BolgeXeber.Com » Bölgə » Zərdabdakı Uşaq Əyləncə Mərkəzi satılıb? – FOTOLAR

Zərdabdakı Uşaq Əyləncə Mərkəzi satılıb? – FOTOLAR

10-02-2014, 14:25
Oxunub: 3 872 Zərdab şəhərində Uşaq Əyləncə Mərkəzi satışa çıxarılıb.

Bundan narahat olan rayon sakinləri AzNews.az-a məktub ünvanlayıb. Sakinlərin bildirdiyinə görə, Mərkəz Zərdab şəhər icra nümayəndəsi tərəfindən qanunsuz olaraq ələ keçirilir:

“Neçə illər bundan öncə Zərdab şəhəri, Azərbaycan küçəsində uşaq bağçası üçün bina tikilirdi. 2005-ci ildə həmin yarımçıq bina sökülərək, onun yerində Uşaq Əyləncə Mərkəzi salındı. Bu mərkəz 2009-cu ilə qədər fəaliyyət göstərdi. Amma 2009-cu ilin martında Mərkəz satışa çıxardılar.

Lakin şəhər sakinlərinin ölkə prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Ombudsaman və Respublikanın Baş Prokurorluğuna müraciətləri nəticəsində Uşaq Əyləncə Mərkəzinin satılmasının qarşısı alınıb.

Lakin 2009-cu ilin sentyabrında Uşaq Əyləncə Mərkəzinin yenidən satılmasına cəhd edildi və bu dəfə də şəhər sakinlərinin yuxarıda göstərilən ünvanlara kütləvi etiraz ərizələri göndərmələri nəticəsində bu qanunsuzluğun qarşısını almaq mümkün oldu”.

Məktubda o da qeyd olunub ki, 4 ildir Mərkəzin əmlakı talanır, qapılarından isə yekə qıfıl asılıb:

“İndi hara gedirsən Zərdab da aparılan abadlıq-quruculuq işindən danışırlar. Hansı abadlıq-quruculuqdan söhbət gedə bilər ki, Uşaq Əyləncə Mərkəzinin ağzı qıfıllanıb, bərbad şəklə salınıb. Son zamanlar isə Mərkəzin şəhər icra nümayəndəsi tərəfindən alındığı barədə şəhərdə məlumatlar gəzir”.

Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov isə AzNews.az-a bildirib ki, sözü gedən Mərkəz Əmək Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır:

“Əvvəllər Mərkəzin ərazisində bağça tikmək istəyiblər. Lakin bu Komitənin balansında olduğundan iş dayandırılıb. Mərkəzin satılması ilə də bağlı yayılan məlumatlar yalandır. Biz bunu araşdırmışıq və hələlik Mərkəz Əmlak Komitəsi tərəfindən satışa çıxarılmayıb. Əgər satışa çıxarılsa belə biz heç nə edə bilmərik”.

A.Səfərov vurğulayıb ki, Mərkəzin şəhər icra nümayəndəsi tərəfindən özəlləşdirilməsi ilə bağlı deyilən məlumat da həqiqətə uyğun deyil:

“Bir neçə ildir ki, bu söhbət gedir və biz də hər zaman bu cür məlumatların yalan olduğunu qeyd etmişik. Ümumiyyətlə, Zərdabda bir neçə bu cür obyekt var və satışa çıxarılaraq sahibkarlar tərəfindən özəlləşdirilib. Bu yaxınlarda Zərdab rayonunda Əmlak Komitəsinin balansında olan köhnə incəsənət məktəbi tenderə çıxarılaraq, bir sahibkar tərəfindən alınıb”.
Bolgexeber.com