BolgeXeber.Com » Bölgə » Ağdaşda bir məktəb bağlandı

Ağdaşda bir məktəb bağlandı

15-10-2010, 03:45
Oxunub: 3 926

Aşağı Zeynəddin kəndində şagirdlər təhsilsiz, valideynlər əlacsız qalıb

Ağdaş rayonu Aşağı Zeynəddin kənd orta məktəbi köçürülüb və məktəb binası satılıb. Bu barədə kənd sakini İbrahim Həsənov “Bolgexeber.com” -a şikayətində bildirib. “Kəndimizdə bir məktbə var idi. Məktəb 12 il idi ki, fəaliyyət göstərirdi. Uşaqlar da kəndə yaxın olduqlarına görə məktəbə rahat gedirdilər. Məktəbin direktoru Sərdar Həsənov məktəbi Mingəçevir şəhərinə köçürdüb. Məktəb binasını da satıb. Uşaqlar da qalıb avara. Başqa məktəb də uzaqdadır”.

Şikayətçinin sözlərinə görə, bağlanan məktəbdə 27-28 uşaq təhsil alırmış. Məktəb bağlanandan sonra onlardan 5-6-sı ən yaxın kənd məktəblərinə getsə də, qalan uşaqlar təhsillərini yarımçıq qoymalı olub.

Məsələ ilə əlaqədar məktəb direktoru Sərdar Həsənov “Bolgexeber.com”-a açıqlamasında səslənən iddiaların əsassız olduğunu bildirib. “Məktəbdə cəmi 12 şagird var idi. Dərs saatları da çox az idi. Məktəb binası da təhsil üçün yararsız idi. Bu səbəbdən məktəbi əhalinin daha sıx məskunlaşdığı əraziyə köçürtməyi qərara aldıq” söyləyən məktəb direktoru köçürülmə əməliyyatının təhsil şöbəsilə də razılaşdırıldığını bildirib.

Məktəb direktorunun sözlərinə görə, təhsil müəssisəsi bağlanan zaman şagirdlərə başqa məktəblərə qəbul olunmaq üçün arayış da verilib. O həmin kənddə yaxın ərazidə məktəb olduğunu bildirib. Onun sözlərinə görə, kəndin 35 km-də məktəb var, lakin valideynlər inadkarlıq edərək uşaqlarını başqa yerdə oxumağa qoymurlar.

Məktəbin köçürülməsilə əlaqədar məsələyə aydınlıq gətirmək üçün Kəlbəcər rayonu Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırov məktəbin başqa əraziyə köçürülməsindən xəbərdar olduğunu bildirib. O bunu məktəbdə şagirdlərin azlığı ilə əlaqələndirib. 12 il fəaliyyət göstərən məktəbin birdən-birə niyə bağlanmasını şöbə müdiri əhalinin varlanaraq kəndi tərk etməsilə bağlayıb. “Kəndin sakinləri varlandığına görə başqa yerlərə köçüblər. Hazırda kənddə əhali azdır. Bu səbəbdən də məktəbə az şagird gəlir”.

Köhnə məktəb binasının satılmasına gəlincə, şöbə müdiri bunu cəfəngiyyat adlandırıb.

Bəlkə də, şikayətlər doğrudan da əsassızdır. Lakin ölkənin gələcəyi olan uşaqların təhsilsiz qalması heç nə ilə əsaslandırıla bilməz. Burada isə kimin günahkar olmasından asılı olmayaraq, təhsilsiz qalan yalnız uşaqlardır.