Qazaxda nazir müavininin qardaşı narazılıq yaradır
30-05-2015, 17:35
Oxunub: 3 980
Qazaxlı iş adamları və sakinlər icra başçısı Ayaz Əsgərovun özbaşına əməllərindən təngə gəliblər
Rayonun sosial-iqtisadi inkişafı məqsədilə ayrılan vəsaitlər kim(lər)in büdcəsini şişirdir?
Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı, nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Ayaz Əsgərov haqqında son vaxtlar xoşagəlməz informasiyalar yayılmaqdadır. İş adamları və yerli sakinlər icra hakimi tərəfindən üzləşdikləri haqsızlıqlara etiraz olaraq müxtəlif dövlət qurumlarına müraciət ünvanlayıblar. Hələliksə icra hakimi ilə bağlı lazımi cəza tədbirləri həyata keçirilməyib. Qeyd edək ki, dövlət başçısı iş adamlarının haqsız incidilməsi ilə bağlı məmurlara dəfələrlə xəbərdarlıq etsə də, bəzi rayon rəhbərləri ölkə rəhbərinin bu xəbərdarlığından nəticə çıxarmayıb.
Ümumiyyətlə, ölkə başçısının məmurlara vətəndaşlarla mülayim rəftar etmələri haqda verdiyi göstərişlərə bəzi hallarda əməl edilmir. Bu baxımdan Qazax rayonunda da ciddi problemlər hökm sürür. Xatırladaq ki, "Qarabağ Qaziləri" Birliyinin Qazax filialı İdarə Heyəti tərəfindən bir müddət əvvəl mətbuat vasitələrinə şikayət məktubu göndərilib. Qazax rayonunda Qarabağ əlillərinə, şəhid ailələrinə qarşı ögey münasibətdən gileylənən şəxslər rayonda vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstəyin diqqətdən kənarda qaldığını bildiriblər: "Birliyin Qazax rayon filialı fəaliyyətə başlayarkən bir iş adamı tərəfindən ofis yeri ilə təmin olunmuşdu. Sonra həmin binada tədris mərkəzi yaradıldığına görə filial ofissiz qaldı. İki il əvvəl ofislə təmin olunmaq üçün Qazax Rayon İcra Hakimiyyətinin başçısına müraciət etdik. İcra başçısı məcburi köçkünləri yerləşdirdikdən sonra bizə ofis yeri verəcəyinə söz verdi. Amma vədinə əməl etmədi. Çünki yer boşalan kimi satılır. Bizim filial rayonda yeganə təşkilatdır ki, ofisi yoxdur. Süründürməçilik və aldatmalar bu gün də davam etməkdədir. Ayaz Əsgərov vəzifə başına gələndən haqsızlıq artıb. O Qarabağ qazilərinin işlə və ya maddi cəhətdən təmin olunmaları üçün heç bir köməklik göstərmir. "Mənim əlillərə kömək edəcək fondum yoxdur", deyə bildirir. Vətənin müdafiəsində şəhid və əlil olanlara qayğı yox dərəcəsindədir". İcra başçısının fəaliyyətindəki neqativ hallarla bağlı yuxarılara ünvanlanan şikayətlərin ardı-arası kəsilmək bilmir. Belə ki, bu günlərdə Qazax rayon sakini Şirəliyev Cavid Ələsgər oğlunun prezidentə müraciəti bəzi saytlarda gedib. O bildirib ki, son zamanlar Qazax rayonunda məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları və qanunsuzluqlar dözülməz həddə çatıb: "İcra başçısının qanunsuz fəaliyyəti əhali arasında narazılıqlar yaradıb. Rayonda ciddi sosial-iqtisadi problemlər hökm sürür. Tam məsuliyyətlə demək olar ki, bütün idarə, müəssisə və təşkilatların fəaliyyətində və maliyyə-təsərrüfat işlərində ciddi qanun pozuntuları mövcuddur. Əsasən rayonun sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində ayrılan vəsaitin çox hissəsi mənimsənilir. İcra başçısı, rayon bələdiyyəsinin sədri Oqtay Hüseynov və ləğv edilmiş torpaq şöbəsinin müdiri Sərxan Nəbiyev, habelə digər bir neçə vəzifəli şəxs "torpaq