BolgeXeber.Com » Bölgə » Masallıda da təhsil sistemi bərbaddır - Kadr yarıtmazlığı...

Masallıda da təhsil sistemi bərbaddır - Kadr yarıtmazlığı...

25-11-2015, 15:49
Oxunub: 1 633 Masallıda da təhsil sistemi bərbaddır - Kadr yarıtmazlığı...Masallı RTŞ-nin müdiri Astan İbişovun hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyması, onun rayonda fəaliyyət göstərən məktəblərinin işlərinə yersiz müdaxilələri bir çox xoşagəlməz nəticələrə səbəb olur

Artıq uzun müddətdir ki, “Bizim Dövr” qəzetinin redaksiyasına Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Astan İbişovun öz işində yol verdiyi ciddi qanun pozuntuları və məhz bu səbəbdən rayonun orta təhsil müəssisələrinin işlərində müşahidə olunan çox saylı nöqsanlar barədə açıqlamalar yer almaqdadır. Həmin məlumatlar əsasında dərc etdiyimiz yazılarda da biz qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Aldığımız məlumatlarda iddia olunur ki, Masallı RTŞ-nin müdiri Astan İbişovun hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyması, onun rayonda fəaliyyət göstərən məktəblərinin işlərinə yersiz müdaxilələri bir çox xoşagəlməz nəticələrə səbəb olur.

Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin tətbiq etməyə çalışdığı üsullar nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Təbii ki, bütün bu nöqsanlar ilk növbədə Masallının orta məktəblərinin fəaliyyətində də öz təzahürlərini büruzə verir. Elə bu günlərdə bizimdovr.az-a yeni daxil olmuş növbəti açıqlamalarda da rayonun Hişkəbərə kənd orta məktəbinin fəaliyyətində yer almış özbaşınalıqlardan bəhs edilir. Mənbə bildirir ki, məktəbin direktoru İlham Ağayev öz işinin əsas göstəricisi kimi yalnız Astan İbişovun tələblərinin vaxtında ödənilməsinə diqqət ayırmaqla, rəhbərlik etdiyi təhsil müəssisəsini demək olar ki, öz şəxsi obyektinə çevirib.

İlk növbədə açıqlamada vurğulanır ki, İlham Ağayev hər ay müxtəlif bəhanələrlə müəllimlərdən pul yığımlarını həyata keçirir. Həm də tələb olunan məbləğlərin yüksək olmasından bu qənaətə gəlmək olur ki, toplanan vəsait heç də təkcə RTŞ müdirinin tələblərini ödəmək üçün nəzərdə tutulmayıb. Lakin direktor vəsait yığımlarında sadəcə müəllimlərin “səxavətinə” güvənmir. Mənbə bildirir ki, Hişkəbərə kənd orta məktəbində bu gün dərs saatlarının yazılması da geniş maxinasiyalar sahəsinə çevrilib. Belə ki, İlham Ağayev əksər müəllimlərə artıq saatlar yazmaqla, bu yolla dövlətdən əmək haqqı qismində alınan vəsaitləri də həmin müəllimlərlə bölüşür. Yeri gəlmişkən, aldığımız açıqlamaya görə İlham müəllim artıq dərs saatlarını hətta öz ailə üzvlərinə bir pay olaraq yazmaqdan da çəkinmir. Bu xüsusda mənbə bildirir ki, İlham Ağayev bir müddət bundan əvvəl artıq ikinci dəfə evlənərək ailə həyatı qurmuşdur. Onun yeni həyat yoldaşı isə, qonşu Bədəlan kənd orta məktəbində müəllimə işləyən Məhbubə adlı bir xanımdır. Məlumata görə, İlham müəllim öz həyat yoldaşına da rəhbərlik etdiyi məktəbdə dərs sattları yazmışdır. Hərçənd Məhbubə xanım Hişkəbərə kənd orta məktəbində ümumiyyətlə dərs demir. Digər tərəfdən isə, İlham Ağayevin rəhbərlik etdiyi məktəbdə “ölü canlar” təcrübəsi də geniş tətbiq olunur. Məsələn, mənbə bildirir ki, adı Hişkəbərə kənd orta məktəbində ədəbiyyat müəlliməsi kimi ştat cədvəlinə daxil edilmiş Aygül Tağıyeva demək olar ki, ümumiyyətlə məktəbə gəlmir.
Təbii ki, bütün bu özbaşınalıqlar İlham Ağayev tərəfindən yalnız və yalnız Masallı RTŞ-nin müdiri Astan İbişovun razılığı və “xeyir-duası” ilə törədilir. Məhz bu səbəbdən də, Masallı sakinləri Astan İbişovun rayon təhsilinə vurduğu ziyanın ölçüyəgəlməz olduğunu vurğulayaraq, bu gün Masallı məktəblərində savadsız uşaqların yetişdiyini xüsusi qeyd edirlər.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.