BolgeXeber.Com » Bölgə » Hansı rayonda Quba üsyanı təkrarlana bilər?

Hansı rayonda Quba üsyanı təkrarlana bilər?

14-08-2012, 14:40
Oxunub: 4 526 Hazırlıq getdiyi deyilir, amma konkret ünvan göstərilmir

Bu ilin martında Quba rayonunda baş vermiş məlum hadisədən sonra ölkədə vəziyyət qismən sabitləşib. May ayında müxalifətin keçirdiyi aksiyalardan başqa, heç bir əhəmiyyətli olayın baş verməməsi isə belə bir təsəvvür yaradıb ki, siyasi proseslərin aktivliyi seçkilər ərəfəsində özünü göstərəcək.

JAM.AZ xəbər verir ki, bu düşüncələr əksəriyyətdə hakim olduğu bir vaxtda, yeni-yeni xəbərlər yayılmağa başlayıb. Yayılan xəbərlərə görə, rayonlardan birində növbəti Quba hadisəsi təkrarlanacaq. Həmin rayonda vəziyyətin həddindən artıq ağır olduğu və təşkilatlanma işinin artıq pik həddə olduğu deyilir. Lakin cəhdlərimizə baxmayaraq, qeyd olunan məntəqənin adını dəqiqləşdirə bilməmişik.

Bununla bağlı müraciət etdiyimiz müşahidəçilər isə deyirlər ki, payıza doğru ölkədə siyasi proseslər aktivləşəcək və belə bir halın baş verməsi mümkündür. Onların sözlərinə görə, yerli icra başçılarının özbaşınalıqları və korrupsiyanın tuğyan etdiyi rayonlarda Quba hadisələrinin təkrarlanmasını gözləmək olar və bunun istənilən bir rayonda baş verməsi real görünür.

Bəzi müşahidəçilər isə vurğulayırlar ki, Quba hadisələrinin istənilən bir rayonda yenidən təkrarlanması hakimiyyət üçün çox ağır bir prosesin başlanması anlamına gəlir. Onlar deyirlər ki, məlum mart olaylarından sonra nəticə çıxarmayan iqtidar ikinci zərbədən sonra çıxılmaz vəziyyətə düşə bilər. Lakin bunun üçün həmin hadisələrin yekununun Quba olaylarında olduğu kimi olmaması şərti mövcuddur.