BolgeXeber.Com » Bölgə » Bacısı qızını bıçaqlayan şəxs azadlıqda gəzir

Bacısı qızını bıçaqlayan şəxs azadlıqda gəzir

24-05-2012, 15:55
Oxunub: 4 622 Arzu Süleymanovanı ölümcül hala salan Aslan Quliyev yerli icra nümayəndəsinə arxalandığını deyir

Mayın 17-də saat 13:15 radələrində Bərdə rayonu, Saatlı kənd sakini Aygün Arzu qızı Süleymanova öz mənzilində dayısı Aslan Novruz oğlu Quliyev tərəfindən bıçaqlanaraq, ağır xəsarət alıb. Bu barədə Bolgexeber.com-a məlumatı İnsan Hüquq və Azadlıqlarını Müdafiə Təşkilatının sədri Rasim Əlizadə verib.

Rasim Əlizadə bildirib ki, Arzu Süleymanova göz və qaş nahiyələrindən bıçaq zərbələri alıb. Hal-hazırda isə Bərdə şəhəri Kliniki Xəstəxanasının travmatalogiya şöbəsində müalicə olunur.
Hüquq müdafiəçisi bildirir ki, Arzu Süleymanovanı bıçaqlayan dayısı Aslan Quliyev əvvəllər də ona və ailə üzvlərinə müxtəlif dərəcəli xəsarətlər yetirib. Belə ki, A.Quliyev 2004-cü ildə bacısı Əzizə Quliyevanı döydüyü üçün inzibati cəza alıb. «O, 29.10.2011-ci ildə də bacısı qızı A.Süleymanovanı döyərək, yenidən inzibati cəza alıb».

Məlumatda qeyd olunur ki, 2 azyaşlı uşaq anası, ali təhsilli Arzu Süleymanova «Xalq Həqiqəti» qəzetinin parlament müxbiridir və hazırda analıq məzunuyyətindədir. «Arzunun dediyinə görə, dayısı dəfələrlə etiraf edib ki, Bərdə şəhəri, Saatlı kəndi icra nümayəndəsi Məhərrəm Nərimanov onun arxasında dayanıb, ona havadarlıq edir».

İşin ən maraqlı tərəfi isə hadisəni törədən A.Quliyev hələ də cəzasız qalmasıdır. Belə ki, hadisə baş verən gün bıçaqlanması ilə əlaqədar A.Süleymanova DİN-in 102 xidmətinə müraciət edib. «Eyni zamanda yerli rayon prokuroru Rəhim Əliyevin mobil telefonuna (050- 317 00 41) zəng edib və baş vermiş hadisəni şəxsən izah etsə də, heç bir köməklik göstərməyiblər. İki saat qanaxma ilə hadisə yerində qaldıqdan sonra təcili tibbi yardım xidməti ilə, xəstəxanaya yerləşdirilib».

Rasim Əlizadə qeyd edir ki, cinayət hadisəsini törətməsinə baxmayaraq, A.Quliyev azadlıqda gəzir. Onun barəsində heç bir tədbir görülmədiyini deyən hüquq müdafiəçisi vurğulayıb ki, hadisəni törədən şəxs A.Süleymanovaya məxsus mənzildə, yaşlı anasına və iki azyaşlı uşaqlarına qarşı zorakılıq edərək, heç nə etməmiş kimi sərbəst yaşayır. «Görəsən, A.Quliyev daha hansı ağır cinayət hərəkətinə yol verməlidir ki, onun barəsində qəti həbs imkan tədbiri seçilsin?»

Bununla bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və DİN başçısı Ramil Usubova müraciət edən hüquq müdafiəçisi vurğulayır ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, A.Süleymanovanın və ailə üzvlərinin hüquqlarının qorunmasına, təhlükəsizliklərinin təmin edilməsinə, A.Quliyevin barəsində qəti həbs imkan tədbiri seçilməsinə və cəzalandırılması üçün obyektiv istintaq hərəkətlərinin həyata keçirilməsinə, müraciətdə qeyd olunan bütün halların araşdırılmasına dair göstəriş vermələrini xahiş edir.