islahatı" adı altında rayonun strateji əhəmiyyətli torpaq sahələrini qazanc əldə etmək məqsədilə iş adamlarına verməklə məşğuldurlar. Rayonun "Su-15" ərazisində yerləşən orta məktəbin qarşısındakı təxminən 2 hektara yaxın torpaq sahəsi qısa müddət ərzində satılaraq mənimsənilib. Hazırda həmin yerlərdə çoxsaylı ticarət obyektlərinin tikintisi həyata keçirilir. Bu isə əhali arasında ciddi söz-söhbətlər və narazılıqlar yaradır. Lakin aidiyyəti qurumlar həmin vəzifəlilərin qanunazidd və özbaşına hərəkətlərini ört-basdır etməyə çalışır". İcra hakiminin fəaliyyətindən narazı qalan şəxslərdən biri də iş adamı Qalib Binnətovdur. O bir neçə gün əvvəl "Qafqazinfo"ya müraciətində bildirib ki, icra başçısı ondan aqlay daşları alsa da, pulunu ödəməyib: "2012-ci ilin yanvar ayında icra başçısının müavini Tahir Musayev mənim fəaliyyət göstərdiyim müəssisəyə gələrək icra başçısının aqlay daşların məndən alınması haqda göstəriş verdiyini dedi. Bundan sonra Tahir müəllim məni iş icraçısı Oruc adlı şəxslə tanışetdi və materialları ona verməli olduğumu söylədi. Bir neçə ay keçsə də, hələ də daşlara görə pul almamışdım. İcra Hakimiyyətinə müraciət etdim, dedilər "büdcədə pul yoxdur, gözlə". Mən də pul qazana bilmədiyim üçün yeni daşlar ala bilmədim və daşların verilməsini dayandırdım. Bir neçə gün sonra başçı və rayonun baş memarı Mehdi müəllim maşında mənimlə görüşdülər. Daşların verilməsini niyə dayandırdığımı soruşdular. Mən də daş almaq üçün pulumun olmadığını dedim. Vəd verdilər ki, sən öz əlaqələrindən istifadə et, daş al bizə ver, sonda bütün pulun ödəniləcək. Bakıdan tanış mağazalardan nisyə daş alıb Oruca verdim. 2012-ci ilin aprelində iş tamamlandı. Onlara verdiyim daşların ümumi məbləği 54 min 676 manat oldu. Amma bu vaxta kimi icra hakimiyyətindən cəmi 4 min 200 manat pul ala bilmişəm. İcradan deyirlər ki, get Oruc İsmayılovu məhkəməyə ver, pulunu ondan al. Orucu tanımamışam, mənlə onu başçının müavinləri tanışedib. Bu adam polisə ifadəsində məndən 40 min manat dəyərində material götürdüyünü etiraf edib və bildirib ki, bunu icra hakimiyyətinin məsul şəxslərinin tapşırığı ilə edib". Pulunu ala bilməyən sahibkar Qazax Rayon Məhkəməsində icra başçısının müavini Tahir Musayev və Oruc İsmayılov barəsində iddia qaldırıb: "Qərar verilib ki, mənə olan borc 40 min manat Oruc İsmayılovdan alınıb ödənilsin. Apellyasiya Məhkəməsi isə qərarın "Oruc İsmayılov tərəfindən ödənilsin" hissəsini ləğv edib. Beləliklə, ortada 40 min manat borc olduğu haqda qərar var, amma kimin ödəməli olduğu bilinmir". Maraqlıdır ki, Qazax RİH-in başçısı haqqında səsləndirilən fikirlərdən heç birinə indiyə qədər münasibət bildirməyib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda isə vurğulanır ki, son zamanlar Qazaxda yaşanan sosial-iqtisadi problemlərlə bağlı müvafiq qurumlara göndərilən şikayətlərin sayının artması icra hakiminin gələcək karyerası ilə bağlı ciddi müzakirələrin başlamasına rəvac verib. Deyilənə görə, ölkə rəhbərliyinin etimadını doğrulda bilməyən məmur yaxın günlərdə tutduğu vəzifədən kənarlaşdırıla bilər.gundelik-baku
Mövzu ilə bağlı bütün tərəflərin cavab haqqını tanıyırıq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər