BolgeXeber.Com » Bölgə » Goranboylular deputat axtarışında

Goranboylular deputat axtarışında

2-04-2012, 13:15
Oxunub: 5 040 Mahir Aslanov mandat daşıdığı 1 ildən artıq müddətdə seçiciləri ilə yanaşı, ictimaiyyətə və mətbuata da laqeydlik nümayiş etdirib

Bolgexeber.com xəbər verir ki, Qaynar.info-nun elektron ünvanına özlərini Goranboy rayonunun Faxralı, Boluslu, Aşağıağcakənd və Zeyvə kənd sakinləri kimi təqdim edən bir qrup seçici adından müraciət daxil olub. Müraciət müəllifləri təhlükəsizlik baxımından adlarını qeyd edə bilmədiklərini, lakin 96 saylı Goranboy – Naftalan seçki dairəsindən deputat Mahir Aslanovun seçicilərinə olan laqeyd münasibətindən narazılıqlarını ifadə edirlər.

Müraciəti olduğu kimi, təqdim edirik:“Biz Goranboy rayonunun Faxralı, Boluslu, Aşağıağcakənd və Zeyvə kənd sakinləri adından Qaynar.info-ya, o cümlədən sizin ayırdığınız tribunadan istifadə edərək, Milli Məclis rəhbərliyinə müraciət edərək, bildiririk ki, 96 saylı Goranboy – Naftalan seçki dairəsini təmsil edən deputat Mahir Aslanovun fəaliyyətindən çox narazıyıq. Mahir müəllim, deputat seçildiyi 1 ildən artıq dövrdə bircə dəfə belə olsun bizimlə görüşməyib, problemlərimizə diqqət göstərməyib. Onu rayonda rəsmi tədbirlərdən savayı heç yerdə görmək olmur. Milli Məclisdə adına göndərdiyimiz müraciətlər isə ya tamamilə cavabsız qalır, ya da problemlə bağlı heç bir müsbət nəticə əldə olunmur.

Bundan əvvəl Goranboyun Gültəkin Hacıbəylinin simasında çox fəal deputatı olub. Ancaq biz Mahir Aslanovdan nəinki bu fəallığı, heç seciçilərinə elementar diqqəti belə görmürük.

Ümid edirik ki, Mahir müəllim, bizim bu vəziyyətimizi nəzərə alıb, yaxın zamanlarda seçiciləri ilə maraqlanacaq”.

Sayt əməkdaşları goranboyluların bu narazılığı ətrafında kiçik bir araşdırma aparıb. Bəlli olub ki, 96 saylı Goranboy – Naftalan seçki dairəsindən Milli Məclisdə Gültəkin Hacıbəyli kimi aktiv və nüfuzlu deputatı əvəz edən Mahir Aslanov mandat daşıdığı 1 ildən artıq müddətdə seçiciləri ilə yanaşı, ictimaiyyətə və mətbuata qarşı da laqeydlik nümayiş etdirib. Hər halda dünyanın ən böyük axtarış şəbəkəsi olan “Google”də onun adına apardığımız araşdırma göstərdi ki, Mahir Aslanov bu müddət ərzində ölkədə və dünyada cərəyan edən bu qədər önəmli proseslərin fonunda nə Milli Məclisdə, nə də mətbuatda hər hansı məsələyə münasibət bildirməyə lüzum görməyib.