BolgeXeber.Com » Bölgə » Gəncə Dəmiryolu Xəstəxanasında korrupsiya oyunu

Gəncə Dəmiryolu Xəstəxanasında korrupsiya oyunu

14-09-2011, 11:40
Oxunub: 6 559
Binanın fasadı və hasarları yenidən üzlənməlidir, baş həkim isə işçilərin xəstələrdən pul aldığını deyir

Gəncə şəhər Dəmiryolu Xəstəxanasının fasadı və hasarları yerli icra hakimiyyətinin göstərişinə əsasən, yenidən üzlənməlidir. Xəstəxanada çalışanlar isə iddia edirlər ki, bunun üçün onlardan 50 manat tələb edirlər.

Onlar adlarının çəkilməməsi şərtilə danışıblar: «Yeni icra başçısı xəstəxananın ətrafını, səkilərini «aqlay»la üzləməyi tapşırıb. Təxmini hesablayıblar ki, 50 min manat lazımdır. Bu 50 min manatı işçilərin arasında bölüblər və 3-4 ay 50 manat verməyi tapşırıblar. Tibb bacıları 100 manat, xadimələr 90 manat ayda maaş alırlar. Hər ay 50 manatı ora verməklə bizləri aclığa məhkum edirlər».

Xəstəxananın işçiləri deyirlər ki, tələb olunan 50 manatı verməyənlər işdən çıxarılacaqlar:

- «90 manat maaş alıram. Mən onun 50 manatını nəyə görə onlara verməliyəm? Maaşlarımız hesabımıza oturub deyə, baş həkim şöbə müdirlərinə iclas keçirib və tapşırıb ki, hər kəsdən pulu yığsınlar».

- «Mən imkansız bir adamam, iki uşağa baxıram. Cəmi 96 manat maaş alıram. Dedilər ki, gətirməyəcəksinizsə, ərizənizi yazın, işdən çıxın. İlin-günün bu vaxtında iş tapmaq mümkün deyil. 12 ildir mən burda işləyirəm. İndi qalmışıq belə çıxılmaz vəziyyətdə - versək ac qalasıyıq, verməsək də işimizi itirəcəyik».

- «Gəncənin abadlaşması üçün dövlət büdcəsindən pul ayrılıb. Bəs, bu necə olur? Həm korrupsiya ilə mübarizədən danışırlar, həm də Orta Əsrlərdə olduğu kimi, insanların boynuna haqq qoyurlar. Heç nə ilə də maraqlanmırlar. Deyirlər ki, maaşını xərcləmirsənsə, borc al gətir, haradan tapırsan tap. Gətirib bir nəfər kimi hamı 50 manatı verməlidir. Vermirsənsə, buyur, ərizəni yaz, çıx».

Gəncə şəhər Dəmiryolu Xəstəxanasının baş həkimi Mirzahid Müctehidzadə AzadlıqRadiosuna müsahibəsində Gəncədə aparılan abadlıq və yenidənqurma işlərindən ağız dolusu danışır: «Şəhərdə aparılan bu tədbirlərə bütün şəhər əhalisi qarışıb. Amma ki, mən kiməsə deməmişəm ki, gətirin pul verin. Mən hasarların dəyişdirilməsi üçün baş idarəyə müraciət etmişəm. Artıq smeta sənədləri hazırlanır və özləri gətirib dəyişəcəklər. Yəni, bura 1-2 manat yox, bir neçə min manat vəsait lazımdır. O ki, qaldı xəstəxananın işçilərinin sizə müraciət etmələrinə, onlar da xəstələrdən pul alırlar. Heç görün, mən bu barədə sizə deyirəm? Onların qanunsuz əməlləri ilə bağlı sizə müraciət edirəm?».

Dəmiryol Səhiyyə İdarəsinin rəisi Saday Zeynalov isə AzadlıqRadiosuna bildirdi ki, xəstəxanada aparılacaq abadlıq işləri ilə bağlı smeta sənədləri hazırlanır. Saday Zeynalov işçilərdən vəsait tələb olunması ilə bağlı iddiaları isə əsassız sayır.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyir ki, son vaxtlar dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlardan abadlıq işləri adı altında pul yığımı halları kütləvi hal alıb: «Bu pul yığımına hansı adı qoyurlar qoysunlar, bu, rüşvətdir, bu, korrupsiyaya qarşı mübarizəyə müqavimət deməkdir. Vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərindən istifadə edərək əhalidən pul yığır, özü də kütləvi halda. Tək Gəncədə yox, müxtəlif regionlarda yeni təyin olunan icra başçıları həmin abadlıq işləri üçün dövlət büdcəsindən maliyyələşən təşkilatlardan haqq tələb edirlər».

Vasif Mövsümov deyir ki, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində ayrılan milyonlarla manat vəsaitin qeyri-şəffaf xərclənməsi, bu vəsaitlər haqda ictimaiyyətə heç bir açıqlama verilməməsi korrupsiyaya yol açır. O, Korrupsiyaya qarşı Mübarizə Fonduna xüsusilə Gəncə, Sumqayıt və Salyandan faktlar daxil olduğunu deyir.