BolgeXeber.Com » Bölgə » Şamaxıda Anar Abbasov kolleci öz şəxsi bazarı kimi idarə edir

Şamaxıda Anar Abbasov kolleci öz şəxsi bazarı kimi idarə edir

17-02-2014, 09:50
Oxunub: 5 454 Şamaxı Sənaye İqtisad Kollecində rüşvətxorluq pik həddinə çatıb

Qaynarxett.com – un elektron poçtuna Şamaxı Dövlət Sənaye İqtisad Kollecində baş verən çoxsaylı qanun pozuntularından bəhs edən tənqidi material daxil olunmuşdu. Məlumatda iddia olunur ki, direktor Anar Abbasov kollecdə rüşvətxorluq və digər korrupsiya əməllərini pik həddə çatdırmışdır. Belə ki, sessiya imtahanları dövründə Şamaxı Dövlət Sənaye İqtisad Kollecində rüşvət yığımlarının şiddəti xüsusilə artıb. Bildirilir ki, kollecdə sessiya ərzində 350 tələbə, ümumilikdə 130 fənn üzrə imtahan verir. Hər imtahanın “qiyməti” isə Anar müəllim tərəfindən 50 manat məbləğində müəyyənləşdirilib. Həmçinin kollecdə “imtiyazlı tələbələr” məvhumu da yaranıb ki , bu da ciddi problemə çevrilib. Məsələ bundadır ki, bəzi imkanlı tələbələrə kollecin direktoru tərəfindən verilən bu “imtiyazlar” birbaşa müəssisədə dərsə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Belə ki, həmin tələbələr A.Abbasov tərəfindən təyin olunan aylıq ödənişləri həyata keçirməklə dərslərə gəlməkdən azad olunurlar. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, kollecdə aparılan yoxlamalar nəticəsində bu faktlar da öz təsdiqini tapıb. Müəyyən olunub ki, 350 tələbədən 138-i Anar müəllimə verdikləri 200 manat müqabilində dediyimiz həmin imtiyazlara sahib olublar. Amma nədənsə istər Maliyyə Nazirliyinin, istərsə də Şamaxı Rayon İcra Hakimiyyətinin bu təhsil müəssisəsində apardığı yoxlamalar yenə də nəticəsiz qalıb. Halbuki kollecdə aşkar olunan qanun pozuntuları kifayət qədər ciddi məqamları əhatə etmişdir. Belə ki, keçən ilki yoxlama zamanı Şamaxı Dövlət Sənaye İqtisad Kollecinin ştat cədvəlində ən az 9 nəfərdən ibarət “ölü canlar”ın saxlandığı müəyyən edilib ki, bunlardan da üç nəfərin fəhlə, digərlərinin isə dalandar, komendant, xadimə, gözətçi, istehsalat təlim ustası və sürücü olduğu bildirilir. Bu “işçilərin” maaş kartları isə direktorda olduğu deyilir. Yoxlama zamanı həmçinin saxta diplomlarla bağlı maraqlı faktlar aşkar olunub. Məlum olub ki, bir neçə il əvvəl kollecdən qovulmuş bir nəfərə “Mühasibat uçotu” fakultəsinin diplomu, digər birinə isə imtahan qiymətlərinin yol vermədiyi halda “Yol hərəkətinin təşkili” fakultəsinin fərqlənmə diplomu təqdim olunub. Daha bir maraqlı fakt da bundan ibarətdir ki, kollec direktorunun bir qohumu Gəncə Aqrar Universitetinin əyani şöbəsinin tələbəsi olduğu halda, Anar Abbasov onu sürücü kimi işə qəbul etmiş və bu vəziyyət 8 ay müddətində davam etmişdir. Hətta onun adına əməkhaqqı yazıldığı da yoxlama nəticəsində aşkarlanmışdır. Lakin mənbə bunu da qeyd edir ki, Anar Abbasovu öz qohumunu təhsildən ayıraraq sürücü kimi işə götürməyə sövq edən ciddi səbəblər olmuşdur. Belə ki, Şamaxı Dövlət Sənaye İqtisad Kollecində həyata keçirilən bütün pul yığımlarını məhz direktorun sürücüsü reallaşdırır. Buna görə də Anar Abbasovun həmin vəzifəni yalnız güvəndiyi şəxsə etibar edə bilməsi anlaşılandır. Anlaşılan olmayan isə törətdiyi qanun pozuntularına dair bu qədər faktın aşkarlandığı kollec direktorunun hansı əsasla hələ də öz vəzifəsindən alınmamasıdır...
Ardı var...
Qarşı tərəfin də möveyin dərc etməyə hazırıq.
Bolgexeber.com