BolgeXeber.Com » Bölgə » Eldar Əzizov şöbə müdirinin əlində qalıb

Eldar Əzizov şöbə müdirinin əlində qalıb

23-03-2012, 23:00
Oxunub: 4 598 Sumqayıt İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri
Seyfəddin Rəhimov icra başçısına güc nümayiş etdirir

Sumqayıta bir müddət əvvəl icra başçısı təyin olunan Eldar Əzizov özünü göstərmək üçün bir sıra işlər görməyə başlayıb. Əksər icra başçıları kimi, o da şəhəri yıxıb-sürüməkdədir. Gah sökür, gah tikir, gah da səbəb soruşmadan addımlar atır ki, bunlar da bir çox hallarda icra başçısına qarşı etirazların formalaşmasına səbəb olur.

Lakin Eldar Əzizovun başqa bir problemi də var. Həmin problem isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasının içindədir və canlı olaraq gəzir. İcra başçısının üzləşdiyi, daha doğrusu bacarmadığı problem isə ictimai-siyasi şöbənin müdiri Seyfəddin Rəhimovdur. Uzun illərdən bəri bu posta sahib olan, indiyə qədər əksər icra başçıları ilə işləyən Rəhimovla Əzizovun arasının dəyməsinə isə bir çox amillər səbəb olub. Amma onların içində ən başlıca amil şöbə müdirinin Sumqayıtda böyük biznesə malik olmasıdır.
Bu barədə məlumat verən mənbənin bildirdiyinə görə, Eldar Əzizov icra başçısı təyin olunandan sonra ətrafında kimlərin olduğunu və kimlərlə işlədiyini müəyyənləşdirmək üçün araşdırma aparıb. Həmin araşdırmalar zamanı Seyfəddin Rəhimovun biznes sahələrinə malik olmasını bildikdə isə təəccüb edib. Ona görə ki, bir şöbə müdirinin bu qədər imkana sahib olması və indiyə qədər heç kim tərəfindən işdən çıxarılmaması onun üçün arzuedilən olmayıb. Ən azından ona görə ki, Rəhimov zaman içində ona güc nümayiş etdirə bilər.
Elə gözlənildiyi kimi də olub. Seyfəddin Rəhimovu işdən çıxarmaq üçün tədbir görən Eldar Əzizov gözləmədiyi bir yerdən tapşırıq aldıqdan sonra addımlarını səngidib. Hakimiyyətin ən yuxarı dairələrindən verilən həmin tapşırıq isə "Seyfəddin Rəhimovla işin olmasın"dan ibarət olub. Prezident Aparatından gələn dəstəyin qarşısında başqa bir hərəkətin yersiz olacağını yaxşı bilən icra başçısı da hələlik gözləmə mövqeyindədir.
Amma şöbə müdiri vəziyyətin nə yerdə olduğunu bildiyindən davamlı olaraq Eldar Əzizova güc nümayiş etdirməkdən çəkinmir. Məsələn, şöbə müdiri özünün yaxın ətrafında da bəyan edir ki, Eldar Əzizov onu işdən çıxaracaq gücdə deyil. Hətta o da deyilir ki, Rəhimov hər yerdə hakimiyyətin yuxarı eşalonlarında vəzifə tutan qohumlarının olduğunu bildirir və onların sayəsində vəzifəsində qalacağına əmin olduğunu söyləyir.
Bu əsnada Seyfəddin Rəhimovla əlaqə saxlayıb, onun da məsələyə münasibətini öyrənmək istədik. Bizimlə danışan şöbə müdiri məsələyə münasibət bildirməyərək, yazını dərc etməyimizi məsləhət bildi.
Onu da bildirək ki, Seyfəddin Rəhimovla bağlı redaksiyamıza olduqca maraqlı digər informasiyalar da daxil olub. Həmin məlumatlarda çeşidli fəaliyyətlərdən və işlərdən xəbər verilir. Lakin bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik həmin məlumatları oxuculara təqdim etmək istəmirik.