BolgeXeber.Com » Bölgə » Ucarda hamilə xəstənin yaxınları döyüldü

Ucarda hamilə xəstənin yaxınları döyüldü

29-05-2014, 14:05
Oxunub: 3 181 Bu gün Ucar rayonundakı mərkəzi xəstəxanada qalmaqal və dava-dalaş düşüb.

Zərdab şəhər sakini Qasımov Füzuli Hümmət oğlu qızı Qasımova Günel Füzuli qızını qeysəriyə üsulu ilə əməliyyat etdirmək üçün təcili olaraq Ucar şəhər mərkəzi xəstəxanasına gətirib.

Lakin ağır vəziyyətdə olan xəstəni həkimlər nəinki qəbul etməyiblər, hətta onları qapıdan belə içəri buraxmayıblar. Üstəlik xəstəxananın mühafizəçiləri ağır vəziyyətdə olan xəstənin gözü qarşısında onun atası Qasımov Füzulini və qızının həyat yoldaşı Natiq adlı şəxsi də vəhşicəsinə döyüblər.

Xəstənin yaxınları baş verənlər barədə xəstəxanaının baş həkiminə müraciət ediblər, baş həkim isə onlara "əcəb edib, döyüblər", deyib və onları kabinetindən qovub.

Hazırda Ucar rayon xəstəxanasının qarşısında əməliyyat olunmaq üçün gətirilən ağır xəstənin qohumları ilə xəstəxanə mühafizəçiləri arasında qarşıdurma davam edir.

Xəstə hələ də əməliyyat olunmayıb.

Avropa.info-ya açıqlama verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə xəstənin artıq əməliyyat olunduğunu və vəziyyətinin də normal olduğunu deyib:

"Əksinə, xəstənin valideynləri həkimləri döyüblər. İndi məsələni polis araşdırır. Xəstənin yaxınları həkimlərdən xəstəni təcili yardımla Bakıya aparmaq üçün maşın istəyiblər. Həkimlər isə xəstənin vəziyyəti pis olduğu üçün maşın verməyiblər. Qarşıdurma bundan yaranıb".

Xəstənin atası Füzuli Qasımov isə Anar Qədirlinin dediklərini təkzib edib:

"Biz təcili yardım-filan istəməmişik. Sadəcə, bunlar xəstəxananın qapısını belə üzümüzə bağlamışdılar. Həkimlər tökülüşüb bizi döydülər. Axırda iş böyüyəndən sonra, mətbuata müraciət etdiyimizi biləndən sonra əməliyyat etdilər".