BolgeXeber.Com » Bölgə » Qərib Məmmədovun komitəsi ləğv edildi, amma şikayət bitmir-FOTO

Qərib Məmmədovun komitəsi ləğv edildi, amma şikayət bitmir-FOTO

12-02-2015, 12:10
Oxunub: 3 714 "Torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki"...

Bolgexeber.com-un redaksiyasına Göyçayın Cəyirli kənd sakini Rahim Feyzullayev müraciət edib. R.Feyzullayev prezidentin sərəncamı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsindən şikayətçidir. R.Feyzullayev yazır ki, rayon torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev və Göyçay Rayon İcra Qrupu ona ziyan vurub: “

Göyçay Rayon Aqrar İslahatlar Komissiyasının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 hektar torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev başqa şəxslərə qanunsuz olaraq satıb.

Uzun müddətli məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edildi. Bu sahənin özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisad Məhkəməsi 25.11.2014-cü il tarixdə qərar çıxardı”.

Vətəndaş bildirir ki, Şəki İnzibati-İqtisad Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı qanuni qüvvəsini almasına və icraya yönəldilməsinə baxmayaraq, Göyçay rayon İcra Qrupu məhkəmə qərarını icra etmir:

“Hətta torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki, mən torpağı qaytarmayacağam, çünki torpağı Nofəl Fərzəliyevə pul verib almışam”. Şikayətçi hökumətdən kömək gözləyir:

“Uzun illərdi torpağımızın zəbt olunmasına görə əkib-becərə bilmirik. Sevindik ki, məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq məhkəmə qərarı icra edilmir.

Biz bu barədə Ədliyyə naziri cənab Fikrət Məmmədova şikayət göndərmişik. Mən mətbuat vasitəsi ilə cənab nazirə müraciət edirəm ki, məhkəmənin ədalətli qərarının icrasında bizə yardım etsin”.
Bolgexeber.com