BolgeXeber.Com » Bölgə » Şamaxı 1 saylı internat evinin rəhbərliyi kim(lər) tərəfindən himayə olunur?

Şamaxı 1 saylı internat evinin rəhbərliyi kim(lər) tərəfindən himayə olunur?

21-10-2014, 13:40
Oxunub: 4 421 Bu qədər nöqsan və şikayətin qarşısında müvafiq qurumlar hələ də susur...



Şamaxı şəhəri, R.Əfəndiyev küçəsi 84 ünvanında yerləşən Şamaxı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb internat evində bir sıra xoşagəlməz hallar baş verdiyindən sözügedən müəssisə ilə bağlı ara-sıra mətbuatda tənqidi materiallar yer almaqdadır. Qeyd edək ki, xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin dövlət himayəsində yaşadığı Şamaxı 1 saylı internat evinin rəhbərliyi sözügedən müəssisəni özünün müəyyənləşdirdiyi qaydalarla idarə edir. Bu isə vətəndaşların haqlı etirazlarına səbəb olur.

Nəzərinizə çatdıraq ki, adıçəkilən internat evilə bağlı bir müddət öncə azadliq.org-da yayımlanmış informasiyada bildirilir ki, 11 illik həbs cəzasını çəkib başa vurandan sonra azadlığa çıxan Əhməd Hümbətov bu müəssisədə olub-bitənlərdən narazılıq edir. "İnternat evinin keçmiş direktorundan şikayət etdik, ora-bura yazdıq, işdən çıxardılar. Yerinə Çingiz Mehrəliyevi qoydular. O da 3-4 ay yaxşı işlədi. Sonra başladı xəstələrin ərzağını kəsməyə" deyən Əhməd Hümbətovun sözlərinə görə, o, həbsdən çıxanda, getməyə yeri olmadığına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxıdakı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evinə göndərilib. Daha sonra həmin internat evinin bir sakini ilə ailə qurur. Bu izdivacdan bir qız doğulur. Ancaq deməsinə görə, internat evində xəstələrə göstərilən münasibət onu şikayətlər yazmağa məcbur edib. Buna görə də ailəsilə birlikdə internat evindən qovulub: "Xəstələrə həftələrlə, aylarla kərə yağı, ət yeməkləri verilmir. Aşpazlar da etiraf edirlər ki, anbardar onlara nə verirsə, onu da bişirmək məcburiyyətindədirlər. Dövlət tərəfindən həmin internat evindəki xəstələr üçün hər ay təkcə ərzağa 12 min manat ayrılır. Bu pul bankdan Çingiz Mehrəliyevə verilir, o da bazarlıq edir. Anbarda illərlə saxlanılan ət var. Bu əti ona görə saxlayırlar ki, yoxlama gələndə göstərib desinlər, ətimiz var. Əslində isə gündəlik aldıqları əti satırlar. Menyu gizlədilir, çünki orda olan ət, kərə yağı, meyvə, süd xəstələrə verilmir. Çörək keyfiyyətsizdir. Dövlət hər xəstənin sutkalıq qidalanması üçün 3 manat 95 qəpik pul ayırır. Ancaq gedib baxsalar xəstələr nə yeyir, daş ürək də əriyər. Səhərlər bıçağın ucunda şor və kərə yağı. O da bir az anlaqlı xəstəyə verilir. Anlaqsıza heç onu da vermirlər. Günorta elə bir şorba verilir ki, heyvan da imtina edər, yeməz. Hələ mətbəxdəki qazanların, qab-qacaqların çirkablığından danışmıram. Mən internat evinin keçmiş və indiki direktorları ilə dəfələrlə çörəyə görə mübahisə etmişəm. Demişəm, onsuz da bu yetimlərin ərzaqlarını kəsirsiniz, heç olmasa Allahın çörəyini düz-əməlli verin. Xəstələrə dövlət tərəfindən xüsusi geyimlər verilməlidir. Gedin baxın, Şamaxıda ölüsü ölən yığıb paltarlarını internat evə gətirir, xəstələrə verir".

Üzləşdiyi, eləcə də şahidi olduğu nöqsanlarla bağlı aidiyyəti qurumlara müraciət etdiyini vurğulayan Əhməd Hümbətov iddia edir ki, onun məktublarına heç bir cavab verilmir: "Mən yazıram ki, tədbir görün, xəstələr əldən gedir. İnternat rəhbərliyi xəstələrin ərzaqlarını çapıb-talayır. Yazdığımı qaytarıb göndərirlər internatın direktorunun özünə. Mən təzədən həmin qurumlara yazıram ki, a kişilər, elə şikayətim bu adamın hərəkətlərindəndir, niyə şikayətimi ona göndərirsiniz? Cavab gəlmir".

Bu arada, əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Şamaxı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb internat evinin rəhbərliyi nəinki işçilərin hətta, müalicə ümidilə gələnlərin əməyini belə istismar edir. Lakin nədənsə nə Şamaxı Rayon İcra Hakimiyyəti, nə də Səhiyyə Nazirliyi səviyyəsində adıçəkilən müəssisənin yetkili şəxslərinin əməllərinə qiymət verən var. Görünür, internat evinin rəhbərliyi kimlərsə tərəfindən lazımınca himayə olunur. Əks halda bu qədər nöqsan və şikayətə rəğmən, heç kim olub-bitənlər qarşısında səssiz qalmazdı...

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırı.
gundelik-baku