BolgeXeber.Com » Bölgə » Xaçmaz sakini yolunun bağlandığını iddia edir (VİDEO)

Xaçmaz sakini yolunun bağlandığını iddia edir (VİDEO)

5-11-2015, 16:25
Oxunub: 2 959 Xaçmaz sakini yolunun bağlandığını iddia edir (VİDEO)Xaçmaz şəhər sakini Sədulla Talıbov yaşadığı küçədəki yolun bir hissəsinin digər şəhər sakini, şəhər bələdiyyəsinin sədr müavini tərəfindən zəbt olunduğunu iddia edir

Bolgexeber.com-un ANS TV-yə istinadən məlumatına görə, Xaçmaz şəhəri, Borçalı-1 ünvanında yaşayan Sədulla Talıbov evinin yanındakı yolun tikilməkdə olan hasar səbəbindən bağlandığını deyir.

Sədulla Talıbovun sözlərinə görə, bu işlər Xaçmaz şəhər bələdiyyəsinin sədr müavini Ceyhun Süleymanov tərəfindən aparılır. Yolu bağlayan onun burada ev tikmək istəyən bacısının ailəsidi:

“1992-ci ildən mən burada yaşayıram. İndi bura gələn şəxs sənəd düzəldib ki, guya 1999-cu ildən bura ona məxsusudur”.

Xaçmaz sakini Ramiz Zeynalov isə, burda yaşadığı 20 il ərzində bu küçədən keçib gedib. Yolun bağlandığını deyən sakin soruşur ki, camaat hardan keçsin?

Bir müddətdən sonra əraziyə küçənin bağlamaqda ittiham edilən bələdiyyə sədrinin müavini Ceyhun Süleymanov və ailə üzvləri gəldi.

Ceyhun Süleymanovun anası Sədaqət Süleymanova bildirdi ki, bu torpaq sahəsi ona 1999-cu ildə şəhər nümayəndiliyi tərəfindən verilib və bütün sənədləri qaydasındadır:

“Mənim öz evim var. Qızım ailə qurandan sonra, buranı qızıma hədiyyə vermişəm. Onlar kirayədə yaşayırlar. Qonşular isə deyir ki, burdan qapı qoyma, yol ver. Mən etiraz eləmirəm, hansı qonşu yol istəsə, yol da götürsünlər. Amma qızıma yer versinlər ki, özünə ev tiksin”.

“Yoxlamadan keçsin və məlumat verilsin ki, bu təsdiq edilmiş sənədlərdi. Onda 4 sot torpağımı mənə qaytarsınlar.Təsdiqini tapmasa, mən öz əşyalarımı burdan yığışdıracam”, – deyə qarşı tərəf Coşqun Mehdiyev qeyd edib.

Xaçmaz şəhər bələdiyyəsinin sədri Mahir Fətəliyev də sənədlərin qurum tərəfdən diqqətlə araşdırılacağını bildirdi:

“İlk öncə sənədlər arxivdən çıxarılıb araşdırılacaq. Və sənədin neçənci ildə verdiyi dəqiqləşdiriləcək. Həmin o sənədlər öz təsdiqini tapandan sonra onlarında təminatı lazımca həllini tapacaq”.

Yaşadığı evin yolunun bağlanması ilə bağlı Baş prokurorluğa, Xaçmaz prokurorluğuna məktub ünvanladığını, 6 aydır ona heç bir cavab verilmədiyini deyən şikayətçi Sədulla Talıbov da hesab edir ki, qarşı tərəfin sənədləri qanuni olsa, o, şikayətindən əl çəkəcək.

Xaçmaz prokurorluğundan isə bildirildi ki, Sədulla Talıbovun ərizəsi qurumda araşdırlıb. Zəbt olunmuş kimi bildirilən həmin sahənin qanuni yolla Xaçmaz şəhər sakini Sədaqət Süleymanovaya verilməsi təsdiqlənib. Bu barədə vətəndaşa da iyun ayında rəsmi cavab verilib. Əgər vətəndaş narazıdırsa, bu dəfə məhkəməyə müraciət etsin.
Bolgexeber.com