BolgeXeber.Com » Bölgə » Xaçmaz 1 saylı Notariat Kontorunda nələr baş verir?

Xaçmaz 1 saylı Notariat Kontorunda nələr baş verir?

10-02-2015, 12:50
Oxunub: 4 908 Xüsusi notarius Firdovsi Məmmədov notariat hərəkətlərini düzgün şəkildə icra etmir

Onun işində və davranışlarında ciddi nöqsanların olduğu bildirilir Son illər həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində notariat institutunda da müəyyən irəliləyişlər müşahidə olunmaqdadır. Belə ki, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, notariat orqanlarının işində nöqsan və çatışmazlıqların aradan qaldırılması, əməkdaşların məsuliyyət hissinin artırılması üzrə bir çox işlər görüb. Lakin bununla bərabər, qeyd etmək lazımdır ki, hələ də işinin öhdəsindən lazımınca gəlməyi bacarmayan, bir sıra nöqsanlara yol verən notariat kontorları var. Onlardan biri də Xaçmaz rayon 1 saylı Notariat Kontoru və onun rəisi, xüsusi notarius Firdovsi Məmmədovdur. Redaksiyamıza daxil olan məlumatlara görə, Firdovsi Məmmədovun rəhbərlik etdiyi notariat kontorunda çox ciddi qanun pozuntularına imza atılır: "Kontorda əqdlərin və etibarnamələrin təsdiq edilməsi, miras əmlakın mühafizə olunması, vərəsəlik hüququ, eləcə də ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü, imzaların həqiqiliyini, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü, şəxsin sağ olması və ya müəyyən yerdə olması faktını, şəxslə fotoşəkildəki şəxsin eyniliyini, sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsində və vasitəçi olduğu digər bir sıra önəmli prosedurlarda ciddi nöqsanlara yol verilməklə yanaşı, vətəndaşlardan əlavə ödənişlər tələb olunur. Əgər kimsə maşın alırsa və sonra həmin maşını sürə bilmək üçün avtomobil sahibindən etibarnamə götürməlidirsə, bu, notariat kontorunda təsdiqlənməlidir. Əslində, bu, təbii haldır. Çünki müvafiq qanunlara görə, proses məhz bu cür olmalıdır. Lakin bu zaman müəyyən əyrintilərə yol verilir, həmçinin başqa prinsip də işə salınır. Həmçinin notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumu ödənildiyi zaman müəyyən qanunsuzluqlara yol verilir. Bəzən elə də olur ki, notariat xidmətlərində vətəndaşa ödəyəcəyi məbləğ üçün hətta qəbz belə təqdim olunmur. Bundan başqa, sənədləşmə əməliyyatı zamanı dövlət rüsumundan artıq pul tələb olunur. Müraciət edənlərin çoxunun hüquqi biliyə malik olmaması nəticə etibarı ilə onların aldanılmasına gətirib çıxarır. Yəni vətəndaşların hüquqi savadsızlığından istifadə olunur". Aldığımız məlumatda o da bildirilir ki, xüsusi notarius Firdovsi Məmmədov əlində olan səlahiyyətlərdən istifadə edərək özünə böyük biznes qurmağa müvəffəq olub: "Kontora gün ərzində yüzlərlə vətəndaş müraciət edir. Müraciətlərin əsas hissəsi sənədin surətinin əslilə düzgünlüyünün təsdiq edilməsi ilə bağlı olur. Təkcə bu xidmətin müqabilində əhalidən xeyli miqdarda əlavə rüsum toplanılır. Bu şəxsin bir sıra özbaşına əməlləri ucbatından Xaçmaz sakinlərinin bir neçəsinin şəxsi avtomobilləri qanunsuz olaraq müxtəlif şəxslər tərəfindən ələ keçirilib, bir müddət sonra isə satışa çıxarılıb. Firdovsi müəllimin işində və davranışlarında ciddi nöqsanlar var. O, notariat kontorunda dövlət tərəfindən müəyyənləşdirilmiş rüsumları deyil, məhz özünün təyin etdiyi "şərt"ləri tətbiq edir. Elə bu səbəbdən də Xaçmaz şəhər 1 saylı Notariat Kontorunda alınan rüsumlarla qanuni dövlət rüsumları arasında böyük fərq hiss olunur. Xüsusi notarius məhz bu iş prinsipi sayəsində maliyyə imkanlarını genişləndirib, özünə böyük biznes yaradıb". Xatırladaq ki, Firdovsi Məmmədovun adı bir müddət əvvəl "Qütb" Teleradio Şirkətinin alqı-satqı işindəki qaranlıq məsələyə qarışıb. Yayılan məlumatlara əsasən 2010-cu ildə adıçəkilən telekanalın təsisçiliyi Mahir Orucov adlı şəxsin əlindən müxtəlif maxinasiyalarla alınıb: "Mahir Orucov 2010-cu ildə "Regional TV"nin icraçı direktoru Məsim Məsimovun təklifi və iştirakı ilə "Qütb" telekanalını tanımadığı bir şəxsə satıb. Qarşı tərəf Mahir Orucova razılaşdıqları məbləğin bir hissəsini versə də, sənədləşdirmə işlərinin yekunlaşmasına baxmayaraq, telekanalın təsisçisi hələ də pulunu tam şəkildə ala bilməyib. Xüsusi notarius düz 3 ildir ki, "Qütb" Teleradio Şirkətinin alqı-satqı müqaviləsini Mahir Orucova vermir. Firdovsi Məmmədov müxtəlif bəhanələrlə alqı-satqı müqaviləsini təqdim etməkdən boyun qaçırır". Yazıda qeyd olunan məsələləri dəqiqləşdirmək məqsədilə Xaçmaz 1 saylı Notariat Kontorunun 0233255540 nömrəli əlaqə telefonuna gün ərzində dəfələrlə zəng vursaq da, dəstəyi qaldıran olmadı. İnanırıq ki, Ədliyyə Nazirliyinin rəhbərliyi Firdovsi Məmmədovla bağlı irəli sürülən ittihamları tezliklə araşdırıb müvafiq ölçü götürəcəklər. Qarşı tərəfi də dinləyə bilərik. -