BolgeXeber.Com » Bölgə » Gədəbəydə sivilizasiyadan kənarda qalan Motudərə-Şikayət

Gədəbəydə sivilizasiyadan kənarda qalan Motudərə-Şikayət

24-03-2014, 11:50
Oxunub: 3 145 “Pis vəziyyətdə yaşayırıq. Qazımız, suyumuz, işığımız yoxdur. Xəstəyə iynə vurmaq üçün bir tibb məntəqəmiz yoxdur. Məktəbimiz, yollarımız bərbad gündədir”.

Gədəbəyin Motudərə kənd sakinləri bu kəndin problemlər içərisində itib-batmasından danışırlar. Deyirlər, kəndlilər çıxış yolunu başqa yerlərə köç etməkdə görürlər. Kənd sakini Ziya Babayev:

“Vəzifəli şəxslərdən bir adam gəlib bizim problemimizlə maraqlanmır. 100-ə yaxın ailə təsərrüfatı olan kənddə barmaqla sayılacaq sayda insan qalıb. O da qocalar, əlillər. Əsgərlikdən qayıdan gənclər Bakıya qaçırlar, fəhləlik edirlər, sonra da kirayə ev tuitub orada qalırlar, bir daha kəndə dönmürlər”.

“BƏS DEYİRLƏR YOL MƏDƏNİYYƏTDİR...”

Digər kənd sakini Əvəz Vəliyev deyir, Motudərə hamının unutduğu, gözdən-könüldən uzaq bir kəndə çevrilib:

“Keçmiş prezident Heydər Əliyev deyirdi ki, yol ölkənin iqtisadiyyatıdır, gələcəyidir. Bizdəsə o, yoxdur. Problemlərimiz heç bir çərçivəyə sığmır. Deyəsən bizi xəritədən silmək istəyirlər. Kəndimizin qırmızı kitaba düşən vaxtıdır”.

Kəndlilərin deməsinə görə, məktəb, bağça, tibb məntəqəsi sarıdan əziyyət çəkirlər. Bunlara görə qonşu kəndlərə getməli olurlar.