BolgeXeber.Com » Bölgə » Korrupsiyanın fontan vurduğu rayon - Balakəndə heç də bal əkilməyib...

Korrupsiyanın fontan vurduğu rayon - Balakəndə heç də bal əkilməyib...

1-10-2015, 10:39
Oxunub: 2 918 Korrupsiyanın fontan vurduğu rayon - Balakəndə heç də bal əkilməyib..."Balakən notariusundakı özbaşnalıqlara niyə son qoyulmur?"

Cumhuriyyet. az-ın ötən sayında Balakən rayonunda olduğumuz üç gün ərzində görüb müşahidə elədiklərimizi, sıravi, ikinci və üçüncü dərəcəli məmurlarla söhbətlərimizdən təəssüratlarımızı onların dili ilə dərc etmişdik. Biz bu üç gün ərzində Balakən və balakənlilərin olduqca könül oxşayan qonaqpərvərliyini və düzə meylliliyini də qeyd etməklə vurğulamışdıq ki, elə bu mənzərə istər-istəməz insanda ani də olsa pisi unudub gələcəyə inamla baxmağa yardımçı olur. Ancaq nə edək, bu səfər zamanı biz daha çox mənfiləri gördüyümüz üçün görüb eşitdiklərimizi olduğu kimi də dərc etdik.
“Korrupsiya və qanunsuzluğun ucqar ünvanı-Balakən” başlıqlı yazıdan dərhal sonra Balakən rayonunda böyük narahatlıqların baş qaldırdığı haqda siqnal aldıq. Necə deyərlər, deyəsən atdığımız ox onluğa dəyib. İndi isə dəyərli oxucularımıza söz verdiyimiz kimi yarımçıq qaldığımız yerdən başlayaq. Sözümüz rayon icra hakimiyyətinin başçısı hörmətli İslam Rzayevədir. Hörmətli İslam müəllim. Bizim sizinlə hər hansı şəxsi düşmənçiliyimiz və ədavətimiz yoxdur. Qətiyyən düşünməyin ki, bizlər kimlərinsə maraqlarından çıxış edirik. Xeyr belə olmayıb, ola da bilməz. Haqqınızda yazdıqlarımız bizim redaksiyamızın deyil, elə sizin vəzifələrə yerləşdirdiyiniz məmurların dedikləridir. Cənab başçı, başa düşürük, böyük bir rayonun rəhbəri haqqında belə fikirlər istər-istəməz narazılığa səbəb olur. Ancaq məmurlarınız sizi qeyri-səmimilikdə, yalançılıqda, vəd verib vədinə xilaf çıxmaq kimi situasiyalarda ittiham edirlər. Cənab başçı, bu sözləri də icra nümayəndələrinizdən biri cumhuriyyet.az-a söyləyib ki, hörmətli başçını şəhər icra nümayəndəliyinin sədri Telman Bayramov idarə edir. Bizim bu məsələlərin nə dərəcədə real olduğunu dəqiq araşdırmaq öhdəliyimiz də yoxdur. Ancaq bunu qeyd edək ki, sizdən əvvəlki başçının dövründə belə dedi-qodular olmayıb. Biz demirik ki, əvvəlki başçı pir-peyğəmbər övladı olub. Ancaq o, ən azından məmurları bir araya yığıb ciddi nəzarət etmək qabiliyyətinə malik idi. Hazırda belə dedi-qoduların məhz sizin haqqınızda söylənməsinin tək səbəbkarı özünüzsünüz.
Çünki unutmaq olmaz deyə sizə öyüd-nəsihət vermək istəmirəm. Ancaq bunu tarixi şəxsiyyətlər və sərkərdələr deyib. Rəhbərin bir əlində quran olanda digər əlində qılınc olmalıdır. Hörmətli İslam müəllim. Bizə qalanda şəxsən sizə böyük hörmət və ehtiramımız var. Ancaq nə edək, suallara aldığımız cavabları olduğu kimi dərc etməliyik. Məsələn rayonda qeyd etdiyimiz adamlar diqqətimizə çatdırdılar ki, Balakən təhsilində az qala yarım milyondan çox mənimsəmə aşkarlanıb. Hesablama palatası bu məsələni ört-basdır etmək istəyib, ancaq keçmiş müdir pulu yığıb çatdırmadığı üçün vəzifəsini itirib. Başqa bir mənbə qeyd edir ki, müdir xeyli sayda böyük məbləği geri qaytarıb. Bu məsələnin üzərinə sonrakı yazılarımızda gedəcəyik. Ancaq qeyd etmək istəyirik ki, bütün bunlar sizin rəhbərliyiniz dövründə baş verir. Cənab başçı, haqqınızda deyilən budur ki, rayonda fındıq biznesinə əl qoymusunuz. Şəxsən biz buna inanmırıq. Ancaq bunu da sağınızda, solunuzda gəzib, necə deyərlər ortada yeyib qıraqda gəzənlər söyləyirlər. Məsələn, onlar deyirlər ki, parlament seçkilərində Nəsib Məhəməliyev deputat olduqdan sonra bir sıra məmurlar vurulacaq. Onların qeyd etdiyi vurulacaq məmurların siyahısında birinci yerdə sizin, ikinci yerdə isə Telman Bayramovun və sairlərin olduğu bildirilir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Nəsib Məhəməliyev bu planı olduqca sakit və gizli həyata keçirəcək. Məsələn mənbə qeyd edir ki, Nəsib Məhəməliyevin Telman Bayramovla köhnə ədavəti var. Ona görə də Telman Bayramov şələ-küləsini yığışdırmalıdır. Yeri gəlmişkən, bizim Telman müəllimə qarşı heç bir düşmənçiliyimiz və ədavətimiz yoxdur. Onu səmimi və qayğıkeş bir ziyalı kimi tanıyırıq. Ancaq bu fikir və mülahizələr əvvəldə qeyd etdiyimiz kimi rayonda olan bəzi məmurlara aiddir. Məsələn söyləyirlər ki, gələcəkdə Nəsib Məhəməliyevin İslam Rzayevə qarşı nəzərdə tutduğu planlarının alınmağına görə rayonda qəsdən narazılıq yaradılır, insanlar incidilir, idarələrdə sadə vətəndaşlar bürokratik əngəllərlə qarşılaşırlar. Aldığımız məlumata görə komandanızda kiv-ə haqqınızda mənfi informasiyalar ötürənlər də var. Bizə çox təəccüblüdür ki, sizin bütün texniki imkanlarınız ola-ola nədən onları tanımırsınız?
Cənab başçı, diqqət edin. Problemləri diqqətinizə çatdırırıq. Əgər istəsəniz bu problemi həll edərək xeyli sayda balakənlinin canını bu vələduzna müdirin əlindən qurtara bilərsiniz. Axı siz prezidentin səlahiyyətli nümayəndəsisiniz. Odur ki, çəkinməyin tədbir görmək üçün təqdimat yazın, nazir Səlim Müslümova müraciət edin. Hörmətli İslam müəllim, siz bilirsinizmi ki, rayon əhalinin sosial müdafiəsi mərkəzində rəhbərlik etdiyiniz rayonun əhalisinin başına nə oyunlar açılır?Xəbəriniz varmı ki, orada yaşlı, qadın, uşaq, şikəst və sair şəxslər necə alçaldılır? Sizin xəbəriniz varmı ki, bu idarə Azərbaycan respublikasının mövcud qanunları ilə deyil, müdir Hüseyn Razıyevin şəxsi istəkləri ilə idarə olunur? Xəbəriniz varmı ki, Balakən rayonunda villası olanlar, Rusiyada yaşayan, alverə gedib-gələnlər, altında yüz minlik avtomobilləri olanlar, imkanlı adamlar ünvanlı sosial yardım alır? Xəbəriniz varmı ki, əslində ünvanlı sosial yardıma ehtiyacı olanlara rüşvət verə bilmədiyinə görə qapını çöldən bağla deyilib təhqir olunurlar? Xəbəriniz varmı ki, artıq elektron varianta keçidlə əlaqədar yardımlar iki illik olacaq və buna görə şəxsən müdir Hüseyn Razıyev vətəndaşlardan bir ili sənin, bir ili mənim tələb edir? Bəlkə bu adamın soyadı Razıyev olduğu üçün özündən belə razıdır? Buyurun, hörmətli İslam müəllim. Niyə tədbir görmürsünüz? Hara baxır hüquq mühafizə orqanları?Hara baxır mtn? Necə olur ki, Balakən MTN-i jurnalisti üç gün ərzində addım-addım izləyə bilir, ancaq bu boyda özbaşnalığı görə bilmir? Bəyəm belə hərəkətlər insanları dövlətdən, dövlətçilikdən iyrəndirmir? Bəs hər üç aydan, nə bilim altı aydan bir prezidentə onun göndərdiyi nümayəndələrə məruzə edirsiniz ki, rayonda hər şey qaydasındadır. Belə işləyirsiniz? Dövlətə, onun xalqına belə xidmət edirsiniz? Axı belə riyakarlıqla hara getmək olar?Məmurlar cavab versinlər. Bu sadə, yetim, biçarə insanlara nə vermisiniz ala bilmirsiniz? Hüseyn Razıyevə bu vəzifə dədəsindən qalıb?Bəyəm müraciət edən kasıb insana verəcəyi qəpik-quruş onun cibindən gedir?Axı dövlət, onun başçısı bu pulu ayırıb ki, ehtiyacı olanlara xərclənsin, bu pulu ayırmayıblar ki, hansısa harınlamış, qudurğan müdir yetim malını yağmalamaqla bir az da şişsin. Hə, cənab başçı, nazir Səlim Müslümova müraciət edib bu dələduzu niyə rədd elətdirmirsiniz?
Dəyərli oxucular, fikir verin dünənə kimi əyninə şalvar tapıb geyinə bilməyənlər vəzifəyə dürtülməklə az müddətdə hədsiz dərəcədə varlanırlar. Onlar villa tikir, bahalı avtomobillər, obyektlər alır, hələ bir günləri restoranlarda keçir. Niyə bunlardan soruşan yoxdur ki, balam sənin aylıq əmək haqqın lap belə götürək ki, 500 manatdır. Bəs sən az müddətdə 50 minlik avtomobili, tikdirdiyin villanı hardan təşkil etdin. Bunun bir cavabı var. Balakəndə yerli icra orqanları işləmirlər. Onları yalnız pul, var-dövlət yığmaq maraqlandırır. Balakənin hüquq mühafizə orqanları, xüsusilə qanunların aliliyinə nəzarət etməli olan prokurorluq orqanı işləmir. Cənab başçı, Balakəndə hələ də içməli su problemi qalmaqdadır. Niyə həllini tapmır? Balakən notariusundakı özbaşnalıqlara niyə son qoyulmur? Burada onsuz da kasıb olan vətəndaşların dərisini soyurlar. Hələlik bu qədər.
Ardı var…
Redaksiyadan:Dəyərli oxucular və yazıda adları çəkilən məmurlar. Qeyd edək ki, dövlət başçısı artıq neçənci dəfədir ki, ölkə vətəndaşlarına, kiv-nümayəndələrinə, ictimaiyyət nümayəndələrinə müraciət edərək bildirir ki, ölkə ərazisində cərayan edən məmur özbaşnalığı, rüşvət, korrupsiya faktları barəsində ona imkan daxilində siqnal versinlər. Biz də cumhuriyyət. az olaraq cənab prezidentin bu çağırışına qoşulmuşuq və hesab edirik ki, Azərbaycanı dövlətimizi, dövlətçiliyimizi sevən hər bir şəxs, tutduğu vəzifəsindən ictimai-siyası mövqeyindən asılı olmayaraq bu çağırışa qoşulmalıdır. Ölkəmiz hazırda bir neçə istiqamətdən sıxıntılara məruz qalmaqdadır. Buna görə də dövlətçilik ənənələrinə sarsıdıcı zərbə vuran məsələlər barəsində, öz işinin öhdəsindən gələ bilməyən məmurlar barəsində imkan daxilində kiv-vasitəsi ilə dövlət başçısını məlumatlandırmalıyıq.