BolgeXeber.Com » Bölgə » YAP namizədindən müxalifətə pul axir...

YAP namizədindən müxalifətə pul axir...

9-10-2010, 05:45
Oxunub: 6 110

Bu işi “Karat” firmasının sahibi həyata keçirir

Seçki prosesi başlayandan bəri hakim partiyanın deputatlığa namizədlərinin çoxu mandata yiyələnmək üçün “səxavət kisələrinin” ağzını gen açıblar. Seçicilərə pul vəd eləyənlər, kəndlərə yol çəkənlər, məntəqə üzvlərini pulla ələ alanlar, camaata süfrə açıb bir kasa bozbaş hesabına Milli Məclisə düşmək istəyənlər çoxdur... Onların sayı-hesabı bilinmir.

“Bolgexeber” olaraq bu barədə çox yazmışıq. Seçicini bu yolla ələ almaq, xalqın gözünə kül üfürmək cəhdləri o qədər geniş yayılıb ki, belə xəbərlərlə indi daha heç kimi təəccübləndirmək olmur.

79 saylı İmişli seçki dairəsi seçicilərindən aldığımız bir xəbərə isə təəccüblənməmək olmur. Rayondakı mənbələrimizin sözlərinə görə, YAP-ın siyahısında bu dairədən vahid namizəd göstərilən Əsabil Qarakişi oğlu Qasımov da seçki prosesində pul xərcləyir, amma xalq və YAP yolunda yox.

Mənbəmiz iddia edir ki, kifayət qədər imkanlı iş adamı olan Ə.Qasımov nəyə görəsə müxalifət partiyalarından birinin rəhbərinə hazırda yaxşıca pul ötürür.

Biz YAP-ın siyahısında olan şəxsin nəyə görə məhz müxalifəti maliyyələşdirməsinin səbəblərini öyrənməyə çalışsaq da buna nail ola bilmədik. Mənbələrimiz bununla bağlı əlavə bilgi vermədilər, təkcə onu dedilər ki, un istehsalı ilə məşğul olan “Karat” firmasının sahibi olan iş adamı hətta YAP-ın onu öz siyahısına salmasından da məlumatsız olub.

Ümumiyyətlə isə bir vaxtlar İmişlinin icra başçısı olmaq istəyən, amma planı baş tutmayan Ə.Qasımov YAP-dan möhkəm narazıdır. YAP da onun könlünü almaq üçün deputatlığa namizəd göstərib və adını siyahısına salıb.

Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.