BolgeXeber.Com » Bölgə » İcra başçısı və general sakinlərin gününü qara edib

İcra başçısı və general sakinlərin gününü qara edib

27-10-2014, 09:35
Oxunub: 3 869 Xətai rayonunda uşaq bağçası adı ilə qanunsuz bina tikintisi aparılır, icra hakimiyyətinin verdiyi sərəncamın icrasına məhkəmə qadağa qoyub; sahibkar isə himayəçisinə güvənir...
Xətai rayonu, Xudu Məmmədov küçəsi - 33 ünvanında aparılan tikinti sakinlərin rahatlığını pozub. Belə ki, bu ünvanda sakinlər yaşadığı binanın qarşısındakı istirahət parkını məhv edib, bina inşa edirlər. Elşən Orucov adlı fiziki şəxs aylardır vətəndaşların gününü qara edib.

Bina sakinləri deyirlər ki, əvvəlcə onları aldadıblar. Narazıları sakitləşdirmək üçün ərazidə bağça tikintisi nəzərdə tutulduğu söylənilib. Hətta buna dair Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) bu ilin iyunun 2-nə olan tarixlə tikintiyə razılıq sənədini göstəriblər, “Cücələrim” adlı uşaq bağçasının maketini təqdim ediblər. Lakin bir müddət sonra Xətai Rayon İcra Hakimiyyətinin icazə verdiyi tikinti ilə bağlı həm qanunsuzluq, həm də saxtakarlıq üzə çıxıb.
Tikinti gedən ərazidəki məhəllə sakinlərinə yaxınlaşan kənar şəxslər onları “makler” zənn edib. Vətəndaşlar inşa olunan bu binada mənzillərin kvadratının neçəyə satılması ilə maraqlanıblar. Elə bu zaman E.Orucov adlı şəxsin heç də uşaq bağçası yox, onların binasının ağzında, zəbt edilən istirahət parkının yerində yaşayış binası tikdirdiyi aydınlaşıb.
Sakinlər hazırda yarımçıq tikili olan bu binanın 4-mərtəbəli yaşayış binası olacağını təsdiqləyən maketi də əldə ediblər.

Üstəlik, bir müddət əvvəl Xətai RİH-nin memarı Vadim Surxayev vətəndaşların şikayəti ilə bağlı deyib ki, ərazi fiziki şəxs tərəfindən alınıb, iki mərtəbəli bağça tikiləcək.
Ancaq görünən budur ki, həm Xətai rayon rəhbərliyi, həm tikintini aparan şəxs sakinlərə kələk gəlib, onlara yalan danışıblar. Bu faktın üstü açılandan sonra sözügedən ünvanda yaşayan sakinlər hüquqi müstəvidə mübarizə aparmağa başlayıblar.

Şikayətçilərin “Yeni Müsavat”a dediyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunub. Müraciətə verilən cavabda qeyd olunub ki, sözügedən ərazidə tikinti aparılmasından məlumatsızdırlar və tikinti obyektinin layihəsinə komitə tərəfindən rəy verilməyib. Eyni zamanda komitə BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktub göndərərək tikintinin dayandırılması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş edib.
Ancaq məsələ bunun bitməyib. E.Orucov “yuxarı”ları razı saldığına görə tikintini davam etdirib, binanın iki mərtəbəsini yarımçıq da olsa qaldırıb, vətəndaşların isə davamlı narazılıqlarına baxmayaraq iş icraçıları onlara hədə-qorxu gəlməkdən belə çəkinməyiblər.
Şikayətçilərin sözlərinə görə, onlar 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iş qaldırıblar. İddia ərizəsində tikintinin dayandırılması və sökülməsi tələb olunub. Məhkəmə vətəndaşların vəsatətini təmin edərək tikintinin dayandırılması barədə qərardad çıxarıb, Xətai RİH-nin sərəncamını icrasını qadağan edib.

Sakinlər bildirir ki, tikinti işləri hələlik dayansa da, E.Orucov heç kəsdən qorxmadığını və binanı tikəcəyini bəyan edib. Şikayətçilər deyir ki, tikintinin sahibi gənc bir oğlan olsa da, əslində sənədlərdə tikinti onun adına rəsmiləşdirilib. Onlar iddia edirlər ki, bu binanın inşasını yüksək rütbəli məmur, Fövqəladə Hallar Nazirliyindəki bir general həyata keçirir.
Xətai RİH və BŞİH-dən tikintiyə icazəni də adı açıqlanmayan general əldə edib. Lakin vətəndaşlar tikinti normativlərinə uyğun iş aparılmadığını söyləyirlər. Onların sözlərinə görə, əslində onların yaşadığı bina ilə həmin tikinti arasındakı məsafə o qədər yaxındır ki, normativlərə uyğun deyil. Tikinti ilə bina arasında azı, 15 metr olmalıdır, ancaq arada 11, 5 metr fərq var.

Sakinlərin sözlərinə görə, yaşıllıq məhv edilib, uşaqların oynamasına yer qalmayıb: “Bizim uşaqlar burada oynayırdı, yaşıllıq var idi. Parkda ”besetka"ları, yelləncəkləri məhv elədilər. Burada bina tikilsə, necə nəfəs alacağıq? Xətai İcra Hakimiyyəti əvvəl işi saxladı, camaat etiraz etdi, yenə iş dayandı, sonra yenidən tikməyə başladılar. Deməli, qanunu ayaq altına atıb tapdalayırlar. Heç kəs burda yaşayan insanların fikirləşmir. Öz maraqları naminə bizim rahatlığımızı qurban verirlər. Məhkəmənin tikintini dayandırmaq haqda qərarı var. Tikinti dayansa da, bu şəxs fikrindən daşınmayıb. O, arxasında himayəsi olduğunu bildirir. Elşən Orucovun dalında general durub. Biz isə qanunlarla mübarizə aparacağıq. Tələb edirik ki, bina sökülsün. Bu şəraitdə yaşamaq mümkün deyil. O bina ucaldılsa, bizim qarşımızı kəsəcək və hava almaq olmayacaq..."

Sakinlər Xətai rayon rəhbərliyinə müraciət etdilər. Onlar qanunsuz tikintinin dərhal ləğvini istəyirlər. “Bu ərazidə idman meydançası olub, yaşıllıq salınıb. Ancaq Elşən Orucov ərazini zəbt edib. Bizim uşaqlar bəs harada istirahət etsinlər? Yeni bina az qala bizim binaya bitişsin. Belə qanunsuzluq heç yerdə görünməyib. Xətai Rayon İcra Hakimiyyətinin verdiyi sərəncamın icrasına məhkəmə qadağa qoyub. Deməli, qanunsuz tikinti aparıldığı təsdiqlənib. Amma tikinti sahibi deyir ki, hamı ilə ”hesablaşıb", heç kimdən qorxmur. Bəs biz nə edək?" - deyə şikayətçilər sual edirlər.

Bu sualın cavabını isə cavabdeh şəxslər daha yaxşı bilər...