BolgeXeber.Com » Bölgə » Sel bölgəsində fəhlə ixtisarı

Sel bölgəsində fəhlə ixtisarı

18-10-2010, 02:05
Oxunub: 6 167
FHN-in Tikinti İdarəsinin rəhbəri Sabirabadda 20 işçisini çörəksiz qoydu

Məlum olduğu kimi, bu ilin mayında Aran bölgəsində baş vermiş sel fəlakətindən sonra əhalinin əmlakına ciddi ziyan dəyib. Bu ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. Həmin pullar hesabına seldən əziyyət çəkən rayonlarda evləri uçmuş şəxslərə yeni mənzillərin tikilməsi prosesini isə FHN-in Tikinti İdarəsi həyata keçirir.

Bolgexeber.com-a verilən məlumata görə, xeyli müddətdir Sabirabadın Azadkənd kəndində məskunlaşmış FHN-in Tikinti İdarəsinin iki briqadasında kütləvi işdən çıxarma halları müşahidə olunub. Bu barədə məlumat verən mənbə bildirir ki, idarənin rəhbəri Şahin adlı şəxsin əmriylə bir gündə 20 nəfər işdən azad edilib. Bunun səbəbləri ilə bağlı isə heç bir məlumat verilmir.

Mənbə bildirir ki, Sabirabad rayonunda seldən əziyyət çəkənlərin sayının çox olması üzündən tikinti işlərində işçi qüvvəsinə ehtiyac var. Lakin belə bir vəziyyətdə 20 fəhlənin işdən çıxarılmasının nəyə görə baş verdiyi heç kimə məlum deyil. Ümumiyyətlə, bu addıma hər hansı bir qiymətin verilməsi də mümkün deyil. Amma alınan məlumatlardan belə məlum olur ki, idarənin rəhbəri Şahin adlı şəxs bu addımı şəxsi təşəbbüsü və heç bir əsas olmadan atıb.

Bolgexeber.com-a çatan məlumatlardan o da məlum olub ki, FHN-in Tikinti İdarəsi işəgötürən zaman əmək qanunvericiliyinin tələblərinə ümumiyyətlə, riyayət etmir. Belə ki, idarənin rəhbərliyi işçi işə götürən zaman onlarla nə əmək müqaviləsi bağlayır, nə də işçilərin həyatını sığorta edir. Bundan başqa, fəhlələrə verilən əmək haqqının da bir qisminin kəsildiyi barədə bilgilər var.