BolgeXeber.Com » Bölgə » Gədəbəydə sosial narazılıqlar pik həddə çatıb

Gədəbəydə sosial narazılıqlar pik həddə çatıb

3-03-2014, 09:15
Oxunub: 3 404 İcra başçısı Ramiz Yediyarovun zülmü əhalini təngə gətirib

Rayon rəhbəri abadlıq-quruculuq işlərinə yerli sahibkarları və idarə müdirlərini cəlb edir.Gədəbəy sakinləri 2012-ci ildən bu yana rahatlığın və problemsiz yaşayışın nə olduğunu bilmirlər. Rayon İcra Hakimiyyəti (RİH) başçısının dəyişdirilməsi gədəbəylilərin sosial rifahını xeyli aşağı salıb. Karyerası ərzində bir neçə vəzifədə, əsasən də vergi orqanlarında işləyən Ramiz Yediyarov prezidentin ona göstərdiyi etimadı doğrulda bilməyib. Köhnə icra hakiminin vaxtında problemlər az olsa da, indiki başçı vətəndaşlara göz açmağa imkan vermir. Son iki ildir rayon camaatı müxtəlif sosial problemlərdən əziyyət çəkir.

Yerli məmurların özbaşınalığı nəticəsində əhali fasiləsiz qaz, işıq və su üzünə həsrət qalıb. Digər tərəfdən, kəndarası yolların bərbad vəziyyətdə olması sakinlərin rayon mərkəzi ilə əlaqə saxlamasını məhdudlaşdırıb. Qış fəslinin sərt keçdiyi Gədəbəydə aramsız qar yağan kimi kəndlərin mərkəzlə əlaqəsi tamamilə kəsilir. Rabitə vasitələri də daxil olmaqla bir çox kommunal xidmət sahəsində vəziyyət iflic olur. Ramiz Yediyarov həm də kəndlilərin pay torpağına və örüş sahələrinə göz qoyub. Onun rayona rəhbər keçməsi ilə otlaq sahələrinin ayrı-ayrı sahibkarlar tərəfindən zəbt edilməsinin arasında çox qısa vaxt olub. Kəndlilər örüş sahələrinin başçının razılığı əsasında satıldığını iddia edir. Qeyd edək ki, rayonun Əlnağılar kənd sakinləri bir neçə ay əvvəl üzləşdikləri məmur özbaşınalığı və haqsızlıqlarla bağlı mətbuata müraciət ünvanlayıb. «Kəndimiz rayon mərkəzindən 30 km məsafədə yerləşməklə Ermənistanla təmas xəttinə yaxındır. Torpaq islahatı aparılan zaman kəndin əhalisinə pay torpağı verilmədi. İndi isə Gədəbəy Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri bizim pay torpağımız olmadığına görə iş tapmalı olduğumuzu bildirirlər. Buna görə bizə ünvanlı sosial yardım verməkdən imtina edirlər. Rayonda təklif edilən iş yerlərindəki əmək haqqı isə bizim yol xərcimizi ancaq ödəyir», deyə vətəndaşlar bildirib. Şikayətçilər rayonda səhiyyə, mədəniyyət və təhsilin bərbad vəziyyətdə olduğunu da diqqətə çatdırıblar: «Kəndimiz də daxil olmaqla kəndlərdə xəstəxanalar, kənd klubları, məktəblər yox dərəcəsindədir. Bir sıra kənd kitabxana və klublarının axırıncı dəfə nə vaxt açıldığı unudulub. Kimə iş stajı lazımdırsa adını kitabxanaya və ya kluba yazdıraraq əmək haqqını başçının adamlarına verməklə işə gəlmir. Rayonda turizmi inkişaf etdirmək üçün heç bir iş görülmür. Əksinə, Gədəbəy rayon Mədəniyyət və Turizm İdarəsinə külli miqdarda yanacaq, dəftərxana, tədbir və başqa adlarla ayrılan pullar bəzi məmurlar tərəfindən mənimsənilir». Bunca problemə baxmayaraq, icra hakimi vətəndaşların sosial durumunun düzəlməsi üçün heç bir səy göstərmir. Dünən rayondakı mənbələr tərəfindən redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Gədəbəyin mərkəzindəki məktəblərdən birində müəllim işləyən şəxsin söylədiyinə görə, Ramiz Yediyarov abadlıq-quruculuq adı altında yeni yığım kampaniyasına start verib. Özü də rayon rəhbəri bu addımı yazın, daha dəqiq desək, Novruz bayramının gəlişi ilə əlaqələndirib: «İcra başçısının adamları Novruz bayramına hazırlıq məqsədilə hərəkətə keçiblər. Onların ilk hədəfi yerli sahibkarlar olub. Rayon İcra Hakimiyyətində aşağı vəzifələrdə çalışan şəxslər başçının göstərişi əsasında sahibkarlardan nəysə umur. İş adamlarına bildiriblər ki, bayramın gəlişi ilə əlaqədar olaraq rayonun mərkəzindəki dövlət əhəmiyyətli binaların və ticarət obyektlərin fasadı təmir ediləcək. Həmçinin yaşayış binalarına dam örtüyü vurulacaq. Buna görə hər sahibkardan 100 manatdan yığılıb. Bir neçə obyekt sahibi buna etiraz etsə də, sonda icra hakiminin göstərişi qarşısında aciz duruma düşüblər. Başqa cür hərəkət etsəydilər, rayon rəhbəri onları gözümçıxdıya salacaqdı. Azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlarla bərabər, Gədəbəydəki idarə və müəssisələrin rəhbərləri də «abadlıq-quruculuq» işlərinə cəlb edilib. İdarə müdirlərindən daha çox «kömək» istənilib». Verilən məlumata görə, Ramiz Yediyarov Gədəbəy RİH-ə başçı təyin olunandan sonra dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan rayonda abadlıq işlərinin görülməsi və yolların təmir edilməsi məqsədilə külli miqdarda vəsait ayrılıb. Maraqlıdır, həmin vəsaitlər hara xərclənib ki, indi hörmətli icra başçısı sahibkarları, o cümlədən idarə müdirlərini zorla təmir işlərinə cəlb edir? Bu sualın cavabı Maliyyə Nazirliyi və Hesablama Palatasının Gədəbəy RİH-də keçirəcəyi yoxlamalardan gizlidir. Adıçəkilən hər iki qurumun rəhbərliyindən xahişimiz budur ki, minlərlə insanın acınacaqlı vəziyyətdə yaşamasına səbəb olan icra hakiminin fəaliyyətini ən incə məqamlarına kimi araşdırsınlar.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

«Gündəlik Bakı»