BolgeXeber.Com » Bölgə » Tərtərin sərhəd kəndində səyyar qəbul keçirilmişdir

Tərtərin sərhəd kəndində səyyar qəbul keçirilmişdir

4-08-2014, 18:40
Oxunub: 4 442 Rayonun təmas xəttinə yaxın kəndində səyyar qəbul-görüş keçirilmişdir

Dağlıq Qarabağla 1,3 km məsafədə yerləşən Qapanlı kəndində Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

Bu kənd düşmənlə üzbəüz mövqedə yerləşdiyi üçün müntəzəm olaraq ermənilər tərəfindən atəşə tutulur. Son vaxtlar isə cəbhə xəttində gərginlik bir qədər də artmış, lakin milli ordumuzun əsgərlərinin layiqli cavabı nəticəsində düşmən yerində oturdulmuşdur. Şiddətli döyüşlərdə şəhid verilsə də cəbhə xəttində yaşayan əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Onlar milli ordunun əsgərləri ilə birlikdə kəndin müdafiəsində ayıq-sayıq dayanırlar.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov cəbhə bölgəsindəki vəziyyətdən danışmaqla yanaşı respublika prezidenti cənab İlham Əliyevin sərhədyanı kəndlərə göstərdiyi diqqət və qayğıdan da söhbət açdı. O, bildirdi ki, sərhəd kəndinin yollarına asfalt salınmış, 1000 metr kəndarası yolda müasir gecə işıqlandırma sistemi quraşdırılmışdır. Qaz, su, işıq sarıdan çətinlik çəkilmir.

Sonra Qapanlı kənd ağsaqqalı Bahadur Süleymanov, kənd sakinləri Məhərrəm Nəbiyev, Zahir Cəfərov, Müşviq Əsgərov, kənd tam orta məktəbin müəllimi Vaqif Hətəmov, Qaradağlı kənd sakinləri Nüsrət Axundov, məktəbin müəllimi Məzahir Quluyev, Dəryanur Məmmədova, Məleykə Məmmədova, N saylı hərbi hissənin komandir müavini Zaur Rüstəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Sulidin Yusibov çıxış edərək respublika prezidentinə cəbhə bölgələrinə göstərdiyi diqqət və qayğı üçün öz minnətdarlıqlarını bildirdilər. Çıxışlarda mətbuatda cəbhə ilə bağlı gedən yazılara da münasibət bildirildi. Qeyd edildi ki, bəzi informasiya vasitələrində kənd sakinlərinin kəndi tərk etdiklərini və sair düşmən dəyirmanına su tökən yazılar dərc edilir, yalan məlumatlar yayılır. Bu məlumatlar hamısı yalandır. Bir nəfər də kəndi tərk etməmiş, sakinlər əvvəlki kimi öz təsərrüfatları ilə, abadlıq işləri ilə məşğul olurlar, düşmənin gözləri qarşısında qurub-yaradırlar, Kəndlərimizdə, eləcə də Qapanlıda hər evdə yanan işıq düşmən gözlərinə bir oxdur. Kənd sakinləri bunu yaxşı başa düşür, milli ordunun əsgərlərinə dəstək olurlar.

Tədbiri rayon icra hakimiyyətinin başçısı M.Məmmədov yekunlaşdırdı. Tezliklə onları narahat edən məsələlərin hamısının öz həllini tapacağını bildirərək, kənd sakinlərini ayıq-sayıq olmağa çağırdı.

Bolgexeber.com