BolgeXeber.Com » Bölgə » Cənub zonasının “cəhənnəm keçidi”ndən reportaj - VİDEO

Cənub zonasının “cəhənnəm keçidi”ndən reportaj - VİDEO

9-11-2015, 16:22
Oxunub: 2 800 Cənub zonasının “cəhənnəm keçidi”ndən reportaj - VİDEOSürücülər bu yolu cəhənnəm keçidi adlandırırlar. Elə bir maşın yoxdur ki, bu yolu keçdikdən sonra təmir məntəqəsinə yollanmasın. Hətta 4 ildir müharibənin içərisində olan Suriyada belə yollara rast gəlinmir. Avtomobillərin qəniminə çevrilən Masallı-Lənkəran yolundakı fəlakətli vəziyyət illərdir davam edir.

Həm yerli “Cənub” televiziyası dəfələrlə problemlə bağlı süjet hazırlayıb, həm hər 2 bölgənin sakinləri tərəfindən Nəqliyyat Nazirliyinə saysız-hesabsız müraciətlər ünvanlanıb. Di gəl ki, Masallıdan Lənkərana olan 38 kilometrlik həmin yolda acınacaqlı vəziyyət dəyişməyib. Sürücülər hər gün eyni əzabı yaşayır, aidiyyatı qurumlar da bu əzaba son qoymaq fikrindən daşınmır.

“Cənab nazir Ziya Məmmədov məzuniyyətdən də qayıtdı, xeyri olmadı. Dərdimizi kimə deyək, ay qardaş, bilmirik. Maşının təkərlərini dəyişməkdən, “resor” almaqdan yorulmuşam. Hər bu yoldan keçəndə “peredok”da problem yaranır. Başım çıxmır ki, yol istismar idarəsi hara baxır? İşi 41 saylı Masallı Yol İstismar İdarəsinə tapşırmışdılar. Onlar da başdansovdu edib, getdilər.

Hər dəfə deyirlər ki, prezident yolun çəkilişinə 3 milyon ayırdı, sonra bir az keçir, yenə xəbər yayırlar ki 7 milyon ayırdı. Bəs, bu yol niyə düzəlmir ?”, - Lüvəsər kənd sakini Bahadır Seyidov bizimlə söhbətində belə deyir.

Bakı-Lənkəran yolunda taksi sürücüsü işləyən Bahadır qazandığını maşının təmirinə xərcləməkdən cana doyub. Onun sözlərinə görə, Masallı-Lənkəran yolundakı bərbad vəziyyət uzun müddətdir yaranıb:

“A kişi, nə qədər maşını ustaya aparmaq olar? Bir bu yola bax: çala-çuxur, darmadağın, yol dağılıb gedib. Prezident yolun təmirinə vəsait ayırıb. Ancaq Nəqliyyat Nazirliyi və 41 saylı Masallı Yol İstismar İdarəsi işini görmür”.

Sürücülərin sözlərinə görə, bu yoldan dövlət məmurları da keçirlər, cənub zonasına səfər edən nazirlər də. Amma ya bu ərazidən gözüyumulu keçirlər, ya da görməzdən gəlirlər.
Bir müddət əvvəl 41 saylı Masallı Yol İstismar İdarəsinin baş mühəndisi Məmmədağa Dadaşov tender şirkətini ittiham etmişdi. O, problemin İpək yolunun çəkilişinə məsul olan tikinti firmalarının məsuliyyətsizliyi ilə əlaqələndirmişdi.

Ardınca yolun bir hissəsi torpaqlanıb, asfalt tökülüb. İdarə işini bitmiş sayıb. Müşahidələrimiz isə onu deməyə əsas verir ki, nə tenderdə qalib gələn firma, nə də müvafiq qurum işinin layiqincə yerinə yetirib.

Sürücülərin dediyinə görə, yol çəkənlər bir gün işləyiblər. İdarə yolun qalan hissəsini təmir etməyə lüzum görməyib.

Hazırda yol tamamilə dağılıb. Yaxınlıqda yaşayanlar isə palçıq içində “üzür”lər. Bakıdan bölgəyə gələn sürücülər bu məsafəyə çatanda artıq döyüş hazırlığı vəziyyəti alırlar.

Onlar hər dəfə avtomobillərinin xarab olmaması üçün dua edirlər. Nəqliyyat Nazirliyinin yerli yol istismar idarəsi isə sürücüləri nə qədər zərərə saldığının fərqinə varmır.

Masallının Qızılağac kənd sakini Nüsrət Əhədov bizimlə söhbətində deyir ki, iri tonnajlı maşınlar da yolun tez bir vaxtda dağılmasına səbəb olur: “Cənub zonasında ən bərbad yol buradır. İrandan Azərbaycandan keçməklə Rusiyaya yük bu yolla daşınır. Buradan da geriyə yük maşınları keçir. Bu qədər hərəkət olan yolun bərbad olması, illərlə təmir edilməməsi biabırçılıqdır. Lənkəran, Astara camaatı bu yolun keçilməzliyindən qan ağlayır. Dərdimizi kimə deyək?”

Onun fikrincə, ölkə başçının dövlət büdcəsindən yolun təmirinə ayırdığı pullar bir neçə qurum arasında bölüşdürülərək mənimsənilib. Nəticədə Masallı-Lənkəran yolunun aqibəti Allahın ümidinə qalıb. Şikayətçi bildirir ki, yolun dəhşətli gündə olması regiona yay aylarında qonaqların daha az gəlməsinə səbəb olur.

Qeyd edək ki, sözügedən cəhənnəm keçidi Ələt-Astara magistralının 160-cı kilometrliyindən sonra başlayır. Bu dalğavari yol sürücülərin kabusuna çevrilib.

Sürücülər danışırlar ki, bu cür vəziyyət Masallının Xocavar kəndindən başlayaraq Lənkəranın Şirinsu qəsəbəsinə kimi davam edir. Dəfələrlə dağılan, qabaran və ya çökən hissələr yolda hərəkət edənləri boğaza yığıb.

Çəkiliş zamanı gəlişimizə sevinən sürücülər qeyd edirlər ki, “Azərinşaat” və “Kolin” firmaları da əsas günahkarlar arasındadır. Onlar Viləşçayın karxanasından tikinti materiallarını əraziyə daşınması üçün iritonnajlı maşınlardan istifadə edirlər.

Qeyd edək ki, tikinti işləri aparılan ərazidə magistral yolun asfalt örtüyünün mühafizəsi üçün alternativ yol yaradılmalıdır. Sürücülər deyir ki, bu vacib məsələyə fikir verən yoxdur.

Odur ki, adıçəkilən şirkətlər da bu yolları dağıtmaqla kifayətlənir. “Cənub” televiziyasına müsahibəsində 41 saylı Masallı Yol İstismar İdarəsinin baş mühəndisi M.Dadaşov demişdi ki, həmin şirkətlərə bir neçə dəfə müraciət ediblər. Ancaq faydası olmayıb.

“Yeni Müsavat” vasitəsi ilə ölkə rəhbərliyinə və nəqliyyat nazirinə müraciət edən sürücülər bu məsələyə əncam çəkilməsini, hər iki firmanın bu məsələdəki məsuliyyətinin araşdırılmasını, o cümlədən, yol idarəsinin fəaliyyətindəki nöqsanların təftişini xahiş edirlər.
Bolgexeber.com