BolgeXeber.Com » Bölgə » Gəncə dindarlarının günahı nədir?

Gəncə dindarlarının günahı nədir?

14-09-2010, 02:55
Oxunub: 6 210
Gəncədən olan bir qrup dindar bu şəhərin polis şöbəsində heç bir günahları olmadan təhqir və təzyiqlərə məruz qaldıqlarını bildirirlər.

Onlardan Gəncə sakini Xəyal Əliyev deyir ki, sentyabrın 11-də Bakının Binəqədi rayonunda polis tərəfindən saxlanılıblar. Bölmədə yaxşıca təhqir edildikdən sonra saxlanılanların çoxu yaşadıqları yerə, bir başa Gəncəyə – özü də evlərinə yox, polis şöbəsinə göndəriliblər.

«30 nəfərə qədər idik. Bizi avtobusla Gəncə polisinə göndərdilər. Gəncə polisində də Bakıdakı həmkarları kimi bizi söydülər, təhqir etdilər. Biz mitinq keçirməmişik, pis bir iş görməmişik. Şər, böhtan, söyüş, güc tətbiq etməklə 2 gün orada saxlayıblar»

Sentyabrın 11-i axşam saatlarında Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasının yaxınlığında 50-yə yaxın dindar saxlanaraq polis bölməsinə aparılmışdı. Həmin vaxt bu barədə “Bolgexeber.com”-a hadisə yerində olan dindarlardan biri – Elvin Bəkirov məlumat verib demişdi ki, onlar təcridxanadan çıxan dostları Mövsüm Səmədovu qarşılamağa gediblərmiş.

Xəyal Əliyev deyir ki, paytaxta Ramazandan əvvəl tutduqları niyyətlərini yerinə yetirməyə, yəni Bakıdakı bəzi müqəddəs yerləri ziyarət etməyə gediblərmiş. Dostlarının həbsdən azad olunacağını eşidib qarşılamaq qərarına gəliblər. Nəticədə isə əvvəl Bakıda, sonra da Gəncədə öz asayişlərinin təminatçısı hesab etdikləri polisin təzyiqinə məruz qalıblar.

Bununla belə dindarlar demələrinə görə, heç bir halda polisə müqavimət göstərməyiblər. Halbuki, saxlanılanların çoxu elə məhz polisə müqavimət göstərməkdə ittiham edilib.

Gəncə şəhər Polis Şöbəsinin rəisi Rasim Musayev isə deyilənlərin həqiqət olmadığını bildirir. O deyir ki, polis hansısa qeyri-qanuni əmələ görə kimlərisə saxlayıb xəbərdarlıq edib buraxa bilər. Amma həbs və təzyiq barədə verilən məlumat düzgün deyil.

Polis asayişin keşiyindədir?

«Gəncədə heç bir dindar həbs olunmayıb və heç kimə də təzyiq olunmur. İctimai asayişi kim pozacaqsa, o, qanunla cavab verəcək».

Dini ekspert Elşad Miri isə deyir ki, elə hallar var ki, orada iki tərəfin də səhvi ola bilir. Məsələn, 11 sentyabr günü dindarlar İslamın terror dini olmadığını ifadə etmək istəyir, polis isə icazəsiz aksiyaya mane olmağa çalışır. Nəticədə qarşıdurma yaranır və sonradan tərəflər hərəsi məsələni öz maraqlarına uyğun şərh edir.

Odla oynamaq olmaz!!!

«Və yaxud da başqa tərəfdən, bu, xüsusi təxribat da ola bilər. Çünki belə bir ərəfədə müsəlmanların təxribata çəkilməsi çox asandır. Bildiyimiz kimi, ABŞ-da 11 sentyabr hadisələri ilə bağlı Terri Consonunun Quranı yandırmaq məsələsi gündəmə gəldi və s. Yəni belə ərəfələrdə bu məsələlərdən çəkinmək lazımdır».

Elşad Miri deyir ki, bütün hallarda istər dindarlara olsun, istərsə də qeyrilərinə, polisin kobud rəftar etməsi düzgün deyil. Amma bu qədər adamın həbsxanadan çıxan dostlarını qarşılayarkən hansısa fikirləri səsləndirməsi, yaxud həmin ərazidə belə hərəkətə polisin nə qədər həssas olması məsələsini də nəzərə almaq lazımdır. Əks təqdirdə, tərəflərin birinin kiçik ehtiyatsızlığı qarşıdurmanın baş verməsini qaçılmaz edir