BolgeXeber.Com » Bölgə » Şəki Mərkəzi Xəstəxanasında şok yeyinti faktları

Şəki Mərkəzi Xəstəxanasında şok yeyinti faktları

13-03-2014, 07:25
Oxunub: 3 536 Mərkəzi Xəstəxanasının baş həkimi qardaşı ilə birlikdə xəstələri soymaqla məşğuldurlar

Şəki səhiyyəsinin dəhşətli vəziyyətdə olduğu barədə mətbuatda çox yazılıb. Bununla bağlı aparılmış maraqlı bir araşdırmada isə rayonun baş həkimi Məcid Əliyevin bir sıra «əməliyyat»larından bəhs olunmuşdu. Orada ən maraqlı məqam isə büdcə vəsaitlərinin necə və hansı şəkildə xərclənməsi ilə bağlıydı.

Məcid Əliyev dövlət büdcəsindən ayrılmış pulun 300 min manatına çörək aldığını sənədləşdirib. Şəki Mərkəzi Xəstəxanasında bu qədər xəstənin ola bilmə ehtimalları sıfırkən, bu qədər vəsaitin ərzaqa sərf olunması da inandırıcı deyil. Aydın məsələdir ki, məqsəd pul qazanmaq olub və onun silinməsini həyata keçirmək üçün başqa optimal yollar barədə düşünməyiblər.

Hərçənd analoji durum dəftərxana ləvazimatlarının alınması prosesində də yaşanıb. Baş həkimin sənədlərində bu məqsədlə 100 min manat pul ayrıldığı göstərilir. Əcəba, Şəki Mərkəzi Xəstəxanası bu qədər dəftərxana ləvazimatını neynəyir? Ora tibb ocağıdır, yoxsa mətbəə? Təbii ki, burada da məqsəd yenə dövlət büdcəsindən ayrılmış pulların mənimsənilməsi olub.

İşin maraqlı və ilginc tərəfləri də var. Məcid Əliyevin Şəki səhiyyəsini bazara döndərdiyini elə rayonun özündə də təsdiq edirlər. JAM.AZ xəbər verir ki, büdcə vəsaitləri hesabına alınmış tibbi avadanlıqlar hal hazırda baş həkimin əsas qazanc yeridir. Çünki həmin avadanlıqlar həkimlərə icarəyə verilib və hər bir xəstədən alınan pulun 30 faizi baş həkimə çatmalıdır. Məlumatlara görə, faktiki olaraq rayonda tibbi avadanlıqların müayinəsindən keçənlərdən minimum 10 manat pul alınır.

Qeyd edək ki, bu prosesdə Məcid Əliyevə yardımçı olanlar sırasında ən başlıca yeri qardaşı tutur. Vurğulanır ki, qardaşı Şəkidə poliklinikaya rəhbərlik edir və onun da işlərindən biri tibbi avadanlıqlardan alınacaq aylıq haqları toplamaqdan ibarətdir. Onun əsas işləri sırasında əmlaklar almaq və digər məsələlər də mövcuddur.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.