BolgeXeber.Com » Bölgə » Lerikdə xəzinə tapıldı

Lerikdə xəzinə tapıldı

29-07-2012, 21:30
Oxunub: 4 944 Lerikdə 125 min illik tarixi xəzinə tapıldı

Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit arxeoloji ekspedisiyası bir aya yaxındır Lerikin Zuvandçay vadisinin sol sahilindəki Zuvandçay paleolit düşərgəsində dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşən və 600 kvadrat metrlik yaşayış sahəsi olan ərazidə arxeoloji qazıntılar aparır.

Ekspedisiyanın rəisi, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun Lerikdə, eləcə də respublikanın digər ərazilərində aparılan arxeoloji qazıntılardan əsas məqsəd Azərbaycan ərazisində daş dövrü üzrə elmi tədqiqat aparmaqla, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini öyrənməkdən ibarətdir: “Azərbaycanın cənub ərazisində aparılan tədqiqatlar zamanı məlum olub ki, bu yerlər hələ ən qədim zamanlardan ibtidai insanların məskunlaşması üçün əlverişli təbii – coğrafi şəraitə malik olub. Lakin 1985-ci ilə qədər bu ərazilərdə aparılan tədqiqatlar zamanı paleolit dövrünə aid sənədləşdirilmiş, yəni zəngin stratiqrafiyaya malik düşərgələr qeydə alınmayıb. Bu da təəssüf hissi doğururdu. Çünki bu ərazidə uzun müddət aparılan tədqiqatlar zamanı eneolit, tunc, dəmir, antik, orta əsrlər arxeologiyasına aid zəngin maddi-mədəniyyət qalıqları üzə çıxarılıb. Bunu nəzərə alan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 1985-ci ildən etibarən bu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasına qərar verib. O vaxtdan bu günə kimi aparılan tədqiqatlar zamanı burada dəyərli arxeoloji və paleontoloji materiallar tapılıb”.
Ekspedisiya tərəfindən aşkarlanmış müxtəlif növ maddi-mədəniyyət nümunələri bu yerlərdə insanların mustey mədəniyyətinin ilk vaxtlarından-yəni ən azı 125 min il bundan əvvəldən məskunlaşaraq yaşadıqlarını göstərir. Ə. Cəfərov rəhbərlik etdiyi ekspedisiyanın hələ bir müddət Lerik rayonu ərazisində tədqiqat işlərini davam etdirəcəyini, tapılmış maddi-mədəniyyət nümunələrinin isə Bakıya aparılaraq müayinə ediləcəyini bildirib.