BolgeXeber.Com » Bölgə » Taksi sürücüsünü amansızlıqla öldürənlər həbs edildilər

Taksi sürücüsünü amansızlıqla öldürənlər həbs edildilər

22-12-2011, 11:45
Oxunub: 4 409 Siyəzən rayonunda törədilən qətlin üstü açılıb

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, 3 dekabr 2011-ci il tarixdə saat 09:00 radələrində Siyəzən rayonunun Qırçal kəndi ərazisində döş qəfəsinin ön və arxa səthlərində çoxsaylı kəsici-deşici xəsarətləri olan 20-25 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Fakta görə Siyəzən rayon prokurorluğunda həmin tarixdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə rayon prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, öldürülən şəxs 1991-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Vəliyev Elvin Vəli oğludur.

İstintaqla həmçinin müəyyən edilib ki, Siyəzən şəhər sakini, 1983-cü il təvəllüdlü Camalov Natiq Cavanşir oğlu E.Vəliyevlə əvvəllər aralarında baş vermiş münaqişəyə görə onu qəsdən öldürmək qərarına gəlib və bu məqsədlə dekabrın 2-də saat 18 radələrində Bakı şəhəri, Binə qəsəbəsində kirayədə birgə yaşadığı həmyerlisi 1989-cu il təvəllüdlü Bəkirov Vüqar Lazım oğlu ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Elvin Vəliyevin avtomaşınına əyləşərək sonuncudan onları Siyəzən şəhərinə aparmağı xahiş edib.

Şəhərə çatdıqdan sonra Natiq Camalov Elvin Vəliyevə kəndə köçdüklərini deyərək avtomobili hadisənin baş verdiyi Qırçal kəndinə sürdürüb və kəndə çatmamış yolun kənarında avtomobili saxladaraq Elvin Vəliyevi avtomobildən düşürüb ona üstündə olan bıçaqla zərbələr vurmağa başlayıb. Sonuncu müqavimət göstərdiyindən onlar birlikdə Elvin Vəliyevi yerə yıxıb, daha sonra isə Natiq Camalov yenidən çoxsaylı bıçaq zərbələri vurmaqla onu qəsdən öldürərək avtomobilini ələ keçiriblər.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində N.Camalov və V.Bəkirov dekabrın 21-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələrinə tövsif edilərək N.Camalov və V.Bəkirova qeyd edilən maddələrlə ittiham elan edilib.

Hazırda rayon prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.