BolgeXeber.Com » Bölgə » Zaqataladakı kollecdə 25 min manat qalmaqalı

Zaqataladakı kollecdə 25 min manat qalmaqalı

13-02-2014, 12:50
Oxunub: 3 346 Həzrət Qocayevin rəhbəri olduğu Dövlət İdarəetmə və Texnologiya Kollecinə ayrılmış pulların hara xərclənməsi mübahisə yaradıb

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə ötən il ayrılmış 25 min manat pulla bağlı mübahisəli vəziyyət yaranıb. Verilən məlumata görə, Həzrət Qocayevin rəhbəri olduğu təhsil ocağına bu pulların bir sıra məqsədlər üçün ayrıldığı rəsmi sənədlərdə göstərilsə də, onun xərclənməsi ilə bağlı vəziyyət tamam başqa bir görüntü yaratmaqdadır.

Məlumatlarda vurğulanır ki, həmin vəsaitin təyinatı üzrə xərclənmədiyindən şübhələnən Zaqatala İcra Hakimiyyəti məsələni aydınlaşdırmaq üçün kollecin müdiri ilə bir neçə dəfə görüş keçirib. Lakin Həzrət Qocayev hər dəfəsində «çulunu sudan çıxarmağı» bacarıb. Di gəl, İcra Hakimiyyəti ortada həmin məbləğin yarıdan çoxunun mənimsənildiyindən şübhəlidir.

Məlumat verən mənbə iddia edir ki, burada İcra Hakimiyyəti heç də canyananlıq eləmək fikrində deyil. Yəni, Zaqatala rəhbərliyi ortada yeyildiyi deyilən pulun bir qisminin onlardan gizlədildiyini düşünürlər və bu səbəbdən də kolleci müdirinin «pişiyini ağaca dırmaşdırmağa» çalışırlar.

Bəs, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə ayrılmış həmin pullar haralara xərclənib? Əslində, əlimizdə olan məlumatlar sadəcə rəsmi sənədlərdir və onların düzülüb-qoşulmuş bir şey olduğu da istisna edilmir.

Qeyd edək ki, Həzrət Qocayevin rəhbəri olduğu kollecə ötən il təkcə digər maşın və avadanlıqların satın alınması üçün 4000 manat vəsait ayrılıb. Amma bu maşın və avadanlıqları kollecdə görən belə yoxdur. Hətta bununla bağlı müraciət etdiyimiz bəziləri də təəccüblə qeyd ediblər ki, son 5-6 ildə sözügedən təhsil ocağına heç nə alınmayıb.

Sair xərclər üçün ayrılmış 3000 manatın da aqibətindən xəbər yoxdur. Bununla bəzi vəsaitlərin alınması nəzərdə tutulsa da, həmin pulların kollecin direktorunun başqa işlərə sərf etdiyi söhbəti dolaşır. Eyni aqibətlə avadanlıqların satın alınması üçün ayrılmış 3000 manat da üzləşib.

Bundan başqa, kollecə bərk inventarların satın alınması üçün də 4000 manat ayürılıb. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə yumşaq inventarların satın alınması üçün nəzərdə tutulmuş 3000 manata deyilənlər alınıb. Amma onların hamısı Həzrət Qocayevin şəxsi kabinetini bəzəmək üçün nəzərdə tutulub.

Bildirək ki, bunlardan əlavə kollecə cari təmir işlərinin satın alınması üçün nəzərdə tutulmuş 4000 manatın, idarənin digər xərcləri üçün nəzərdə tutulmuş 2000 manatın, həmçinin dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üçün nəzərdə tutulan 3000 manatın da aqibətinə hələ ki, aydınlıq gətirilməyib. Bundan sonra da gətiriləcəyi inandırıcı deyil.

Ən maraqlı məsələ isə kommunal və kommunikasiya xidmətlərinin satın alınması üçün nəzərdə tutulmuş 2000 manatın hara xərclənməsi ilə bağlıdır. JAM.AZ-a verilən məlumatlarda deyilir ki, Həzrət Qocayev bu pulları banka ödəməli olmalı halda, onun yalnız yarsını köçürüb. Elə buna görədir ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində dərs saatları işıqların sönməsi adi hala çevrilib. Gecələr isə bu təhsil ocağında bir ədəd lapma yanır ki, onun da qarovulçunun otağında neft lampası olduğu deyilir.