BolgeXeber.Com » Bölgə » Füzulinin hərbi komissarı barədə şok faktlar

Füzulinin hərbi komissarı barədə şok faktlar

15-07-2012, 11:25
Oxunub: 3 905 Keçmiş işçiləri Arif Həsənovu ifşa etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin iki sabiq əməkdaşı - Hüseynov Ramil Teymur oğlu və Hüseynov Zülfüqar Adışirin oğlu “Azadlıq” qəzetinə müraciət ünvanlayıb. Bolgexeber.com bu müraciətin maraqlı olduğunu nəzərə alaraq oxuuculara təqdim edir. Onların müraciətində şöbənin rəisi vəzifəsinin icraçısı polkvonik-leytenant Arif Həsənovun qanunsuz əməllərindən bəhs edilir. Ramil Hüseynovla Zülfüqar Hüseynov yazır ki, onlar şöbənin 4-cü bölməsində köməkçi və müfəttiş vəzifələrində çalışıblar. Bu ilin iyulun 9-da işdən çıxarılıblar. Şöbənin sabiq əməkdaşlarının sözlərinə görə, Arif Həsənov onlara göz verib işıq vermirmiş: “Arif Həsənov işlədiyimiz dövrdə bizim və digər işçilərin funksional vəzifələrini əmrləşdirmir, yəni bizim və digər işçilərin vəzifələrinin nədən ibarət olduğunu bilmirdi.

Bundan başqa Arif Həsənovun göstərişinə əsasən bizim əvəzimizə bölməyə aid olmayan şəxslər işlədilib. Arif Həsənov həmin şəxslərlə əlbir olaraq Füzuli sakinlərindən rüşvət alaraq özünün sərvətini və pulunu artırıb. Biz bu hərəkətlərə etiraz edən zaman Arif Həsənovun göstərişilə oturduğumuz otağın qapısının kilidi dəyişdirilib. Biz otağa buraxılmamışıq.

Arif Həsənovun bu addımının səbəbi bəllidir. Məsələ burasındadır ki, təkrar tibbi müayinədən keçməli ehtiyatda olan hərbi vəzifəlilərdən (çağırışçılardan) və hərbi xidmətdən yayındırdığı çağırışçılardan alınan rüşvətin əhəmiyyətli hissəsi Arif Həsənova, həkim komissiyasının sədrinə çatır, cüzi hissəsi isə yuxarıda qeyd etdiyimiz bölməyə aid olmayan şəxslərə verilir".

Ramil Hüseynovla Zülfüqar Hüseynov daha sonra Arif Həsənovun “təkrar tibbi müayinə qaydaları”ndan bəhs edib: “Sirr deyil ki, ehtiyatda olan hərbi vəzifəlilərin(çağırışçıların) təkrar tibbi müayinədən keçməsi üçün şöbədə əmrlə komissiya yaradılır. Komissiyanın iş cədvəli, şöbə üzrə təkrar tibbi müayinədən keçməli ehtiyatda olan hərbi vəzifəlilərin (çağırışçıların) adlı siyahısı və protokol kitabı yaradılır. Adlı siyahı, protokol kitabı və tibbi sənədlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rayon şöbələrinin müvafiq bölmələrində, bizdə isə 4-cü bölmədə saxlanılır. Lakin biz işdən çıxan günə qədər şöbədə əmrlə komissiya yaradılmayıb, iş cədvəli və təkrar tibbi müayinədən keçməli ehtiyatda olan hərbi vəzifəlilərin (çağırışçıların) 2011-2012-ci illər adlı siyahısı mövcud olmayıb. Müayinədən keçməli olan şəxslər həkim komissiyası üzvləri olmadan komissiyadan keçiblər. Həkim komissiyasının sədri özünün dediyinə görə, çantasında Füzuli rayon Mərkəzi Xəstəxanası, Horadiz şəhər Xəstəxanası, Füzuli rayon Poliklinikası və məntəqə tipli Füzuli rayon ”Qayıdış" Xəstəxanasının möhürləri vurulmuş çoxlu sayda aktlar var. Elə buna görə də həkim komissiyasının sədri xəstəxanada fəaliyyət göstərmir, bütün günü şöbədə olur. Bundan başqa 2011-2012-ci illərdə təkrar tibbi komissiyadan keçən şəxslər şöbədə həkim tərəfindən yoxalınlmır, 300 manat pul verdikləri halda isə xəstəxanalara göndərilmir. Sadəcə həkim komissiyasının sədri tərəfindən göndəriş yazılır və bu sənədi Arif Həsənov imzalayaraq möhürləyir. Bundan sonra komissiya sədrinin evində həmin şəxslərə sağlamlığının vəziyyəti haqqında ağ aktların biri tərtib edilir, baş həkimin və müalicə həkiminin əvəzinə imza atılır, vətəndaşların tibbi şəhadətləndirməsi tərtib edilir və bütün həkimlərin əvəzinə müxtəlif qələmlərlə imza atılaraq protokoldan keçirilir. Protokol kitabına isə həkimlərin və şöbə nümayəndəsinin əvəzinə Arif Həsənovun özü imza atır. Sənədlər heç kimə göstərilmir. Son vaxtlar bu sənədlər komissiya sədrinin evində saxlanılırdı".

Müraciət müəllifləri əlavə edib ki, müddətli həqiqi hərbi çağırılan çağırışçılar da eyni qaydada komissiyadan keçirlər. Ramil Hüseynovla Zülfüqar Hüseynov bu faktları ictimaiyyətin diqqətinə çatdırmaqla "Arif Həsənov və onun cinayət ortaqları barədə müvafiq tədbir görülməsini" tələb edirlər.

Deyilənlərlə bağlı Arif Həsənovun münasibətini öyrənməyə çalışdıq. Lakin şöbə rəisi telefon zənglərimizə cavab vermədi.