BolgeXeber.Com » Bölgə » Şəkidə iş adamının aldatdığı fəhlə intihar edəcəyini deyir

Şəkidə iş adamının aldatdığı fəhlə intihar edəcəyini deyir

17-12-2015, 09:33
Oxunub: 3 454 Şəkidə iş adamının aldatdığı fəhlə intihar edəcəyini deyirNəcəb Piriyev: “Mahir Qarayev mənim adıma firma yaratdı, sonra mənə zəng etdilər ki, 35 min manat borcun var, bu adamlar başıma oyun açır”

Şəki şəhər sakini Nəcəb Məmməd oğlu Piriyev intihar edəcəyini açıqlayıb. Bu haqda “Yeni Müsavat”a N.Piriyev özü məlumat verib. Redaksiyamıza Bakı şəhər prokuroru Əziz Seyidova ünvanladığı məktubun surətini təqdim edən N.Piriyev deyir ki, böyük bizneslə məşğul olan Mahir Qarayev onu aldadaraq borca salıb.

Şəki rayonu, Çayqaraqoyunlu kəndində yaşayan N.Piriyev deyir ki, böyük ailəsi var. Borcla üzləşdiyindən ailəsi dağılmaq üzrədir: “Fəhləlik edərək ailəmi dolandırırdım. Özümə iş axtarırdım, bu məqsədlə 2013-cü ilin əvvəllərində Yevlax şəhərinə gəldim. Eşitdim ki, Yevlax şəhərində bağırsaq sexi açılıb, orada iş tapmaq olar. Həmin sexə getdim, orada Mahir adlı şəxslə görüşdüm. Ona iş axtardığımı dedim. Mahir həmin sexi işlədən şəxs idi. Həmin günü bir neçə saat gözlədim, onlar mənə müsbət cavab verdilər. İşləməyə başladım.

Təxminən 3 ay işləyəndən sonra türk ustalar da ora gəldi. Həmin müddətdə Mahir mənə bildirdi ki, mənim adıma ”Zülkət" MMC adında firma açmaq istəyir. Heç bir problem olmayacaq, maaşın artıq olacaq, gələcəkdə təqaüdün yaxşı olacaq. Mən də işimi itirməmək üçün razılıq verdim. Bu söhbətdən təxminən 2-3 gün sonra Mahir, mən və Razil Bakı şəhərinə gəldik. Mahir bizi bir əraziyə gətirib dedi ki, içəri keçin, sənədləşməni orada aparacaqlar. Mən həmin otağa yaxınlaşdım, Azər adlı oğlana şəxsiyyət vəsiqəmi və Mahirin mənə verdiyi 250 manat pulu verdim, ona bildirdim ki, MMC-nin adı “Zülkət” olacaq. Azər dedi ki, 2-3 gündən sonra gəlib sənədləri götürərsən. 3 gündən sonra biz gəlib sənədləri götürdük. Sonra işimizi eyni qaydada davam etdirdik. Təxminən bir ay sonra evimdə xəstə olduğu üçün 2 gün işə gəlmədim, həmin müddətdə eşitdim ki, orada işləyən türkləri polislər Bakı şəhərinə aparıblar. Sonra mənim adıma bildiriş gəldi və qeyd olunmuşdu ki, Miqrasiya Xidmətinə getməliyəm. Həmin yeri tanımadığım üçün Razildən xahiş etdim ki, məni ora aparsın, o da apardı. Şəxsiyyət vəsiqəmi orada işləyən şəxslərdən birinə təqdim etdim, onlar baxıb dedilər ki, adıma 35 min manat cərimə var, onu ödəməlisən. Razilə dedim ki, Mahiri çağır, bu məsələni aydınlaşdırsın. Mahir ora gəldi, ona dedim ki, cəriməni dərhal ödəyin, çeki də mənə verin".

H.Piriyev həmin gün evinə gedib, 1 həftə sonra Miqrasiya Xidmətindən yenidən məktub alıb: “Bütün ailəmi götürüb bir də Bakı şəhərinə gəldim, Bakıdakı qohumlarım da bizimlə birlikdə yığışıb müzakirə etdik. Mahiri görüşə çağırdıq. Mahir gələndən sonra ona bildirdik ki, kasıb adamam, mənim adımdan pul qazanmısan, cəriməni niyə ödəmirsən? Mahir mənə bildirdi ki, qardaşı Rafaelə deyəcək və Miqrasiya Xidmətinə tapşıracaq ki, bu məsələ həll olunsun. Bu günə qədər də həmin cəriməni ödəmir, ödəməkdən boyun qaçırır. Bu səbəbdən mən hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişəm. Belə ki, Mahir və qardaşı Rəfael adımdan istifadə edib külli miqdarda pul qazanıb, hazırda mən kasıb adam Miqrasiya Xidməti qarşısında pis vəziyyətə qalmışam. Onlar əlbir olub mənə qarşı cinayət törədiblər. Onların qanunsuz hərəkətləri nəticəsində mənə külli miqdarda zərər dəyib. Həmin zərərin əziyyətini mən neçə illərdir çəkirəm. Kənd yerində ailəmi dolandırmaq üçün fermer təsərrüfatı ilə məşğul olmaq istəmişəm, bu barədə kredit təşkilatlarına pul götürmək üçün müraciət etməyimə baxmayaraq mənim adıma külli miqdarda cərimə olduğu üçün pul verməkdən imtina edirlər. Bununla əlaqədar borcun içindəyəm, hazırda ailəmi dolandıra bilmirəm”.

Fəhlə hər iki qardaşın saxlanılaraq istintaqa cəlb edilmələrini xahiş edib.



P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.