BolgeXeber.Com » Bölgə » Tərtərdə “Xəmsə” Milli İntellektual oyunun birinci mərhələsi-rayon turu keçirilmişdir

Tərtərdə “Xəmsə” Milli İntellektual oyunun birinci mərhələsi-rayon turu keçirilmişdir

24-10-2014, 17:15
Oxunub: 2 604 Rayonun Gənclər Mərkəzində “Xəmsə” milli intellektual oyunu üzrə birinci mərhələ-rayon turu keçirilmişdir. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışmış, yarış iştirakçılarına uğurlar arzulamışdır.

Yarışda yaşı 14-dən 18-dək olan 40 nəfər yeniyetmə bilik və bacarığını, intellektual səviyyəsini nümayiş etdirmişdir.

Gərgin və maraqlı mübarizə şəraitində davam edən yarışmada şəhər 1 saylı tam orta məktəbin “Cövdəc” komandası birinci, şəhər 2 saylı məktəb-liseyin “Lider” komandası ikinci, şəhər 5 saylı məktəbin “İntellekt” komandası üçüncü yerləri tutmuşdur.

Qaliblərə rayon gənclər və idman idarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.


Birinci və ikinci yer tutmuş komandalar Fizuli şəhərində keçiriləcək zona seçim turunda iştirak etmək hüququ qazanmışlar.
Bolgexeber.com