BolgeXeber.Com » Bölgə » İsmayıllı təhsilində Hesablama palatasının aşkarladığı qanunsuzluqlar

İsmayıllı təhsilində Hesablama palatasının aşkarladığı qanunsuzluqlar

19-09-2015, 16:16
Oxunub: 3 356 İsmayıllı təhsilində Hesablama palatasının aşkarladığı qanunsuzluqlarAldığımız məlumata görə hesablama palatası xeyli vaxtdır ki, İsmayıllı rayonunda ayrı-ayrı idarə və müəssisələrdə maliyyə yoxlaması həyata keçirir. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hesablama palatasının əməkdaşları hazırda rayon təhsil şöbəsində maliyyə yoxlamalarına başlayıblar. Mənbə qeyd edir ki, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov çox çalışsa da ki, yoxlamanı rəhbərlik etdiyi qurumdan uzaqlaşdırsın, ancaq bu heç cür alınmayıb və yoxlmanın vacibliyi miskin müdirin diqqətinə çatdırılıb və işə start verilib.
Aldığımız məlumata görə rayon təhsil şöbəsində xeyli sayda qanunsuzluqlar, yeyinti və əyriliklər mövcuddur. Hər il yüz minlərlə dövlət vəsaitləri uşaq gənclər və idman məktəbinə, şahmat məktəbinə yumuşaq invertarların alınması və sairlərə xərclənir adı altında müdür və əlaltıları tərəfindən mənimsənilir. Hər kəsə gün kimi aydındır ki, hər ay məktəb direktorlarından haqq yığılır. Müdir Rasim Orucovun hesablarını təhsil şöbəsində məsləhətçi işləyən Ramiz Baloğlanovun yığdığı bildirilir. Müəllimlərin işə qəbulu üçün onlardan məktəbinə uyğun olaraq 1500-3000 azn istənildiyi də diqqətimizə çatdırıldı. Son illər rayon təhsilinin çox yüksək səviyyədə olmasını qeyd edirlər. Ancaq reallıq bunun yalan olduğunu ortaya qoyur. Belə ki, rayonda dərs vaxtları məktəblərdə dərs keçirilmir. Ali məktəblərə qəbul olunan abuturiyentlərin 100 % -i repititor yanına getməklə buna nail olurlar. Adı məktəbdə, özü isə müəllim yanına hazırlığa gedən istənilən qədər şagirdlər var. Bundan əlavə tanışlıq zəmnində Bakı şəhərində, yaxud başqa hazırlıq kurslarında oxuyan şagirdlərin adları ali məktəbə daxil olduqdan sonra İsmayıllı təhsilinin uğuru kimi qeyd edilir. Rayon ərazisində oxumayıb ancaq saxta atestatlar alan məzunların olduğu məsələsinin üzərində mənbəmiz xüsusilə dayanır. Rayon təhsil sistemində istənilən qədər saxta diplomlu şəxslərin çalışdığı qeyd edilir. Rayon təhsil sisteminin çürüdüyünü bildirən mənbə qeyd edir ki, müdir Rasım Orucov müdir olduğu bir neçə ildə artıq ən imkanlı oliqarxa çevrilib. Onun kürəkənləri üçün Bakı şəhərində mənzil və digər daşınmaz əmlak aldığı bildirilir. Rayon təhsil sistemi bütün rəhbər şəxlərin yeyinti yerinə çevrilib.
Bütün baş verənlərə müəllimlər etiraz etdilər. Yazının əvvəlində qeyd etmişdik ki, hazırda rayon təhsil şöbəsində hesablama palatası maliyyə yoxlaması aparır. Bu gün şəhər məktəblərindən birində işləyən, adının çəkilməsini istəməyən müəllimə cumhuriyyət. az olaraq bizə müraciət etdi. Müəllimə qeyd edir ki, müdir Rasim Orucovun adı ilə məktəb direktorları hər bir müəllimdən 100 manat pul yığıblar: “Onlar hesablama palatasının külli miqdarda yeyinti aşkarladığını və bunun rüşvət müqabilində ört-basdır edilə biləcəyini qeyd edirlər. Mən ayda 140 manat əmək haqqı alıram, niyə onun yüz manatını kiməsə verməliyəm?Kəsiri var bu mənim problemim deyil ki, Rasim müəllim zəhmət çəkib qanunsuzluq etməyəydi, bilmirdi ki, hökumətin pulunu yemək olmaz?Bilmirdi ki, hökumətin pulu ilə qohumlarına Bakıda ev, maşın alanda günlərin birində onun yaxasından yapışacaqlar?Deməli, Rasim müəllimi sudan quru çıxarsınlar deyə mənim uşaqlarım bir ay ağızlarını göyə tutub yaşamalıdırlar?Dərslər başlayıb mən onlara lazımı şeyləri ala bilməmişəm. Direktor bizi dirəyib pulu zorla aldı. Dedi ki, ya pulu ver, ya da işdən azad olunacaqsan. Daha bezmişik, nə qədər pul vermək olar?Tədbir pulu, bayram pulu, nazirlikdən qonaq gəlib pul yığın. Bunlarda heç utanan sifət də yoxdur. Fikirləşmirlər ki, qarşımda dayanan da axı adamdır, axı onun da evdə uşaqları var. İnsaf, mürvət qalmayıb. Bizi adam yerinə qoymurlar. Elə bil bunların dədələrinə borcumuz var. Hesablama palatası güya gəlib ki, qanunsuzluğu ortaya çıxarıb, hökumətin oğurlanmış pulunu ortaya çıxarsın. Budurmu qanuna hörmət?Belə edəcəkdilərsə daha əziyyət çəkib Bakıdan İsmayıllıya niyə gəlirdilər, elə xəbər edəydilər pul yığıb göndərəydik də. Bir para gəlib çörəyimizi əlimizdən aldılar. Hara gedirik belə yalanlarla?Ataların bir gözəl misalı var. A keçəl başını yudunmu?Yudum da, daradım da. Hesablama palatası rüşvəti alıb yazacaq ki, İsmayıllı təhsil şöbəsində hər şey qaydasındadır. Vəssəlam, çıxıb gedəcəklər Rasım müəllim də yenidən qollarını çırmalayıb düşəcək bizim canımıza. Açıqca rekerdlik edirlər. Dirəşirlər ki, bu qədər verməlisən. Direktor həm bizdən zorla pul alır, həm deyir ki, orda-burda danışmayın, icra başçısına çatsa pis olar. Yaxşı bunu alırsansa başçı niyə də bilməsin. Qorxursunuzsa deməli qanunsuz iş tutursunuz da. Mən xahiş edirəm belə qanunsuzluqlara son qoyulsun. Bizlər aylıq əmək haqlarımızı tam şəkildə evimizə apara bilmirik. Direktor əmək haqqımızı əlimizdən alır”.
Redaksiyadan: Bir neçə gün bundan əvvəl dövlət başçısı Kürdəmir rayonunda olarkən açıqca bəyan etdi ki, ən güclü nəzarət ictimai nəzarətdir. Prezident hər bir vətəndaşa səsləndi və bildirdi ki, qanunsuzluqlar barəsində, bürokratik əngəllər barəsində, məmur özbaşnalığı barəsində, korrupsiya barəsində ona siqnallar verilsin. Dövlət başçısı vətəndaşlardan bu işdə ona kömək etmələrini istədi. Buyurun bu da fakt.