Hazırda isə Gəncə Dövlət Universitetinin professoru kimi elmi və pedaqoji fəaliyyətini davam etdirir. Bunun nə Gəncənin icra başçısı Elmar Vəliyevlə, nə də elmi dərəcə ilə heç bir əlaqəsi yoxdur».