BolgeXeber.Com » Bölgə » Ağdaşda sahibkarlardan haqq yığılır - İDDİA

Ağdaşda sahibkarlardan haqq yığılır - İDDİA

27-01-2015, 11:25
Oxunub: 4 123 "Açıq şəkildə deyilir ki, kim qeyri-rəsmi ödəniş etməkdən imtina etsə, onu həbs edəcəklər"

Editor.az-ın redaksiyasına məlum səbəblərdən adının çəkilməsini istəməyən bir qrup Ağdaş rayon sakini tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçilər bildirir ki, rayonda həyata keçirilən bütün qurucluq işləri sahibkarların boynuna qoyulub: “Dövlət büdcəsindən rayonun abadlaşdırılması, müasir infrastrukturun yaradılması üçün vəsait ayrılmasına baxmayaraq, bu vəsait təyinatı üzrə xərclənmir. Əvəzində rayonda bütün quruculuq işləri sahibkarların vəsaiti hesabına həyata keçirilir. İcra başçısının adından sahibkarlara hədə-qorxu gəlinir. Açıq şəkildə deyilir ki, kim qeyri-rəsmi ödəniş etməkdən imtina etsə, onu həbs edəcəklər. Bununla bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir nəticəsi olmur. İcra başçısının tapşırığı ilə bizi hədələyən şəxslər bildirir ki, hər şey əlimizdədir, müxtəlif bəhanələrlə sizi “ilişdirərik”. Bilmirik dərdimizi kimə deyək? Onsuz da rayonda iş yerləri yoxdur. Məcbur qalıb həm öz ailələrimizə, həm də qohumlara baxırıq. İcra Hakimiyyəti bizə şərait yaratmaq əvəzinə süni əngəllər yaradır, əlimizdə olanları almağa çalışırlar”.

Editor.az məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətindən də mövqe öyrənib.

Ağdaş rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin əməkdaşı Qalib Məmmədov bildirib ki, hazırda məzuniyyətdədir: “Hazırda mən də məzuniyyətdəyəm, icra başçısı da. Ona görə bir söz deyə bilmərik”.
Bolgexeber.com