BolgeXeber.Com » Bölgə » Neftçaladakı avtovağzal davası böyüyür

Neftçaladakı avtovağzal davası böyüyür

21-02-2014, 05:30
Oxunub: 3 021 Pənah Kərimov: “Avtovağzalımızı qanunsuz olaraq bazara köçürüblər”
“Neftçala şəhərində 1986-cı ildə avtovağzal tikilib istifadəyə verilib. 2002-ci ildə ölkədə aparılan özəlləşdirmə proqramına əsasən avtovağzal özəlləşdirildi və mən ”Neftçala-Avtovağzalı" MMC-nin təsisçi və direktoru olaraq avtovağzal kompleksinin təyinatını dəyişmədən fəaliyyətimi davam etdirdim. Ancaq 2013-cü il oktyabrın 30-da Nəqliyyat Departamentinin Cəlilabad regional şöbəsi heç bir əsas olmadan avtovağzalın fəaliyyətini dayandırdı".

Bu sözləri redaksiyamıza gələn Neftçala rayon sakini Pənah Kərimov deyib. P.Kərimov Neftçala avtovağzalının daim vəzifəli şəxslərin bürokratik təzyiqlərinə məruz qaldığını bildirir: “Avtovağzalda sərnişin yığan avtobus və mikroavtobusların sürücülərinə polis vasitəsilə təzyiq göstərilərək onlardan rayonun Heydər Əliyev prospektində 3 ilə yaxındır ki, inşası davam etdirilən bazara yığışmalarını tələb etdilər. Mən bu barədə 102 xidmətinə müraciət etdikdən sonra polis avtovağzaldan uzaqlaşdı. Bu dəfə isə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Cəlilabad Regional Şöbəsinin məsləhətçisi Ramal Əsgərov sürücülərə hədə-qorxu gələrək bazara yığışmalarını tələb etdi. 30 oktyabr 2013-cü il tarixindən sonra demək olar ki, ”Neftçala-Avtovağzalı "MMC-nin fəaliyyəti qanunsuz olaraq dayandırılıb. İndi tikilməkdə olan bazarın yarım tikililərinə sığışdırılan avtovağzalı avtovağzaldan başqa hər şey adlandırmaq olar. Bu məkan avtovağzal üçün əlverişli deyil. Bu cür etməklə Neftçala Avtonəqliyyat İdarəsinin müdiri Hacıbaba Rəcəbov, Cəlilabad Regional Şöbəsinin rəisi Namiq Kərimov prezidentin sərəncamına qarşı çıxır. Hər iki instansiyadan bizə bildirirlər ki, avtovağzalın yerinin dəyişməsi Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin tələbi ilə olub. Məsələ ilə bağlı İsmayıl Vəliyevə müraciət edəndə isə o bildirdi ki, Nəqliyyat Nazirliyinin DANX rəisi Çingiz Baxşıyev göstəriş verəcəyi təqdirdə avtovağzalı öz yerinə köçürəcək".

Şikayətçi hazırda Ç. Baxşıyevin işdən çıxarıldığını və onun yerinə Hüseyn Salamovun təyin edildiyini bildirdi. O, H.Salamovun bu istiqamətdə yenilik etməyə çalışdığını da vurğuladı.
Şikayətçi məsələ ilə bağlı prezidentə və digər aidiyyəti qurumlara müraciət etdiyini, lakin müsbət bir nəticə əldə olunmadığını bildirdi.

Məsələ ilə bağlı ittihamlarda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.