Sabirabadlılar hələ də "ağ günə" çıxmayıb
5-10-2010, 04:25
Oxunub: 7 085

Rayonunun Qasımbəyli kəndində adamlar quru yurdda qalıb
Artıq ötən həftədən başlayaraq təbii fəlakətdən ziyan çəkən bölgələrin sakinlərinin ağır güzaranı, təhsil və s. problemlərinə toxunulur. Lakin deyəsən bunların heç bir faydası olmayıb. Belə bölgələrdən biri də Sabirabad rayonudur. Sabirabad rayonunun Qasımbəyli kəndi rayon mərkəzindən 17 kilometr məsafədə yerləşir. Bəy titulunu qazanan bu kənddə heç kim bəy kimi yaşamır. Onları yalnız quru bəylər adlandırmaq olar. Çünki bu ilin mayında baş verən təbii fəlakətdə kənddə yaşayanların var-yoxunu sel yuyub aparıb. Adamlar quru yurdda qalıblar. Təkcə Sarısu gölünün daşması nəticəsində Qasımbəylidə olan 160-dan artıq ev tamamilə suya qərq olub və düz 2 ay müddətində adamlar evlərinə yaxın düşə bilməyiblər. Günü bu gün də kənd sakinlərinin əksəriyyəti Sabirabadın məktəblərində, yaqaxanalarında yerləşib. Amma qəzalı da olsa, öz damı altına yığışanlar da az deyil. Bu gün Qasımbəylidə axtarsan nümunə üçün bircə sağlam bina tapmaq mümkün deyil.
Qasımbəylinin yollarından isə danışmağa dəyməz. Sel küçələri elə dağıdıb ki, hərəkət etmək də çətinləşib. Daha bir çətinlik məktəb sarıdandır. Qasımbəyli kənd orta məktəbində hələ də təbii fəlakətin nəticələri aradan qaldırılmayıb. 290 şagirddən bu gün ancaq 20 nəfəri məktəbə gəlir. Kənd sakinlərinin sözlərinə görə, uşaqların məktəbli geyimi, dərs ləvazımatları olmadığı üçün məktəb gedə bilmirlər. Sel kəndin qəbiristanlığdan da yan ötməyib. May ayında qəbirstanlıq tamamilə su altında qalıb. Buradan su ancaq iyul ayının əvvələrində çəkilməyə başlayıb. Nəticədə qəbiristanlıqda olan əksər qəbir daşları ikiyə bölünüb, məzarlar isə yerlərindən oynayıb.
Sabirabad rayon İcra Hakimiyyətində isə deyirlər ki, Qasımbəyli kəndində qəzalı və uçan evlərin yerində yenilərinin tikilməməsinin bir günahkarı varsa, o da kənd sakinlərinin özləridir. Çünkü vaxtında onlara deyilib ki, kəndi boşaltsınlar və yeni qəsəbəyə köçürülsünlər. Amma kənd sakinləri burada olan torpaq sahələrinə görə köçməkdən imtina edib. Buradan sel-sularının gec çəkilməsi də aparılacaq işləri ləngidib. Ötən həftə isə artıq Qasımbəyli sakinlərinin əksəriyyətinə lazımı konpensasiyalar verilib. Ev itkisinə gəlincə, bu problem də yaxın günlərdə həll olunacaq. Yəni, kənd ərazisində tikintiyə başlanılacaq. Hər halda bu İcra Hakimiyyəti rəsmilərinin mövqeyi idi. Qasımbəylilərinsə halı göz önündədir. Qış yaxınlaşsa da, onlar hələ də evsiz-eşiksizdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər