BolgeXeber.Com » Bölgə » Biləsuvar sakinləri gömrük məntəqəsindən şikayət edirlər

Biləsuvar sakinləri gömrük məntəqəsindən şikayət edirlər

16-03-2012, 22:25
Oxunub: 4 830 Onlar gömrükdə mallarının qanunsuz şəkildə müsadirə olunduğunu bildirirlər

Bir qrup Biləsuvar rayon sakini Biləsurvar Gömrük Məntəqəsidən şikayətçidir. Onların Xalqxeber.info saytına daxil məktubunda deyilir ki, evlərinə ərzaq gətirmək üçün Biləsuvar gömrüyündən keçərək yaxınlıqdakı “Xiyaban” adlanan yerdəki dükanlardan alış-veriş edirlər. Normadan artıq heç nə gətirmədikləri üçün İran gömrüyündən sərbəst keçirlər, lakin Azərbaycan gömrükçüləri malları müsadirə edirlər.

Məktubda daha sonar deyilir: “Axırıncı dəfə mənim – Əsgərov Məmməd Sultanağa oğlunun 2 “sumka” ərzağımı əlimdən aldılar. Mübahisə etdik, dedim ki, niyə əlimdən alırsınız, yüküm çoxdursa rüsumunu ödəyim. Sözlərimə məhəl qoymadan, heç bir kağız sənədləşdirmədən 2 “sumka” malımı alıb özlərinə götürdülər. Prezidentə şikayət edəcəyimi bildirdim, dedilər ki, get kimə deyirsən de, heç kimdən qorxmuruq, buranın ağası bizik. Hamısı sərxoş idi. Belə özbaşınalıq olarmı? Tək mən deyiləm, yüzlərlə vətəndaşımızın başına bu oyunu gətirirlər.

Biz xahiş edirik ki, Biləsuvar gömrüyündə baş alıb gedən və günü-gündən açıq-aşkar şəkil alan rüşvətxorluq və soyğunçuluq hallarına son qoyasınız. Xalqı incidirlər, erməni etməyən zülmü edirlər. İran gömrüyü ilə müqayisədə bizim gömrük biabırçı vəziyyətdədir. Gömrüyün rəisi açıq-aşkar çıxıb camaat içində qışqırır ki, pulunuzu verin keçin, daha bundan artıq biabırçılıq olarmı? Nə gətirirsən, deyirlər bu olmaz! Alma olmaz, banan olmaz, düyü olmaz, ayna olmaz, kişmiş olmaz. Daha nə gətirmək olar, qalmışıq məəttəl! Açıq-aşkar bildirirlər ki, hər malın öz yiyəsi var, monopoliyadadır, həmin malı, ancaq o kommersant sərhəddən keçirə bilər! Gömrük işçiləri niyə həmin monopolistlərlə əlbirdirlər, baş açmaq olmur? Biləsuvar gömrükçüləri kimdən rüşvət alırlar, onun malını buraxırlar. Biz alver etmirik, güclü pulumuz da yoxdur, ayda 4-5 dəfə gedib ailəmizə ərzaq gətiririk. Evinə 70 manatlıq ərzaq bazarlıq eləyirsən, dirəşirlər ki, 60 manat rüsum ödə! Bu harada görünüb?

Biləsuvar gömrüyündə işləyən Allahverdi, Namiq, Elşən adlı gömrük işçilərinə qarşı cinayət işi açmanızı xahiş edirik. Bu adamlar dövlət işçiləri yox, əsl soyğunçulardır. Qoy dövlət əməkdaşları bir gün videomüşahidə qoyub baxsınlar, onda bu adamların hansı oyunlardan çıxdığının şahidi olacaqlar. Qanunu misal çəkirsən, deyirlər buranın öz qanunu var, Prezidentin adını çəkirsən, deyir get kimə deyirsən de. Mənim – Əsgərov Məmməd Sultanağa oğlunun neçə gündür evində ərzaq yoxdur, borc pulla alıb gətirdiyim ərzağı yuxarıda adını çəkdiyim yoldaşlar əlimdən zorla alıblar. Kim rüşvət verir, istədiyi malı istədiyi miqdarda gətirir. İstədikləri adamı vururlar, söyürlər, təpikləyirlər. Gözümüzün qabağında 70 yaşında qadını vurub yıxdılar, saçından tutub sürüdülər.

Neytral zonada yük tərəziyə girməmiş tutub adamın əlindən alırlar, atırlar anbar deyilən yerə. Qanun əgər 40 kiloqram yükə icazə verirsə, niyə 30 kiloqram yükü tutub əlindən alırlar, baş aça bilmirik. Xahiş edirik aydınlıq gətirin. Biz soruşanda deyirlər ki, ürəyimiz belə istəyir.

Hal-hazırda Biləsuvar gömrüyündə Azərbaycan qanunları işləmir. Açıq havada, yağışın-qarın altında əhalini səhərdən axşama kimi saxlayırlar, heç bir normal şəraiti yoxdur. İstədikləri vaxt malı monitordan keçməmiş tutub əlindən alırlar, deyirlər gəl özün keç, sabah gəlib yükünü apararsan. Vətəndaş Cəlilabadın, Masallının uzaq kəndindən bir də yolpulu verib geri qayıtmalıdır. Səhərdən axşama kimi ağızlarına gələn söyüşləri söyürlər. Axşamçağı oldu ki, hamısı yeyib-içib sərxoş vəziyyətdə olur, düşürlər camaatın üstünə, soyğunçuluq başlanır. Gözümüzün qabağında biləsuvarlı bir oğlanı ölümünə çırpdılar. Danışanı, etiraz edəni tökülüşüb döyürlər. Kompüter otağında 2 nəfər oturmalıdır, bir nəfər tək oturur. Hamısı pul yığılan yerə tökülüşüb şıdırğı alverlə məşğul olurlar.

Xahiş edirik televiziyada elan edilsin və əhali də bilsin, hansı maldan, ümumilikdə neçə kiloqram keçirmək olar? Və həftənin neçənci günləri keçmək olar? Yoxsa Biləsuvar gömrüyündə dərəbəylikdir, ürəkləri istədiyi vaxt deyirlər ki, bu gün keçid yoxdur, buraxmayacağıq. 3 ədəd xurma gətirirsən, bir də görürsən ki, deyirlər olmaz. Niyə? Bu mallara Azərbaycanda monopoliyanı kim qoyur? Bəs nəyə görə pulunu verəndə yoxlamasız buraxırlar? Bəlkə biri narkotik gətirir? Biz Rusiya gömrükçülərini də görmüşük, İran gömrükçülərini də. Allahverdi, Namiq, Elşən kimi gömrükçülər sadəcə respublikanı biabır edirlər. İran gömrükçüləri onları acgözlüyünə baxıb gülürlər, onlar başa düşmürlər ki, necə öz millətindən olan qadını rüşvət vermədiyinə görə döymək olar?! Bir lal qız vardı, vurub qolunu sındırdılar. Atası şikayət etməsin deyə, yola gətirdilər, dedilər gəl nə istəyirsən, hansı miqdarda istəyirsən keçir, amma şikayət eləmə. İndi həmin lal qız istədiyi miqdarda mal keçirib gətirir.

Bir daha qanunla nə qədər, neçə kiloqram mal keçirilməsinə icazə verildiyini açıqlamğınızı xahiş edirik. Və alma, kişmiş, banan kimi məhsullar niyə keçirilə bilməz? Bunu gömrükdə heç yerə yazıb vurmayıblar, odur ki, biz sizdən öyrənmək istəyirik. Nəyə görə bu lövhə yoxdur? Dövlətimiz deyir ki, hər gün keçə bilərsiniz, bunlarsa nə vaxt gedirsən deyir bu gün olmaz, pul alandan sonra deyirlər, hə, gəl keç!

Əlil kişini döydülər, dedilər prezident sənə pensiya verir, burda nə ölümün var?! Tez-tez yalandan camaata bildirirlər ki, təzə qərar çıxıb, təkcə Biləsuvar sakinləri keçə bilər, Cəlilabad, Masallıda yaşayanlar buraxıla bilməz. Sonra başlayırlar başqa rayonlardan gələnlərdən pul yığmağa. Burada rüşvətxorluq açıq-aşkar tüğyan edir, dövlət orqanlarımız bu məsələ ilə maraqlanmalıdırlar. 1-ci gün gedirsən deyirlər keçid günü deyil, gedin 5-ci gün gələrsiniz. 5-ci gün gedirsən deyirlər yox, qrafik dəyişildi, gedin 1-ci gün gələrsiniz. Camaat bu yollarda əsir-yesir qalıb. Xalqı açıq-aşkar ələ salırlar, zülm edirlər. Dillənəni isə tutub döyürlər, deyirlər get kimə deyirsən de. Bütün dövlətlərin gömrüyündən keçəndə malını çəkirlər, adını-familini yazırlar, sənədləşdirirlər. Biləsuvar gömrüyündə isə çəkmək, sənədləşmə-zad yoxdur, pulunu alıb buraxırlar. Xahiş edirik ki, bu yoldaşları cinayət məsuliyyətinə cəlb edəsiniz, onlara qanunları başa salasınız və əlimizdən aldıqları malımızı geri qaytarasınız. Onların yaşayış tərzini yoxlayın, hər şeyi aydınlaşdıracaqsınız. Hamısı gündəlik yığdıqları rüşvətin hesabına “Cip” maşınlarda gəzirlər. Əhalini 3 gilə xurmanı keçirməyə qoymurlar, yalandan deyirlər ki, qanunsuzdur. Biləsuvar gömrüyünün işçisi Namiqdən soruşun ki, evinə aldığın nəhəng soyuducunu gömrükdən hansı yolla keçirdin? Dəfələrlə özlərinə kompüter və digər məişət avadanlıqları alıb heç bir rəsmiləşdirmə aparmadan keçiriblər. Gömrük işçilərinin evləri İrandan gətirilmiş, qanunsuz keçirilmiş texnika və məişət avadanlıqları ilə doludur. Yaraşıqlı qız-gəlin görən kimi, ac qurd kimi girişirlər, namusuna göz dikirlər. Hörmətli dövlət orqanları, Biləsuvar gömrüyünü bu biabırçılardan təmizləyin!

Əsgərov Məmməd Soltanağa oğlu

Hümbətov Nəsimi Alkişi oğlu

Cəlilabad rayonu sakinləri

P.S. Obyektivlik naminə məqalədə adı çəkilən qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.