BolgeXeber.Com » Bölgə » Zaqatalaya güclü qar yağıb

Zaqatalaya güclü qar yağıb

20-01-2012, 12:55
Oxunub: 5 121 Ölkənin şimal-qərb bölgəsində iki gündür, qeyri-sabit hava şəraiti hökm sürür

Əməkdaşımızın bürosunun məlumatına görə, ötən gün səhər saatlarında bölgənin Oğuz, Şəki, Qax rayonlarına qar, Balakən və Zaqatala rayonlarına isə yağış yağıb. Dünən axşam saatlarından isə bölgənin bütün rayonlarına qar yağmağa başlayıb. Havanın temperaturu dağlarda 8 dərəcə şaxta, bölgənin aran ərazilərində isə 0 dərəcə təşkil edib.

Hazırda qar davam edir. Bölgədə ən çox qar Zaqatala və Balakən rayonlarına düşüb. Zaqatala şəhəri ərazisində qarın qalınlığı 25, Balakən şəhərində 20 sm, bu rayonların dağətəyi kəndlərində 40-50 sm-ə çatır.

Qax, Şəki və Oğuz rayonlarının mərkəzlərində isə 15-20 sm hündürlüyündə qar var.

Rayonların icra hakimiyyətlərindən verilən məlumata görə, rayon fövqəladə hallar komissiyasının üzvləri və müvafiq təşkilatların nümayəndələri yolların təmizlənməsi ilə məşğuldurlar.

Bölgəyə güclü qar yağması səbəbindən Balakən və Zaqatala rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilməsində gecə saatlarından məhdudiyyətlər yaranıb. Hazırda rayonların paylayıcı elektrik şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən nasazlığı aradan qaldırmaq üçün tədbirlər görürlər. Bölgədə qarlı, şaxtalı hava şəraitin hökm sürməsinə baxmayaraq, təbii qazın verilməsində məhdudiyyət yaranmayıb.
Bakı və Abşeron yarımadasında yanvarın 20-dən 21-ə keçən gecə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Yanvarın 22-də havanın buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 21-də havanın yağıntılı olacağı, qar yağacağı, səhər qərb rayonlarında, gündüz şərq rayonlarında tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yanvarın 22-də hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 22-də axşam bəzi şərq rayonlarında havanın çiskinli, bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.