BolgeXeber.Com » Bölgə » Zaqatalada hicablı müəllimələrə təzyiqlər edilir

Zaqatalada hicablı müəllimələrə təzyiqlər edilir

15-09-2010, 16:20
Oxunub: 5 350
Təhsil Nazirliyinin rəsmisi məsələni araşdıracağına söz verdi

Zaqatala rayonu Aşağıtəpə kəndində yerləşən Ramiz Şabanov adına orta kənd məktəbdə hicablı müəllimələrə qarşı təzyiqlər göstərilir. Bu barədə məktəbin müəllimələri "Bolgexeber" ə şikayətlərində bildirib.

Məktəbdə 3 dindar müəllimin olduğunu söyləyən müəllimə Sürayə Zeynalovanın sözlərinə görə, direktor onlardan işə ya başıaçıq gəlmələrini, ya da işdən çıxmalarını təlbə edib.

“Məktəbin direktoru İlham Qırçımov sentyabrdan bizə bildirib ki, ya işdən çıxın, ya da başınızı açın. Mən dindar qadın olduğuma görə başıbağlı gəzirəm. İndi qalmışam çarəsiz. Axı qanunda müəllimənin hicabla dərsə girməsi qadağan olunmayıb. Bu, İslam dininə, mənəviyyatına zidd olan tələbdir. Bizim də hüquqlarımız var axı. İndi nə edək? Məktəbdə 3 qadın, Aytən Şabanova, Fəxriyyə Nəcəfova da başını bağladığı üçün işdən çıxarılacağı ilə hədələnib. İlham müəllim bizi məcbur edir ki, başımızı açaq. O bunun yuxarı dairələrdən bildirildiyini iddia edir”, - deyə Sürayə Zeynalova vurğuladı.

Məsələ ilə əlaqədar məktəbin direktoru İlham Qırçımovla əlaqə saxladıq. O deyilənlərin həqiqət olduğunu bildirdi. Məktəb direktoru "Bolgexeber" ə açıqlamasında etiraf etdi ki, qanunla hicablı müəllimələrin dərsə gəlməsi qadağan deyil.

“Bəs niyə onların başıaçıq dərsə gəlməsini əmr edirsiniz?” sualına İlham müəllim göstərişin yuxarıdan olduğunu bildirdi. “Göstəriş Təhsil İdarəsi və Təhsil Nazirliyindən verilib. Mən özüm də istəyirəm ki, burada işləyən müəllimələr hicab geyinməsin”, - deyə məktəb direktoru vurğuladı.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov "Bolgexeber" ə açıqlamasında məsələdən məlumatlı olduğunu bildirdi. Şöbə müdiri bildirdi ki, müəllimənin dərsə başıbağlı gəlməsini yasaqlayan qanun yoxdur.

“Bu barədə Zaqatala rayonuna nəzarət edən əməkdaşlar bizə məlumat verib. Heç kəs müəlliməni hicab geyindiyinə görə işdən çıxara bilməz. Yalnız onlara tövsiyyə edilə bilər ki, işə gələrkən hicabdan istifadə etməsinlər. Amma, yenə son qərar müəllimələrindir. Mən bu işlə şəxsən məşğul olacağam”, deyə nazirlik rəsmisi qeyd etdi.

Ümid edirik ki, tolerant ölkələrdən biri hesab olunan Azərbaycanda heç kəs dini etiqadına görə çörəkpulundan olmayacaq