BolgeXeber.Com » Bölgə » DSMF-nin Ağstafa rayon şöbəsində nöqsanlar aşkarlanıb

DSMF-nin Ağstafa rayon şöbəsində nöqsanlar aşkarlanıb

11-12-2015, 11:51
Oxunub: 945 DSMF-nin Ağstafa rayon şöbəsində nöqsanlar aşkarlanıbHesablama Palatasının növbəti kollegiya iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağstafa rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrası ilə bağlı auditin nəticələri müzakirə edilib

Hesablama Palatasından “APA-Economics”ə verilən məlumata görə, nəzarət obyektinin məcburi dövlət sosial sığorta haqlarının yığılması, pensiya və müavinətlərin təyin edilməsi və ödənilməsi ilə yanaşı, fərdi uçot sisteminin təşkil edilməsi və daxili nəzarət sisteminin fəaliyyəti də araşdırılıb.

Məlumata görə, şöbə tərəfindən gəlirlərin proqnozlaşdırılması prosesində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və eləcə də, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə gəlir potensialı tam nəzərə alınmayıb, bir sıra hallarda hüquqi və fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyaları və pensiyaların hesablanmasında nöqsanlara yol verilib, bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və torpaq mülkiyyətçilərinə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsait müvafiq hesablara daxil edilməyib, debitor borcların bağlanılması ilə bağlı zəruri tədbirlər həyata keçirilməyib.

Daha sonra bir sıra hallarda əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində nöqsanlara yol verildiyi, əlil kimi əmək pensiyasının təyin edilməsi zamanı vətəndaşın faktiki əmək fəaliyyəti ilə məşğul olub-olmaması faktının araşdırılmadığı diqqətə çatdırılıb. Qeyd edilib ki, bir neçə halda uşaqlarına görə sosial müavinət almasına baxmayaraq həmin ailə üzvlərinə görə pensiyanın baza hissəsinə müvafiq əlavələrin də hesablanılması səbəbindən artıq pensiya ödənilib.

Auditor məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi zamanı şöbə ilə yanaşı da bir sıra sığortaedənlər tərəfindən nöqsanlara yol verildiyini, həmin müavinətlərin təyin edilməsi prosesində əksər hallarda sifarişlərin şöbəyə daxil olması və ödənişin həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddətlərə riayət edilmədiyini, nəticədə artıq və əskik müavinət ödənişinə yol verildiyini bildirib.

Daha sonra auditor əldə edilmiş nəticələr əsasında auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq, şöbə tərəfindən gəlir və xərclərin proqnozlaşdırılması prosesində sahibkarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə yığım səviyyəsinin yüksəldilməsi, debitor borcların bağlanması, əmək pensiyalarının və müavinətlərin təyin edilməsi, əlillərə pensiya təyin edilməsi zamanı müvafiq məlumatların toplanması və üzləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib, kollegiya üzvlərinin təklif və iradları dinlənilib, müəyyən olunmuş nöqsanların aradan qaldırılması istiqamətində şöbə tərəfindən həyata keçirilmiş tədbirlər nəzərə alınıb. Kollegiya qərari səsə qoyularaq qəbul edilib.
Bolgexeber.com