BolgeXeber.Com » Bölgə » Kürdəmirdə Əhməd Əhmədzadənin kadrına qarşı şok ittiham

Kürdəmirdə Əhməd Əhmədzadənin kadrına qarşı şok ittiham

14-02-2014, 05:40
Oxunub: 4 137 Həmid Abbasov köhnə texnikanı idarənin həyətinə gətirərək, onları rənglətdirir ki, sabah komissiya gəldikdə çətin vəziyyətə düşməsin

İki oğlunu əsgərlikdən saxlatdıran və rayonda 150 min manatlıq obyekt tikdirən Həmid Abbasov Talıb Məmmədovun postuna gətirilir

Ötən günlərdə Kürdəmirdə baş verən bəzi olaylarla bağlı məlumat vermişdik. Bildirmişdik ki, rayondakı Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədov rəhbərlik etdiyi sahəni sıradan çıxarmaq üzrədir. İdarənin texnikasından şəxsi əmlakı kimi istifadə edən bu şəxsin böyük imkanlara sahib olduğunu da vurğulamışdıq.

Qeyd edək ki, Talıb Məmmədovla bağlı verilən bir başqa məlumatda isə vurğulanırdı ki, 68 yaşlı idarə müdiri postunda qalmaq üçün 80 min manat pul verib. Bunun nə dərəcədə real bir hadisə olduğunu isə bilmək xeyli çətindir.

Lakin daxil olan son məlumatlardan belə başa düşülür ki, Talıb Məmmədov yaxın vaxtlarda işdən çıxarılacaq. Mənbənin bildirdiyinə görə, onun yerinə isə bir zamanlar müavini olan, daha sonra isə şərikinə çevrilən, hazırda Mollakənd Mexaniki Suvarma İdarəsinin müdiri Həmid Abbasov təyinat alacaq.

Bununla bağlı qeyd edilir ki, Həmid Abbasov bir zamanlar Talıb Məmmədovla həddindən artıq yaxın olublar. Sonradan tərəflərin arası dəysə də, Abbasov Məmmədovla şəriklikdən imtina etməyib. Qısa müddət ərzində böyük imkanlar sahibi olan Həmid Abbasov isə artıq işini böyüdərək, keçmiş müdirinin yerinə keçməyi qarşısına məqsəd qoyub və istəyinə də çatıb.

Məlumatlarda deyilir ki, Həmid Abbasov iki gün öncə Bakıya çağrılıb və onunla bir xeyli söhbətlər aparılıb. Eyni zamanda, əlindəki maddi imkanı və yaxınlarının tapşırığı sayəsində onun artıq Kürdəmir Suvarma Sistemlərinin müdiri postuna təyinat aldığı deyilir. Bu qərarın isə yaxın günlərdə açıqlanacağı gözlənilir.

Həmid Abbasov Kürdəmirdə heç də zəif fiqur və kasıb adam sayılmır. Bir zamanlar Talıb Məmmədovla birlikdə idarəni özlərinə qazanc yerinə çevirmişdilərsə, Mollakəndə getdikdən sonra bunu təkbaşına etməyə başlayıb. Ayda 250 manat əmək haqqı alan Abbasovun hansı imkana sahib olmasını bilmək isə elə də çətin deyil. Çünki onun Kürdəmirdəki stadionun yaxınlığında özünə 150 min manatlıq obyekt inşa etdirdiyini bilməyən yoxdur.

Onun güclü olmasını təsdiq edən bir başqa məlum isə iki oğlunun olmasına rəğmən, heç birini hərbi xidmətə yollamamasıdır. Məlumatlarda deyilir ki, idarə rəisi oğlanlarının işini hərbi komissarlıq vasitəsi ilə yoluna qoyaraq, problemi çözüb.

Onun çözmək istədiyi bir başqa problem isə rəhbərlik etdiyi idarəyə gələcək yoxlamanı yola salmasından ibarətdir. Mollakənd Mexanikləşdirilmiş Suvarma İdarəsində təhvil-təslimlə əlaqədar aparılacaq yoxlama zamanı indiyə qədər idarəyə alınmış texnikanı nümayiş etdirmək lazımdır. Lakin ortada nə texnika var, nə də büdcə vəsaiti. Ona görə də, Həmid Abbasov köhnə texnikanı idarənin həyətinə gətirərək, onları rənglətdirir ki, sabah komissiya gəldikdə çətin vəziyyətə düşməsin.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.