BolgeXeber.Com » Bölgə » Hacıqabulda güclü partlayış olub

Hacıqabulda güclü partlayış olub

2-04-2012, 01:05
Oxunub: 5 103 Hacıqabulun Padar kəndi ərazisində "Polat" Yol İnşaat Şirkətinin yeməkxanasında partlayış olub, 5 nəfər ağır xəsarət alıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 1-i saat 16:00 radələrində Hacıqabulun Padar kəndi ərazisində, "Polat" Yol İnşaat Şirkətinin yeməkxanasında qaz balonunun partlaması nəticəsində 5 nəfər xəsarət alıb. Partlayış daha sonra yanğınla müşayiət olunub. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir və Hacıqabul Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğın 230 kvadratmetr sahəni əhatə edib, yeməkxanada olan bütün avadanlıqlar yanaraq sıradan çıxıb.

Yanğın nəticəsində 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, bir nəfər isə partlayışın dalğasından xəsarət alıb. Yanıq xəsarəti alanlar Türkiyə vətəndaşı, 1966-cı il təvəllüdlü Gülən Əli Dursun oğlu, Hacıqabul sakini, 1963-cü il təvəllüdlü Mahmudova Gülşən Cəfər qızı, Şirvan sakinləri - 1959-cu il təvəllüdlü Quliyeva Sevil Mürvət qızı və 1958-ci il təvəllüdlü Nəsirova Məryəm Qürbət qızıdır.

Onlar üzün və yuxarı ətrafların termik yanığı diaqnozu ilə əvvəlcə Şirvan Şəhər Xəstəxanasına, daha sonra isə Bakı Yanıq Mərkəzinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Partlayış dalğasının təsirindən xəsarət alan şəxs - Hacıqabul rayon Padar kənd sakini, 1989-cu il təvəllüdlü Həsənov Samir Faiq oğlu isə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, yeməkxananın istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmayıb, nəticədə qaz sızması partlayışa və yanğına səbəb olub.

Faktla bağlı hüquq-mühafizə orqanları və FHN-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.