BolgeXeber.Com » Bölgə » Ağcabədidə narazılıq pik həddə çatıb

Ağcabədidə narazılıq pik həddə çatıb

18-11-2015, 12:19
Oxunub: 3 078 Ağcabədidə narazılıq pik həddə çatıb "Şahin Məmmədovun qəddar rejiminə son qoya bilməyəcəksinizsə"...

Son vaxtlar Ağcabədidə baş verən məmur özbaşnalığı, insanların addımbaşı bürokratik əngəllərlə üzləşməsi ilə bağlı cumhuriyyət.az olaraq tərəfimizdən dəfələrlə məqalələr dərc olunub. Ancaq bu dəfə konkret imzalarla ünvanlanan müraciət baş verənlərin daha ciddiliyindən xəbər verir. Artıq təsdiqlənmək üzrədir ki, Ağcabədidə bütün qanunsuzluqların, özbaşnalıqların başında icra başçısı Şahin Məmmədov dayanır. Bir qrup Ağcabədi sakini Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, digər yüksək vəzifəli dövlət adamlarına və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə müraciət etmişdir. Bir surəti cumhuriyyet.az-ın elektron poçtuna göndərilən həmin müraciəti olduğu kimi dərc edirik:
“Hörmətli cənablar. Dəfələrlə 10 ildir ki, Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun çox ciddi qanunsuzluqları və rayonda yaratdığı ən qəddar diktatura rejimi haqqında xeyli şikayətlər etmişik. Onun qanunsuzluqlarından ölkə rəhbərliyinə şikayət yazanları demokratik adlanan bir dövlətdə ifadə azadlığından məhrum edərək, vətəndaşların haqq səsini boğmaq üçün Ağcabədi rayon məhkəməsi vasitəsi ilə vətəndaşlara cərimə kəsdirmişdir və onları şantaj etmişdir. Onun vətəndaşları həbs etdirməsi barədə ölkə rəsmilərinə şikayət etmişik. Hər dəfə də hüquqlarımızın təminatçısı olan ölkə prezidentinə etdiyimiz şikayətlər, prezident adminstrasiyasında vəzifəli şəxslərin rəhbərlik etdiyi, ərazi idarəetmə orqanları şöbəsindən əngəllənmişdir. Şikayətlərimiz İlham Əliyev cənablarının przidentliyi dövründə atası olan mərhum prezidentimiz Heydər Əliyevin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş, vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan qanununun 5-6-7-ci maddələrinə zidd olaraq, şikayətçi olduğumuz Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun üzərinə göndərilir. Bu bir daha hüquqi və demokratik adlanan bir dövlətdə vətəndaşların haqlı şikayətlərinə baxılmaması deyilmi?
Cənab prezident. Siz dəfələrlə istər müsahibələrinizdə, istərsə də televiziya çıxışlarınızda sahibkarları öz məqsədləri naminə təqib edən məmurları cəzalandıracağınızı bildirirsiniz. Ancaq sizin dediklərinizin əksinə olaraq sahibkarlar Ağcabədi rayonunda Şahin Məmmədov tərəfindən təqib edilir, şərlənir və heç bir hüquqi əsası olmayan iddialarla məhkəmələrdə Şahin Məmmədovun göstərişi əsasında boğulur.
Şahin Məmmədov sahibkarlarla görüşü zamanı çəkinmədən bildirib ki, sahibkarlardan alınmalı olan, torpaqlar üçün ona 5 diplomat pul təklif edilib. Güya onun söylədiyinə görə bu puldan o imtina edibdir.
Ancaq bu gün Şahin Məmmədov həmin torpaqların sahibkarlardan alınması üçün məhkəmə instansiyalarından istifadə edir. Bu isə hüquqi və demokratik adlanan bir dövlətdə ən böyük haqsızlıq, ədalətsizlik və qanunsuzluqdur. Bu haqsızlığı hər hansı Azərbaycan rəsmisi qəbul etsə də dünyanı yaradan gözəgörünməz allahımız qəbul etməyəcəkdir.
Ölkə mətbuatında və sosial mediada 10 ildir ki, Ağcabədi rayon icra başçısı işləyən Şahin Məmmədovun qanunsuzluqları və korrupsiya faktları, xarici dövlətlərdə, ölkə daxilində olan çoxsaylı əmlakları və villaları nə vaxt ali hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq?
Bizlər Ağcabədi rayonunda 10-ildir ki, icra başçısı işləyən Şahin Məmmədovun haqsızlığına, ədalətsizliklərinə, rayonda yaratdığı ən qəddar diktatura rejiminə, vətəndaşların onun göstərişi əsasında məhkəmələrdə boğularaq ifadə azadlığından məhrum edilməsinə son qoyulmasını istəyirik.
Müraciət etdiyimiz Azərbaycan rəsmiləri. Əgər sizlər 10 ildir ki, Ağcabədidə icra başçısı işləyən Şahin Məmmədovun rayonda yaratdığ bu qəddar rejimə son qoya bilməyəcəksinizsə, onda bizləri ölkə vətandaşlığından xaric edin ki, bizlər də qanunları işlək olan və vətəndaşların hüquqlarını hər addımda can-başla qoruyan bir dövlətdən sığınacaq istəyək.
Müraciət etdiyimiz xarici nümayəndəliklər, sizlərdən xahiş edirik ki, hüquqi və demokratik adlanan Azərbaycan dövlətinin Ağcabədi rayonunda 10 –ildən artıq icra başçısı işləyən Şahin Məmmədovun yaratdığı ən qəddar diktatura rejiminə öz etirazınızı bildirməklə bütün bunları hüquqlarımızın təminatçısı olmağa öhdəlik götürmüş ölkə prezidenti cənab İlham Əliyevə çatdırasınız.
Qeyd:Mərhum Heydər Əliyevin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş vətəndaşların şikayətlərinə baxılması qaydası haqqındakı Azərbaycan respublikası qanununun 7-ci maddəsinə əsasən vətəndaşın şikayəti şikayətçi olduğu ünvana göndərməsi qanunla qadağandır.
İmza: Ağcabədi rayon sakinləri:
Nərimanov Nizami İnqilab oğlu
Alıyev Akif Yaqub oğlu
Hacıyev Şükür Mərkəz oğlu
Əhmədov Eldar Əli oğl
Paşayev Rasim Əhmədalı oğlu və s.”
Bolgexeber.com