BolgeXeber.Com » Bölgə » Gənc oğlan nişanlısının gözü qarşısında öldü

Gənc oğlan nişanlısının gözü qarşısında öldü

29-10-2010, 12:35
Oxunub: 5 119
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-qəza hadisəsi baş verib.

“Bolgexeberin” məlumatına görə, hadisə dünən gecə saatlarında Lənkəran-Boradigah yolunun 5-ci kilometrliyində, yolun Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Veravul kənd sakini, 24 yaşlı Mənsimov Qismət Şəmsəddin oğlu idarə etdiyi “Vaz-2103” markalı avtomaşınla Boradigah istiqamətində hərəkətdə olarkən piyada, rayonun İstisu qəsəbə sakini 19 yaşlı Hüseynov Şəhriyar Ayətağa oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Lənkəran Dövlət Yol Polisinin və Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olublar və hadisə yeri müayinə olunub. İşi araşdıran Lənkəran şəhər polis şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun verdiyi məlumata görə, artıq faktla bağlı AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Sürücü Qismət Mənsimov ilkin istintaqa verdiyi ifadəsində qarşıdan gələn maşının işıq salması üzündən yolu görmədiyini, bu səbəbdən də yolun hərəkət hissəsi ilə gedən piyadanı vurduğunu deyib. E.Məmmədov isə hadisənin baş verməsinin dəqiq səbəblərinin aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacağını deyib. Hadisənin sürücünün ehtiyatsızlığı və ya yüksək sürət ucbatından baş verməsi versiyaları da araşdırılır.

Qeyd edək ki, hadisə mərhum Şəhriyar Hüseynov nişanlısı ilə yol gedərkən baş verib. Bu vaxt yola tərəf olan Şəhriyar maşının zərbəsinə tuş gəlsə də, nişanlısı zərbədən yayına bilib.

Faktla bağlı araşdırmalar davam etdirilir