BolgeXeber.Com » Bölgə » Masallıya nəzarət uğrunda yeni dava başlayir

Masallıya nəzarət uğrunda yeni dava başlayir

3-07-2012, 14:05
Oxunub: 4 675 Kimlər rayonun Mehdiyevin kurasiyasina keçməsi ilə barişmir?

Bu ilin aprel ayının 14-də Masallıya icra başçısı göndərilən Rafil Hüseynov da deyəsən, yerli sakinlərdə narazılığa səbəb olub. Artıq bu barədə rayondakı qaynaqlardan məlumatlar almışıq. Amma bildirək ki, bu işdə kənar müdaxilələrin olması haqda da versiyalar səsləndirilir.

Xatırladaq ki, Masallının əvvəlki icra başçısı Qəzənfər Ağayevə qarşı bir zamanlar rayonda böyük hərəkətlənmə var idi. Hətta icra başçısına etiraz olaraq onlarla rayon sakini aclıq aksiyası da keçirdilər. Doğrudur, bu işdə hazırda Daşkəsən rayonuna rəhbərlik edən, keçmiş deputat Əhəd Abıyevin əlinin olduğu da iddia olunurdu. Çünki Əhəd Abıyevlə Qəzənfər Ağayev uzun müddət idi ki, bir-birilərinə qarşı kampaniyaya aparırdılar və hətta bu məsələnin dəfələrlə hakimiyyətin üst qurumlarında müzakirə olunduğu da söylənilirdi. Amma birbaşa olaraq bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə güvənən Qəzənfər Ağayevlə baş etmək Bəylər Əyyubovun adamı kimi tanınan Əhəd Abıyev üçün çox çətin oldu.

Qeyd etdiyimiz kimi, nəhayətdə Qəzənfər Ağayev Masallıdan Astara rayon icra hakimiyyətinə başçı göndərildi və bununla da məsələlər, yəni Əhəd Abıyevlə Qəzənfər Ağayevin arsındaı hüsumata son qoyuldu. Çünki onların ədavəti məhz Masallıya nəzarət uğrunda davadan qaynaqlanırdı. Rayon ərazisində böyük dayaqlara malik olan Əhəd Abıyev sabiq icra başçısı ilə maraqlarının toqquşması səbəbindən onunla açıq düşmənçilik müstəvisində döyüşürdü.

Rayondakı qaynaqlardan Dia.az-a verilən məlumatlarda deyilir ki, indi də Əhəd Abıyev yeni icra başçısı ilə toqquşmalı olub. Bildirək ki, yeni icra başçısı bir zamanlar Prezident administrasiyasında Ağcabədi rayonu üzərə kurator vəzifəsini tutub və onun Masallıya başçı gətirilməsində birbaşa olaraq PA rəhbəri Ramiz Mehdiyevin iradəsinin xüsusi rol oynadığı söylənilir. Yəni Şeyxlə Bəylər Əyyubovun Masallıya nəzarət uğrunda apardıqları mübarizədən Ramiz Mehdiyev qalib kimi ayrılıb.

Amma bununla barışmayan Əhəd Abıyev Rafil Hüseynovla da yola getməyəcəyini anladığından yeni başçıya qarşı rayon daxilində qiyam hazırlamaqla məşğuldur. Məlumatı verən mənbə bildirir ki, «Əhəd Abıyevin adamları» kimi tanınan rayondakı qruplar artıq çayxanalarda Rafil Hüseynovun əleyhinə təbliğat aparır, hər yerdə onun yarıtmaz icra başçısı olması qənaətini formalaşdırmağa çalışırlar. Məlumatlara görə, artıq bu təbliğatdan xəbər tutan başçının göstərişi ilə rayonun yerli hüquq-mühafizə orqanları hətta bir neçə Masallı sakininə müvafiq xəbərdarlığı da ediblər.

Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq…