BolgeXeber.Com » Bölgə » Sabirabad xəstəxanasında qiymətlərin baha olması əhalini cana yığıb

Sabirabad xəstəxanasında qiymətlərin baha olması əhalini cana yığıb

31-10-2011, 12:35
Oxunub: 6 044 Sakinlər pullu xidmətə görə çox narahatdır

İndi çox nadir hallarda həkim xəstəni təmənnasız müalicə və ya müayinə edə bilir. Rüşvət bir yana qalsın vay o günə ki, xəstə savadsız həkim əlinə düşə və müalicə səhv aparıla.

Etiraf olunmalıdır ki, Azərbaycanda belə "həkimlər" az deyil. Bu tendensiyanın da kökündə yenə korrupsiya amili durur. Heç şübhəsiz ki, səhiyyə nazirliyi vəziyyətdən xəbərdardır. Amma, nədənsə problemin həllində maraqlı görünmür. Nazirlik guya rüşvətin və həkim acgözlüyünün qarşısını almaq üçün onların maaşlarını artırsa da, xəstəxana ab-havası yaratmaq, əhalinin yaşamını nəzərə alaraq pulsuz xidmətə keçid startı versə də, sanki bu tədbirlər səhiyyə işçilərini pula daha da hərisləndirib. Müşahidələrdən də görürük ki, bütün bu dəyişiliklər əslində, heç nəyi dəyişməyib. Yəni, səhiyyənin başlıca problemi olan rüşvətə son qoyulmayıb.

Bütün tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmət, müayinələr və dərman preparatları pulsuzdur. Bu və ya buna oxşar məzmunda elanların bütün dövlət xəstəxanalarında nağıl olmasına heç kim şübhə etmir. Azərbaycan vətəndaşlarının tibbi xidmət almaq hüququ yalnız qanunlarda var. Reallıqda isə heç bir dövlət müəssisələrində pulsuz tibbi xidmət almaq mümkün deyil. Qanunvericilikdə bütün vətəndaşlar üçün pulsuz tibbi xidmət nəzərdə tutulur.
Bir müddət öncə nazir Oqtay Şirəliyev səhiyyə sistemində problemin olmadığını, rüşvətə qarşı mübarizənin gücləndirdiyini vurğuladı. Hətta, səhiyyədə rüşvət barədə yazılanları "gülməli" adlandırmışdı. Ancaq fakt odur ki, səhiyyə nazirliyi rüşvətə qarşı mübarizənin gücləndirildiyini iddia etsə də, xəstəxanalarda, poliklinikalarda həkim-xəstə sövdələşməsi çox açıq formada davam edir. Dövlət tibb müəssisələrində pulu olmayan xəstəni nəinki müalicə, heç müayinə də etmirlər. Sözün qısası indi vəziyyət elə bir həddə çatıb ki, insanlar pul vermədikləri həkimə həyatlarını etibar edə bilmirlər.

Paytaxta nisbətən rayonlarda bu istiqamətdə vəziyyət daha acınacaqlıdır. Sabirabad rayon Mərkəzi Xəstəxanasında isə dözülməz durum yerli sakinlərin ciddi narazılığına səbəb olur. Oranın həkimirayonda özünü sanki səhiyyə naziri kimi aparır. Elə bilir ki, nə istədi edə, xəstələrlə necə gəldi davrana bilər. Bu səbəbdən də, adi bir sarğının aparılması sakinlərin şəxsi vəsaiti hesabına başa gəlir. Həkimlərin xəstələrə gəlir mənbəyi kimi baxmaları yerli sakinləri narahatlığına səbəb olur. Etiraz edənə isə, "bizim xəstəxanaya dövlət tərəfindən heç bir dava-dərman verilmir" deyərək, özlərinə haqq qazandırmağa çalışırlar. Maraqlıdır ki, dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olduğu halda, necə olur ki, Sabirabadda bunlara əməl edilmir? Görünür, həkim kimlərəsə arxalandığından hətta dövlət tərəfindən xəstəxanaya göndərilən dərmanları müəyyən apteklərdə satdırmaqla, böyük gəlirlər əldə edir.
Əldə etdiyimiz məlumatlara görə həkim qazandığı pulları tək yemir və onu himayə edənlərə də baxım-görüm edir. Buna görə də ona gözün üstə qaşın var deyən yoxdur.

Həkim arxasında duran, ona "krışa"lıq edən şəxslər barəsində araşdırmalarımız davam edir. Növbəti saylarımızda onlara toxunacağıq.

P.S. Redaksiyamıza ünvanlanan şikayət ərizələrini araşdırmaq ücün adıçəkilən Tibb müəsisəsinin rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz olduğundan aydınlıq gətirə bilmədiyimiz məsəslələrə irəlidəki günlərdə toxnucağıq.