BolgeXeber.Com » Bölgə » Şirvanda sahibsiz qalan mədəniyyət evləri və kitabxanalar

Şirvanda sahibsiz qalan mədəniyyət evləri və kitabxanalar

27-10-2014, 14:50
Oxunub: 2 931 Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz Abbasovun fəaliyyətindəki nöqsanların sayı-hesabı yoxdur Vəzifəsinə yetərincə məsuliyyət göstərməyən məmurun adı biznes məsələlərində hallandırılır Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələrinin bir neçəsində işlər qaydasında getmir. Buna misal olaraq Şirvan şəhər Mədəniyyət və Turizm Şöbəsini və burdakı qanun pozuntularını göstərə bilərik. Şəhərdəki mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, şöbə müdiri Əziz Abbasov vəzifə səlahiyyətlərini düzgün şəkildə yerinə yetirə bilmir. Elə bunun nəticəsidir ki, Şirvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə vəziyyət ürəkaçan deyil. Qeyd edək ki, Şirvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində Mərkəzi mədəniyyət evi, Mərkəzləşdirilmiş kitabxana sistemi (MKS), Uşaq musiqi məktəbi, Tarix-diyarşünaslıq muzeyi, Dövlət rəsm qalereyası, “Şirvan” mədəniyyət evi, Füzuli adına mədəniyyət və istirahət parkı, Kinovideo birliyi, Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Şirvan şəhərinin ərazisində dövlət mühafizəsinə götürülmüş 5 daşınmaz tarix və mədəniyyət abidəsi vardır. Bunlar aşağıdakılardır: 1.Nekropol; 2.Kür sahilindəki bağ; 3.Yaşayış evi; 4.Təsərrüfat binası; 5.Məscid. Bunlardan birinci ikisi ölkə əhəmiyyətli, digər üçü yerli əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Mənbənin dediklərinə inansaq rayon ərazisində yerləşən klub, mədəniyyət evi və kitabxanaların əksəriyyəti istifadəyə yararsız haldadır: "Əziz müəllimin vəzifəsinə göstərdiyi biganə münasibət şəhərin mədəniyyət ocaqlarının məhvə sürüklənməsinə səbəb olub. Bir vaxtlar müxtəlif mədəniyyət tədbirlərinin keçirildiyi mədəniyyət evləri və klublar indi boş qalıb. Bəzi klubların binası illərdir təmir olunmadığına görə qəzalı vəziyyətə düşüb. Mədəniyyət evlərində də vəziyyət eynidir. Şöbə müdiri sadəcə, görüntü yaratmaq naminə bəzi mədəniyyət evlərini təmir etdirib. Digərlərinin durumu isə qənaətbəxş sayıla bilməz. Bildiyim qədərilə Şirvanda yerləşən mədəniyyət obyektlərinin cari təmirinə hər il büdcədən külli miqdarda vəsait ayrılır. Lakin həmin pulların hara xərcləndiyini, hansı işlərə sərf olunduğunu bilmirik. Şəhərin mərkəzində yerləşən bəzi kitabxanalar oxucu üzünə həsrət qalıb. Çünki həmin kitabxanalarda normal şərait yoxdur. Baxımsızlıq üzündən kitabxana binaları yararsız hala düşüb. Bir neçə kitabxananın dam örtüyü sıradan çıxıb və bu səbəbdən yağış yağanda kitablar pis günə düşür. Əziz Abbasov isə mövcud problemlərlə maraqlanmır". Şöbə müdirinin fəaliyyətindəki nöqsanlardan söz açan mənbə həmçinin bildirdi ki, şöbə müdirini işdə tapmaq çətin məsələdir. O bütün vaxtını şəxsi obyektlərində keçirir. Şirvanın mədəniyyət obyektləri bərbad vəziyyətdədir, amma şöbə müdiri öz biznesini inkişaf etdirmək barədə fikirləşir. Əminliklə deyirəm ki, əgər indiyə kimi Şirvan şəhər Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər təyinatına uyğun şəkildə xərclənsəydi, bu qədər problem meydana çıxmazdı. Bundan başqa, Əziz Abbasov klub və mədəniyyət evlərində çalışan şəxslərə tez-tez mükafat yazır. Amma həmin pullar sahiblərinə çatmır. Bu vəsaitlərin kimin cibinə getdiyi isə aydın məsələdir". Növbəti saylarımızda Əziz Abbasovun bəzi şirkətlərlə qaranlıq tender əməliyyatları və kağız üzərində silinən büdcə vəsaitləri haqda məlumat verməyə çalışacağıq. Çox istərdik ki, nazir Əbülfəs Qarayev Abbasovun fəaliyyətinə nəzarəti gücləndirsin və onun qanuna sığmayan hərəkətləri ilə bağlı ölçü götürsün. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.